“Mənə olan sevginə nöqtə qoya bilərsən?”-Leyla Əliyeva
Tarix: 11-11-2014 22:33
Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Mənə olan sevginə nöqtə qoya bilərsən?” adlı şeiri oxucuların ixtiyarına veririk.
(Ты меня можешь разлюбить?)
“Mənə olan sevginə
nöqtə qoya bilərsən?” –
Sükutun dili ilə
soruşdum sevgilimdən.
Yəqin ki, ayrılıqdan
ölməzsən... –
Kim ölüb kim.?!
Qəlbinin acısına,
azacıq nəşə qatıb
həyatına eləcə,
davam eləyəcəksən...
Ölən gününə qədər
bunu bir dərd eyləyib
xiffətmi çəkəcəksən? –
Ya da unudacaqsan –
Bir ilə, iki ilə...
Cızdığın üz cizgimi,
pozacaqsan kağızdan,
ya da ki, rənglər qatıb,
gətirəcəksən cana?
Sən məni ürəyindən
silə bilərsən,
əlbət;
Günün qürub çağında
axtarmarsan da xəlvət...
Beləcə davam edək:
Danışma, dilə gəlmə...
Ağzından çıxan sözün,
Yolu yoxdur geriyə.
Əlbət, bacaracaqsan,
bunu hamı bacarar;
Zaman da nəfəsini
asanca oğurlayar...
Gün üzündə sən məni,
Itirməklə, sevgilim,
yuxularda ruhuma
yenə də sənsən hakim...
Sən məni unuda bilərsən, əlbət,
Görüm olmaz olsun belə xasiyyət..!
Kədəri mən sənə öyrətdim, fəqət,
Sən qüssədə qaldın, etdim cinayət...
Burda tək günahkar özüməm... özüm...
Bağışlayacaqsan – mən inanıram
Zəif ürəkləri mən qıra-qıra
Qəlbimdə qəlpələr toplayacağam...
Mənə olan sevginə,
nöqtə qoya bilərsən.
Əlbəttə, bacararsan –
Bir sirri açdım sənə –
İnam dolu bir sirri:
Ruhunu tərk etmirəm..!
Nə qədər ki, mən özüm
Özümü dərk edirəm –
orada əbədiyəm...
Tərcümə edəni: Mahir Qabiloğlu
Seçilmişlər
Ən çox oxunanlar