"Konstitusiya və Suverenlik İli"
Tarix: 07-10-2025 10:43

Azərbaycan xalqının Vətən müharibəsində qələbəsinin 5-ci ildönümü, müstəqil dövlət üçün əsas şərtlərdən olan suverenliyin bərpa edilməsi, 30 il əvvəl ilk Konstitusiyanın qəbulunun ölkənin müstəqillik tarixinin mühüm hadisələrindən biri kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edilib.
Müstəqillik və suverenlik millətlərin sahib ola biləcəyi ən qiymətli sərvətdir. Hər bir millətin müstəqillik salnaməsi və suverenlik yolu məhz onun malik olduğu dövlətçilik ənənələrindən, azadlıq düşüncəsindən, milli-mənəvi irsindən, tarixi keçmişindən və intellektual potensialından asılı olaraq əldə edilir və yaşadılır. Azərbaycan xalqı tarix boyu müstəqillik uğrunda və öz suverenliyini qorumaq üçün müxtəlif mübarizələr aparmışdır. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət mövcud olmasına baxmayaraq, xalqımızın dövlətçilik iradəsini nümayiş etdirərək öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi. Lakin bolşevik işğalı nəticəsində bu müstəqillik və suverenlik cəmi 23 ay davam etdi və 70 il ərzində Azərbaycan SSRİ-nin tərkibində qaldı.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı, Azərbaycanın müstəqilliyinin qorunmasında və suveren dövlət kimi formalaşmasında həlledici rol oynadı. Dahi şəxsiyyətin əsasını qoyub həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə etibarı gücləndirildi, beynəlxalq əlaqələr möhkəmləndirildi, ölkədə siyasi sabitlik təmin edildi, hüquqi və iqtisadi islahatlar aparıldı, hüquqi dövlət quruculuğu yolunda ən mühüm addımlardan biri atıldı. Ümummilli Lider yeni Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlamağı tövsiyə edərək deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”. Yaradılmış komissiya tərəfindən çox qısa bir müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, Azərbaycan Respublikasının Konstitusiyasının layihəsi hazırlanıb 1995-ci il oktyabrın 15-də ictimai müzakirəyə təqdim olundu. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək preambulasında təsbit olunmuş – Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərlə ümumxalq səsverməsi – referendum yolu, 94,5 faiz səs çoxluğu ilə ilk milli Konstitusiyasını qəbul etmişdir.
Konstitusiya, həmçinin, suverenlik anlayışını əsas prinsip kimi təsbit edərək məhz ön sırada – Əsas Qanunun 2-ci maddəsində əks etdirərək Azərbaycanın daxili və xarici siyasətdə müstəqil qərarlar qəbul etməsini təmin edən hüquqi çərçivə yaratmışdır.
Dövlətin suverenliyi dövlət hakimiyyətinin vahidliyində və aliliyində, onun orqanlarının hüquqi aktlarının bütün hüquqi və fiziki şəxslər üçün məcburi xarakter daşımasında ifadə olunur. Dövlətin suverenliyi də hədsiz deyil, o, xarici münasibətlərdə beynəlxalq hüququn hamılıqla tanınmış norma və qaydaları, daxili münasibətlərdə isə qanunlarla məhdudlaşır. Xalqın suverenliyi hakimiyyətin mənbəyinin xalqa məxsusluğu prinsipindən irəli gələrək öz təzahürünü xalqın referendumda və seçkilərdə iştirakı və bu yolla hakimiyyəti təşkil etməsində tapır.
Düşüncə tariximizdə dönüş nöqtəsi olan Vətən müharibəsində qələbədən, suverenliyin tam bərqərar edilməsindən sonra 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması əslində suverenlik, ərazi bütövlüyü və Əsas Qanunda nəzərdə tutulan prinsipləri fərd olaraq hər birimizin daha dərindən dərk etməsi, bu dəyərlər uğrunda şücaət göstərmiş, mübarizə aparmış şəxslərin xatırlanması və bu dəyərlərin qorunması üçün üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirmək məqsədilə verilmiş göstəriş kimi qəbul edilir.
"Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilən tədbirlər cəmiyyətimizdə həmrəyliyi daha da artıracaq, yeni hüquqi, iqtisadi prioritetlərin dəqiqləşdirilməsi, konstitusion dəyərlərin yeni qlobal çağırışlar əsasında realizəsinin təmin edilməsi baxımından faydalı olacaqdır.
Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi təminatı, dövlət quruculuğunun əsas hüquqi bazası, suverenliyimiz isə dövlətimizin gücünün rəmzidir. Qəhrəman Azərbaycan Ordusunun qanı, canı bahasına əldə edilmiş müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz əbədi olsun!
Ağstafa rayon Statistika İdarəsinin rəisi Feyruz Həsənov
Seçilmişlər
Ən çox oxunanlar