Statistika göstəriciləri ölkəmizin daha uğurlu gələcəyinə əminlik yaradır
Tarix: 14-11-2025 15:08

Gündəlik həyatımızda baş verən hadisələrin say və mahiyyət etibarı ilə dəyişməsi, informasiya çoxluğu, yer kürəsində yaşayan canlıların sayının sürətlə artması məhz statistikanın olduqca vacib və əhəmiyyətli olduğunu göstərir.
Bildiyimiz kimi statistika, məlumatların toplanması, təhlili, şərh edilməsi və bu məlumatlardan mənalı nəticələr çıxarılması ilə məşğul olan bir elmdir. Qeyd etməliyəm ki, bu sahəyə aid olan ixtisaslar da tələbələrə həm nəzəri, həm də praktiki biliklər öyrədir. Bu gün statistika termini üç mənada işlədilir. İlk növbədə statistika dedikdə cəmiyyətin xüsusi praktiki fəaliyyət sahəsi başa düşülür. Hansı ki, bu fəaliyyət sosial-iqtisadi inkişaf səviyyəsini əks etdirən məlumatların toplanması, işlənməsi və təhlilinə istiqamətlənmişdir. İkincisi, statistika təcrübəsində istifadə olunan nəzəri fikirlərin və metodların işlənməsi ilə məşğul olan elm sahəsi statistika adlandırılır. Bəzən müxtəlif hesabatlarda əks etdirilən, dövri mətbuatda və külliyyatlarda dərc edilən statistik məlumatlar da statistika adlandırılır. Ücüncüsü isə yaşadığımız məkanın və eləcə də zamanın fərqi olmadan statistika hadisələrin kəmiyyət tərəfini onların keyfiyyət məzmunundan ayrılmaz surətdə öyrənir. İstər riyazi, istər siyasi hansısa bir istənilən sahə ilə bağlı əldə olunan statistik göstərici bizim maraqlı olduğumuz hadisənin xassəsinin (xüsusiyyətinin) kəmiyyətcə qiymətləndirilməsidir. Bir sözlə deyə bilərik ki, sözügedən elm məhz statistik göstəricilərin köməyi ilə öyrənilən hadisələrin həcmini, onların xüsusiyyətlərini, inkişafın qanunauyğunluqlarını xarakterizə edir.
Statistikanın məlum olduğu kimi ümumi nəzəriyyəsi, iqtisadi statistika və sahələri, sosial statistika və sahələri kimi tərkib hissələri mövcuddur. Təbii ki, bunların içərisində birbaşa bizim həyatımızla bağlı olan sosial statistikadır. Çünki burada əhalinin yaşam tərzi, siyasət, hüquq, elm, tibb, mədəniyyət və digər vacib məsələlər öyrənilir, hərtərəfli təhlil edilir. Statistikada sadəcə olaraq, 50, 100, 500 və i. a. rəqəmləri yoxdur. Statistika elmində rəqəmlər adlı, həmçinin müəyyən məkan və vaxta aid olurlar. Bu mənada statistika riyaziyyatdan tamamilə fərqlənir.
Xüsusilə qeyd etmək lazımdır ki, 1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti ümumi lideri Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş "Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikasında təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin Dövlət reyestrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qeyd edilmişdir.
Bu fakt isə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin bütün sahələrə olduğu kimi statistika sahəsinə də olan xüsusi diqqətinin bariz nümunəsidir. Azərbaycanda bu gün statistika sahəsi ilə bağlı fəaliyyət göstərən qurum Dövlət Statistika Komitəsidir. Komitə Aparatdan və yerli idarələrdən ibarətdir. Dahi şəxsiyyət Heydər Əliyevin "Dövlət Statistika Komitəsi əsas orqanlardan biridir" məşhur kəlamı Dövlət Statistika Komitəsinə verilən dəyərin bariz nümunəsidir.
Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi altında Azərbaycan böyük inkişaf yolu keçir. Bütün sahələrdəki tərəqqi və inkişaf ölkə üzrə statistik göstəriciləri bizim üçün ürəkaçan edir. Qürur hissi ilə qeyd etməliyəm ki, ölkəmizin tarixində indiyədək baş vermiş ən şərəfli, qürurlu və şanlı tarix, həmçinin real statistik nəticə İkinci Qarabağ Müharibəsi zamanı yenilməz Azərbaycan Ordusunun əldə etdiyi parlaq Qələbə idi.
Hazırda doğma Qarabağda və ətraf digər əzəli yurdumuzda Prezident İlham Əliyevin peşəkar rəhbərliyi ilə “Böyük Qayıdış” proqramları uğurla icra olunur. Vaxtilə öz dədə-baba yurdlarından didərgin düşən həmvətənlərimiz öz doğma elinə-obasına böyük coşqu və sevgi hissi ilə qayıdırlar. Biz öz tariximizlə, dövlətimizlə, Prezident-Xalq-Ordu Birliyinin əldə etdiyi parlaq Zəfərlə fəxr edirik.
Müstəqillik illərində olduğu kimi bu gün də iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi və onun beynəlxalq statistika standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzindədir. Ötən illər ərzində 5 Dövlət Proqramı (1993-1997, 1998-2002, 2003-2007, 2008-2012-ci, 2013-2017-ci illəri əhatə edən) yerinə yetirilmiş, sonuncu, 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və onun yerinə yetirilməsinə başlanmışdır. “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət proqramı”nın 5.1.2.9-cu bəndinə əsasən 2025-ci ilin 15 iyul-15 avqust tarixlərində Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınması, 2025-ci il 24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu kecirilmişdir.
Ölkəmizdəki bütün göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan möhtərəm Prezidentimizin müdrik siyasəti ilə uğurlu inkişaf yolu keçir və firavan gələcəyə doğru inamla, ilhamla addımlayır.
Hazırladı,
Yevlax Şəhər Statistika
İdarəsinin rəisi Saleh Cəfərov
Seçilmişlər
Ən çox oxunanlar








.jpg)




















