20 oktyabr Ümumdünya Statistika Günüdür
Tarix: 16-10-2025 10:58

Birləşmiş Millətlər Təşkilatının Statistika Komissiyasının 2025-ci il 4-7 mart tarixlərində keçirilmiş 56-cı sessiyasında Ümumdünya Statistika Günü ilə bağlı BMT Baş katibinin məruzəsi təqdim olunaraq bu əlamətdar günün beynəlxalq, milli və regional səviyyədə "Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək" şüarı altında keçirilməsi qərara alınmışdır. Bu günün qeyd olunmasında əsas məqsəd statistikanın keyfiyyətinin və hər kəs üçün əlçatanlığının dayanıqlı inkişaf və sosial dəyişikliklər üçün əsas hərəkətverici qüvvə olmasından və müasir qloballaşma dövründə statistikanın rolunu və əhəmiyyətini bütün rəsmi statistika istehsalçılarına, statistik məlumat istifadəçiləri də daxil olmaqla, vətəndaş cəmiyyətlərinə çatdırmaqdan ibarətdir.
Ölkəmizdə Ümumdünya Statistika Gününün qeyd olunması ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 2025-ci ilin 24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu və Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 73-cü iclası keçirilib, iclasın yekunlarına dair Kommunike qəbul edilib.
Mötəbər beynəlxalq tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib, Ümumdünya Statistika Günü ərəfəsində keçirilən Forumun dövlətimizin beynəlxalq imicinin möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, habelə Azərbaycanın sosial-iqtisadi, mədəni və siyasi sahələrdə əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Bağlanış mərasimində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov və MDB Dövlətlərarası Statistika Komitəsinin sədri cənab Konstantin Laykam çıxış edərək 3-cü Beynəlxalq Statistika Forumunun mühüm platforma kimi dünya ölkələrinin statistik sistemlərinin modernləşdirilməsi, müasir texnologiyaların tətbiqi, qarşılıqlı fikir və təcrübə mübadiləsi yolu ilə beynəlxalq səviyyədə vahid yanaşmaların formalaşdırılması və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
“Ümumdünya statistika gününün qeyd edilməsinə dair Tədbirlər planı”nın 3-cü bəndinin icrası olaraq gənclər arasında statistikaya marağın artırılması, onlar arasında statistik biliklərə malik istedadlı gənclərin aşkar edilərək həvəsləndirilməsi məqsədilə yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında statistik olimpiadanın keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmışdır.
Statistika qədim dövrlərdən bəri mövcuddur. İlk statistika fəaliyyətləri əsasən siyahıyaalınma və qeydiyyat xarakteri daşımış, dövlət ehtiyacları üçün əhali, torpaq, vergi və hərbi resursların hesablanmasına xidmət etmişdir. Məsələn, Çində eramızdan 2000 il əvvəl əhali siyahıyaalınmaları aparılmış, Qədim Romada və Misirdə vergi məqsədilə qeydlər aparılmışdır. Müasir elmi statistikanın əsası XVI-XVII əsrlərdə qoyulmuşdur.
Azərbaycanda müasir dövlət statistika orqanının əsası 1920-ci ildə qoyulmuşdur. BMT-nin Baş Assambleyasının 64/267 nömrəli qətnaməsinə əsasən 2010-cu il oktyabr ayının 20-si “Ümumdünya Statistika Günü” elan edilmiş və bu günün hər 5 ildən bir qeyd olunması tövsiyə edilmişdir. Azərbaycan statistikasının yubiley illəri 1920-ci ildən hesablamaqla 90, 95, 100 və 105 illikləri hər beş ildən bir təkrarlanır. Ümumdünya Statistika Gününün qeyd olunduğu hər bir il 2010, 2015, 2020, 2025-ci illər Azərbaycan Respublikasının rəsmi statistika sisteminin yaranmasının yubiley illəri ilə tamamilə üst-üstə düşmüşdür. Bu, Azərbaycan Statistika Komitəsi üçün həm milli, həm də beynəlxalq səviyyədə statistika sahəsindəki nailiyyətləri qeyd etmək üçün əlavə bir fürsət yaratmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə statistiklərinin yaddaşına həkk olunmuş "Dövlət Statistika Komitəsi əsas orqanlardan biridir" məşhur kəlamı Dövlət Statistika Komitəsinə verilən qiymətin bariz nümunəsidir. Uzun inkişaf yolu keçmiş statistika sisteminin inkişafı məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə, müstəqilliyin ilk illərində milli statistika sisteminin fəaliyyətini tənzimləyən əsas hüquqi baza – "Rəsmi Statistika Haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun statistika orqanlarının müstəqilliyini, peşəkarlığını və məlumatların etibarlılığını təmin etmək üçün zəmin yaratmışdır. Ümummilli Liderin göstərişi ilə Azərbaycan statistikası tədricən BMT, Avrostat və digər beynəlxalq təşkilatların qəbul etdiyi standartlara və metodologiyalara (xüsusilə Milli Hesablar Sistemi - MHS) inteqrasiya etmişdir. Bu, Azərbaycanın iqtisadi göstəricilərinin dünya miqyasında müqayisəli olmasını təmin etmişdir. Ümummilli lider Heydər Əliyev rəsmi statistikanın inkişafının vacibliyini dərk edərək, bu sahədə islahatların ardıcıl və məqsədyönlü aparılması üçün Dövlət Proqramlarının qəbuluna təşəbbüs göstərmişdir. Ümummilli lider Heydər Əliyev statistikaya yalnız rəqəmlərin toplanması kimi yanaşmamış, onu dövlət siyasətinin formalaşdırılması, idarəetmə qərarlarının qəbulu və sosial-iqtisadi inkişafın qiymətləndirilməsi üçün zəruri olan etibarlı və şəffaf bir məlumat mənbəyi kimi görmüşdür. Onun göstərdiyi bu sistemli qayğı və diqqət sayəsində Azərbaycanın statistika sistemi postsovet məkanında ən inkişaf etmiş və beynəlxalq standartlara inteqrasiya etmiş sistemlərdən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdən dövlət statistikası uğurla inkişaf etməkdədir. Cənab Prezident İlham Əliyev tərəfindən müəyyən edilən rəqəmsal transformasiya strategiyasına uyğun olaraq, statistika sistemi əsaslı şəkildə elektronlaşdırılmışdır. Bu, məlumatların toplanması, işlənməsi və yayılmasını sürətləndirmiş və səmərəliliyi artırmışdır. Məlumatların toplanması zamanı sahibkarların və vətəndaşların üzərinə düşən statistik yükün azaldılması məqsədilə inzibati məlumat bazaları arasındakı inteqrasiyanın dərinləşdirilməsi və onların statistik məqsədlərlə istifadəsi prioritetləşdirilmişdir. Cənab Prezidentin tələbinə uyğun olaraq, Azərbaycanın rəsmi statistikası beynəlxalq təşkilatların (BMT, Dünya Bankı, ATƏT və s.) metodologiyalarına tam uyğunlaşdırılaraq, ölkənin beynəlxalq statistika reytinqlərində mövqeyini gücləndirmişdir.
Müstəqillik dövrü ərzində Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi, bu sahədə islahatların başa çatdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi və onun beynəlxalq statistika standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə, Dövlət Statistika Komitəsi tərəfindən statistika sahəsində islahatların aparılması və onun təkmilləşdirilməsi haqqında dövlət proqramları işlənib hazırlanmış və həyata keçirilmişdir. Bu illər ərzində 5 Dövlət Proqramı (1993-1997-ci, 1998-2002-ci, 2003-2007-ci, 2008-2012-ci, 2013-2017-ci illəri əhatə edən) yerinə yetirilmiş, sonuncu, 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və onun yerinə yetirilməsi uğurla davam edir.
Statistikanın əsas əhəmiyyəti Dövlət İdarəetməsində və Siyasətin formalaşmasında qərar qəbuletmə, sosial proqramlar, inkişafın ölçülməsi, İqtisadiyyat və Biznesdə bazarın təhlili, risklərin idarə edilməsi, proqnozlaşdırma, Elm, Tədqiqat və İnnovasiyada elmi dəqiqlik, təcrübələrin təsdiqi, İctimai Maarifləndirmə və Şəffaflıq - əsaslandırılmış ictimai müzakirələr, hesabatlılıq xülasə, statistika rəqəmlər vasitəsilə qarmaşıq dünyanı anlamağın dilidir. O, hər birimizə daha yaxşı, daha məlumatlı qərarlar qəbul etmək imkanı verir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və onun yerli statistika orqanları tərəfindən ölkə əhəmiyyətli statistik məlumatları toplamaq və yeniləmək məqsədilə mütəmadi olaraq irimiqyaslı tədbirlər və siyahıyaalınmalar həyata keçirilir. Bu tədbirlər bazar iqtisadiyyatına keçid dövründə və müstəqillik illərində sosial-iqtisadi inkişafın təhlili üçün etibarlı məlumat bazasının yaradılmasında həlledici rol oynamışdır. Ölkə üzrə keçirilmiş əsas irimiqyaslı tədbirlər əhalinin siyahıyaalınması və kənd təsərrüfatı siyahıyaalınması olmuşdur. Əhalinin siyahıyaalınması hər on ildən bir keçirilir və demoqrafik, sosial-iqtisadi məlumatların ən əsas mənbəyidir. Müstəqillik dövrü ərzində Azərbaycanda Əhalinin Siyahıyaalınma İlləri 1999-cu, 2009-cu və 2019-cu illərdə olmuşdur. 1999-cu ildə keçirilmiş əhalinin siyahıyaalınması müstəqillik illərində keçirilən ilk siyahıyaalınma olmuşdur. Siyahıyaalınmada ölkə əhalisinin sayı, coğrafi paylanması, milli tərkibi, yaş-cins strukturu, təhsil səviyyəsi və məşğulluq vəziyyəti haqqında baza məlumatları toplanmışdır. 2009-cu ildə keçirilmiş ikinci siyahıyaalınma əvvəlki dövrdə baş verən demoqrafik dəyişikliklərin (xüsusən də miqrasiya proseslərinin) və əhalinin sosial-iqtisadi vəziyyətinin dəqiqləşdirilərək, beynəlxalq standartlara tam uyğun aparılmışdır. 2019-cu ildə keçirilmiş üçüncü siyahıyaalınma müasir İT həllərindən istifadə edilməklə, xüsusilə tablet və digər elektron daşıyıcılarda məlumatların toplanması tətbiq olunmuş, bu da məlumatların keyfiyyətini və işlənmə sürətini artırmışdır.
Kənd təsərrüfatı siyahıyaalınması kənd təsərrüfatı sektorunun strukturunu, istehsal potensialını və kənd əhalisinin sosial vəziyyətini hərtərəfli qiymətləndirmək üçün vacibdir. 2015-ci ildə keçirilən kənd təsərrüfatı siyahıyaalınması müstəqillik dövründə keçirilən ilk kənd təsərrüfatı siyahıyaalınması olmuşdur. Siyahıyaalınmada kənd təsərrüfatı subyektlərinin sayı, torpaqdan istifadə, heyvandarlıq, əkinçilik sahələri və kənd təsərrüfatı maşınlarının təminatı haqqında baza məlumatları əldə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2025-ci il iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınması keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Qərara əsasən ölkəmizdə ilk dəfə siyahıyaalınmanın planşet tipli kompüterlər vasitəsilə CAPI (Computer Assisted Personal İnterviewing – kompüter vasitəsilə şəxsi müsahibə) üsulu ilə keçirilmişdir.
Gələcəkdə Statistikanın qarşısında duran əsas vəzifələrdən biri də Rəqəmsal Transformasiya və Böyük Verilənlərin (Big Data) İdarə edilməsidir. Statistikanın ən böyük vəzifəsi Böyük Verilənlər (Big Data), süni intellekt (Sİ) və maşın öyrənməsi (ML) kimi yeni texnologiyaları mənimsəməkdir. Yeni Məlumat Mənbələrinin İstifadəsi: Rəsmi statistikanın istehsalında ənənəvi metodlardan (sorğular, siyahıyaalınmalar) əlavə, mobil rabitə məlumatları, peyk görüntüləri, sosial media və internet məlumatları kimi qeyri-ənənəvi mənbələrdən səmərəli istifadəni təmin etməkdir. Statistikanın gələcək vəzifəsi sürətli, etibarlı və əhatəli məlumatlar təqdim edərək, ölkənin milli inkişaf strategiyalarını dəstəkləyən və ictimaiyyətin məlumatlılığını artıran bir vasitə olmaqdır.
Siyəzən Rayon Statistika İdarəsinin rəisi Kamil Xəlilov
Seçilmişlər
Ən çox oxunanlar