“Statistika nə üçün lazımdır”
Tarix: 14-10-2025 12:38

Azərbaycan Respublikası son illərdə statistik sahədə beynəlxalq əməkdaşlığa və informasiya mübadiləsinə böyük önəm verir. Bu çərçivədə ölkəmizdə bir sıra beynəlxalq statistik forumlar, konfranslar və seminarlar təşkil olunub və ölkəmiz beynəlxalq statistika platformalarında fəal iştirak edir. “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında keçirilən Ümumdünya statistika günü ərəfəsində 24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirilib.
2025-ci il üçün seçilmiş bu şüar sadəcə bir cümlə deyil. Bu, şəffaf cəmiyyətə, effektiv idarəetməyə və məlumat əsaslı qərarlara çağırışdır. Biz, bu çağırışa qoşularaq statistikaya etibar etməli, ondan düzgün istifadə etməli və gələcəyin formalaşmasında onun rolunu qəbul etməliyik. Bu şüarın ikinci vacib elementi “hər kəs” ifadəsidir. Bu, bərabər məlumat çıxışı və inklüzivlik deməkdir. Bu çağırış demək istəyir ki, statistik məlumatlar yalnız seçilmiş şəxslər üçün yox, hamı üçün açıq olmalı, hər bir vətəndaş öz ölkəsi, regionu və ya həyatı ilə bağlı etibarlı məlumatlara asanlıqla çıxış əldə etməlidir. Bununla da bildirmək olar ki, Ümumdünya statistika günü mühüm əhəmiyyətə malikdir. Bu günün əsas məqsədi statistikanın cəmiyyətdə rolunun tanıdılması, onun sosial, iqtisadi, siyasi və ekoloji qərarların qəbulunda necə mühüm rol oynadığını ictimaiyyətə göstərmək, dövlət idarəçiliyinin məlumatlara əsaslanmasını təşviq etmək, məlumatların dəqiqliyi, etibarlılığı və şəffaflığı prinsiplərinin əhəmiyyətini vurğulamaq və vətəndaşların rəsmi statistikaya inamını gücləndirməkdir. Bu gün yalnız statistiklər üçün deyil, cəmiyyətin bütün üzvləri üçün məlumatın və təhlilin gücünü tanıtmaq məqsədi daşıyır və məlumat əsaslı qərar vermənin vacibliyini bir daha vurğulayır. Bəs bu cür əhəmiyyətli göstəricilərin istehsalını təmin edən statistika ölkəmizdə nə zamandan yaranmışdır. Azərbaycanda statistikanın tarixinə nəzər salsaq görərik ki, ilk dəfə Azərbaycan ərazisində statistikanın müntəzəm təşkilinə Şamaxı (1846-cı ildən 1859-cu ilədək), Bakı (1859-cu il) və Gəncə (Yelizavetpol-1867-ci il) quberniyalarının yaradılmasından sonra onların tərkibində Rusiyada statistikanın 20 dekabr 1834-cü ildən fəaliyyətdə olan təşkilinə uyğun olaraq başlanılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə ölkə ərazisində statistik məsələlərə rəhbərlik edən vahid orqanın yaradılmasına çalışılmış, buna tam nail olunmasa da, ayrı-ayrı nazirliklərin tərkibində statistika ilə bağlı müəyyən qurumlar yaradılmışdır. 1928-ci il sentyabrın 28-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi haqqında yeni əsasnamə təsdiq edir.1948-ci ilin avqustunda respublika Mərkəzi Statistika İdarəsi Dövlət Plan Komissiyasından ayrılaraq, SSRİ Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinə tabe olur. Bu, statistika orqanlarının işinin yaxşılaşdırılması üçün böyük əhəmiyyət kəsb edirdi. 1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilir və Azərbaycan SSR Nazirlər Kabinetinin 30 mart 1988-ci il tarixli qərarı ilə Azərbaycan SSR dövlət Statistika Komitəsi haqqında əsasnamə təsdiq edilir. 1994-cü il isə Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmış və bu tarixdən “Statistika haqqında” Qanunun qüvvəyə minməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı imzalanmışdır. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin statistikanın inkişafı sahəsində müstəsna rolu olmuşdur. O, Azərbaycan Respublikasında statistika elminin və statistika sisteminin inkişafına xüsusi önəm vermiş, bu sahənin dövlət idarəçiliyində, iqtisadiyyatın planlaşdırılmasında və sosial siyasətin qurulmasında əsas alət olduğunu dəfələrlə vurğulamışdır. Onun müstəqil statistika sisteminin yaradılması və möhkəmləndirilməsi istiqamətində atdığı addımlar bu gün də öz bəhrəsini verir. Heydər Əliyev 1990-cı illərdə ölkədə rəsmi statistikanın hüquqi və təşkilati əsaslarını formalaşdırmaq üçün vacib qərarlar qəbul etdi və "Statistika haqqında" ilk qanun layihəsinin hazırlanması, sonradan qəbul olunması onun təşəbbüsü ilə baş tutdu. Bu qanun Azərbaycan Respublikasında statistikanın müstəqilliyini, obyektivliyini və elmi əsaslara söykənməsini təmin etdi. Ulu Öndər ölkədə iqtisadi islahatların elmi əsaslarla həyata keçirilməsi üçün statistikanın vacibliyini vurğulayaraq bildirirdi ki, istənilən dövlət qərarı və iqtisadi proqram etibarlı statistik məlumatlara söykənməlidir. Öndərimizin “Statistika cəmiyyətin güzgüsüdür. Dövlətin iqtisadi və sosial siyasəti məhz statistik göstəricilər əsasında formalaşdırılmalıdır.” sözləri onun statistikaya necə böyük əhəmiyyət verdiyini bir daha sübut edir. Bundan başqa Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan beynəlxalq statistika qurumları ilə əməkdaşlığa başladı və Azərbaycanda müasir, müstəqil və beynəlxalq standartlara uyğun statistika sisteminin təməli qoyuldu. Onun statistikaya göstərdiyi diqqət və qayğı, bu sahənin inkişafında və dövlət idarəçiliyində rolunun artmasında mühüm amil olmuşdur. Prezident İlham Əliyev də Azərbaycan Respublikasında statistika sahəsinə xüsusi diqqət və qayğı göstərmişdir. Onun bu sahəyə verdiyi dəyər həm qanunvericilik səviyyəsində, həm də idarəetmə və infrastruktur baxımından özünü göstərir. Prezident İlham Əliyevin sərəncamları ilə rəsmi statistikanın inkişafına dair bir neçə dövlət proqramı qəbul olunub və uğurla icra olunmaqdadır. 2008–2012, 2013–2017 və 2018–2025-ci illər üçün Dövlət Proqramlarının təsdiqlənməsi birbaşa Prezidentin statistikanın inkişafını prioritet sahə kimi qəbul etdiyini göstərir. Bundan əlavə Prezidentin təşəbbüsü ilə ölkədə rəqəmsal hökumət quruculuğu həyata keçirilir və bu prosesdə Dövlət Statistika Komitəsi də fəal iştirak edir. Belə ki, elektron hesabatların təqdim olunması imkanı yaradılmış, açıq məlumatlar portallarında statistik məlumatlara çıxış təmin edilmişdir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, dövlət siyasəti statistik məlumatlara əsaslanmalı, sosial-iqtisadi proqramların hazırlanmasında DSK-nın məlumatlarına istinad edilməli, regionların inkişafına dair dövlət proqramları statistik təhlillərə əsasən hazırlanmalıdır. Onun qeyd etdiyi kimi düzgün statistik məlumatlar,vəziyyətin dolğun analizi olmadan müxtəlif sahələrdə , o cümlədən sosial-iqtisadi, demoqrafik və istənilən digər sahələrdə inkişafın və perspektivlərin dəqiq planlaşdırılmasına nail olmaq mümkün deyil. Belə ki, statistika vasitəsilə müxtəlif iqtisadi göstəricilər , o cümlədən ümumi daxili məhsul, inflyasiya səviyyəsi, işsizlik dərəcəsi, ixrac və idxal göstəriciləri ölçülür ki, bu göstəricilər ölkənin iqtisadi sağlamlığını göstərir və islahatların zəruriliyini ortaya qoyur. Bundan başqa statistika investorlar üçün məlumat bazası yaradır. Daxili və xarici investorlar statistik göstəricilərə əsasən ölkədəki iqtisadi sabitliyi və investisiya mühitini dəyərləndirirlər. Statistika eyni zamanda statistik göstəricilər vasitəsi ilə əhalinin gəlir səviyyəsi, istehlak xərcləri, yaşayış şəraiti kimi sahələrdə real vəziyyəti ortaya çıxarır, regionlararası inkişaf fərqlərinin müəyyən olunmasını, regionlar üzrə iqtisadi inkişaf göstəricilərini təqdim edərək geri qalmış bölgələrə xüsusi diqqət ayrılmasına, resursların daha ədalətli bölgüsünə imkan yaradır, beynəlxalq müqayisələr və inteqrasiyalara şərait yaradır, həmçinin ölkənin statistik göstəriciləri beynəlxalq təşkilatlar tərəfindən istifadə olunur ki, bu göstəricilər də ölkənin iqtisadi və sosial vəziyyətinin beynəlxalq səviyyədə tanıdılmasına şərait yaradır. Statistik məlumatlar beynəlxalq təşkilatlar üçün ölkənin “rəqəmsal pasportu” rolunu oynayır. Bu məlumatlar dəqiq və şəffaf olduqda, ölkə daha yaxşı tanınır, statistik göstəricilər ölkənin beynəlxalq layihələrə, qlobal təşəbbüslərə uyğunluğunu sübut edir, daha uğurlu iqtisadi və sosial inkişaf yolu seçə bilir. Bütün bunları nəzərə alaraq ölkədə statistikanın inkişafına böyük diqqət ayrılır. Bu işdə statistik vahidlərin də əhəmiyyətli rolu var. Belə demək olar ki, statistik vahidlərin təqdim etdikləri məlumatlar statistikanın təməl daşlarıdır. Statistik vahidlər statistik müşahidə zamanı məlumatların toplandığı əsas obyektlərdir. Bu obyektlər düzgün müəyyənləşdirildikdə, tələb edilən məlumatları vaxtında və təhrif olunmadan təqdim etdikdə toplanan məlumatlar daha etibarlı və istifadə edilə bilən olur. Bu, isə öz növbəsində ölkə səviyyəsində dəqiq iqtisadi və sosial analizlərin aparılmasına şərait yaradır. Bu gün cəmiyyətdə və iqtisadiyyatda statistikanın rolunu dəyərləndirməklə müəyyən edirik ki, gələcək dövrlər üçün statistikanın üzərinə daha böyük və daha qlobal vəzifələr düşür. Gələcəkdə statistikanın qarşısında duran əsas vəzifələr, həm elmi, həm də tətbiqi sahələrdə baş verən dəyişikliklərə və ehtiyaclara uyğun olaraq formalaşır. Texnologiyanın sürətli inkişafı, məlumatların miqyas və müxtəlifliyinin artması, süni intellektin yüksəlişi kimi faktorlar statistika elminin qarşısında bir sıra yeni vəzifələr yaradır. Bu vəzifələrə həcmi eksponensial şəkildə artan, gündəlik olaraq yığılmış məlumatların böyük verilənlərini səmərəli şəkildə saxlanılmasını, tənzimlənməsini, modelləşdirməsini və təhlil etmək üçün yeni metod və alqoritmlər inkişaf etdirməsini, süni intellektin daha şəffaf və etibarlı olması üçün onun alqoritmlərinin izah edilə bilən və təfsir edilə bilən formalarının hazırlanmasını, məxfi məlumatların qorunması və ədalətli təhlilin aparılması üçün metodik çərçivələrin hazırlamasını və tətbiq edilməsini, statistik maarifləndirmə təşəbbüsləri ilə insanların məlumatlara əsaslanan qərarlar verməsini asanlaşdırmasını və sair aid etmək olar.
Abşeron Statistika idarəsinin rəisi Təvəkkül Mirzəyev
Seçilmişlər
Ən çox oxunanlar