Azərbaycanda statistikanın yaranma tarixi
Tarix: 09-10-2025 10:49

Statistika hər bir dövlətin sosial-iqtisadi inkişafını qiymətləndirmək, planlaşdırmaq və idarəetmədə əsaslı qərarlar qəbul etmək üçün mühüm rol oynayan elm sahəsidir. Azərbaycanda statistika sahəsinin formalaşması və inkişafı uzun və mərhələli bir tarixi əhatə edir. Bu tarix ölkənin ictimai-siyasi və iqtisadi dəyişiklikləri ilə sıx bağlı olmuşdur.
Azərbaycan ərazisində statistik məlumatların toplanması çox qədim dövrlərə, xüsusilə də Şərqdə dövlət idarəetmə ənənələrinin formalaşdığı dövrlərə təsadüf edir. Hələ orta əsrlərdə, xüsusilə Səfəvilər dövründə əhali, torpaq və vergi məlumatlarının qeydiyyatı aparılırdı. Bu əsasən dövlətin maliyyə sistemini və vergi siyasətini tənzimləmək məqsədi daşıyırdı.
Azərbaycan ərazisində statistikanın müntəzəm təşkilinə Şamaxı (1846-cı ildən 1859-cu ilədək), Bakı (1859-cu il) və Gəncə (1867-ci il) quberniyalarının yaradılmasından sonra onların tərkibində statistika komitələrinin fəaliyyəti ilə başlanılmışdır. XIX əsrin sonu XX əsrin əvvəlləri imperiya statistikası tarixdə müxtəlif müayinələrin və siyahıya almaların təşkili və keçirilməsi ilə xarakterizə olunur ki, bunlardan da ən əsası Şimali Azərbaycan ərazisi də daxil olmaqla, çar Rusiyasının bütün ərazisində 1897-ci ilin fevral ayının 9-u (yanvarın 28-i) vəziyyətinə birinci ümumi siyahıya almanın keçirilməsi olmuşdur. Bu siyahıya almada əhalinin üç kateqoriyası hesablanmışdır: mövcud, daimi və qeyddə olanlar. Siyahıya almanın proqramı özündə 14 əlaməti birləşdirirdi və siyahıya alma vərəqəsinin üç formasından istifadə edilmişdir. Arxiv materialları içərisində qorunub saxlanmış materiallardan biri Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinin inkişafı haqqında olan məlumatlardır.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə (1918-1920) ölkə ərazisində statistik məsələlərə rəhbərlik edən vahid orqanın yaradılmasına tam nail olunmasa da, ayrı-ayrı nazirliklərin tərkibində statistika ilə bağlı müəyyən qurumlar yaradılmışdır. Bu qurumlar 15 noyabr 1918-ci il tarixindən Dövlət Əmlakı və Əkinçilik Nazirliyinin tərkibində Statistika şöbəsi və 1919-cu il iyul ayından isə Əkinçilik Nazirliyinin Torpaq Fondu şöbəsində Statistika bürosu kimi fəaliyyətdə olmuşdur. Bu dövrdə ilk dəfə olaraq əhalinin siyahıyaalınması və iqtisadi göstəricilərin toplanması təşəbbüsü irəli sürülmüşdü.
1924-cü ildən Azərbaycan ərazisində yerli statistika orqanlarının yaradılmasına başlanmış və sonrakı illərdə bütövlükdə yerlərdə statistika orqanlarının yaradılması həyata keçirilmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra statistika sisteminin yenidən qurulmasına ehtiyac yarandı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi statistika sahəsində də dönüş yaratdı. Həmin illər ərzində istər dövlət statistika hesabatları, istərsə də onların tərtib edilməsinə dair təlimatlar beynəlxalq standartlara uyğun və dövlət dilində hazırlanmışdır. 1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Bu statistika sahəsinin hüquqi bazasını formalaşdırdı. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş "Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikasında təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin Dövlət reyestrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qeyd edilmişdir.
1998-ci ildə isə ölkədə ilk dəfə olaraq müasir beynəlxalq standartlara uyğun əhali siyahıyaalınması keçirildi. Dövlət Statistika Komitəsi tərəfindən statistika sahəsində islahatların aparılması və onun təkmilləşdirilməsi haqqında dövlət proqramları işlənib hazırlanmış və həyata keçirilmişdir. Bu illər ərzində 5 Dövlət Proqramı (1993-1997, 1998-2002, 2003-2007, 2008-2012-ci, 2013-2017-ci illəri əhatə edən) yerinə yetirilmiş, sonuncu, 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və onun yerinə yetirilməsinə başlanmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə statistiklərinin yaddaşına həkk olunmuş "Dövlət Statistika Komitəsi əsas orqanlardan biridir" məşhur kəlamı Dövlət Statistika Komitəsinə verilən qiymətin bariz nümunəsidir.
Hazırda Dövlət Statistika Komitəsi sistemi aparatdan, Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən, Bakı Şəhər Statistika İdarəsindən, 71 rayon (şəhər) statistika idarəsindən və Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumdan – Elmi-Tədqiqat və Statistik Innovasiyalar Mərkəzindən ibarətdir.
Qazax Rayon Statistika İdarəsinin rəisi Dürdanə Xəlilova
Seçilmişlər
Ən çox oxunanlar