Əli Hüseynlinin spiker, nazir, yaxud baş prokuror olmaq arzusu…
Tarix: 20-10-2025 20:06

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həbsindən sonra ona yaxınlığı ilə seçilən şəxslər diqqət mərkəzinə düşüb.
Media bu yöndə müxtəlif araşdırmalar təqdim edir, adı Mehdiyev komandasının üzvü kimi halllanan şəxslərlə bağlı yeni faktlar yayımlayır.
Həmin şəxslər isə ünvanlarına səsləndirilən ittihamlarla bağlı açıqlamalarla çıxış edir, yazılanları təkzib etməyə çalışırlar.
Təbii ki, Mehdiyev işində adı hallandırılan şəxslərlə bağlı son qərarı hüquq-mühafizə orqanları verəcək.
Amma maraqlı olan bəzi şəxslərin nə ünvanlarına yönələn ittihamlarla bağlı, nə də dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev əleyhinə bir cümlə də işlətməmələridir. Bu isə ictimai-siyasi kluarlarda, eləcə də mediada təəccüblə qarşılanmaqdadır.
Bu qəbuldən olan şəxslərdə biri isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, sabiq vitse-spiker Əli Hüseynlidir.
Xatırladırıq ki, Əli Hüseynlinin Ramiz Mehdiyevin əsas kadrlarından və adamlarından biri olduğu bildirilir. Elə son hadisələrlə bağlı da onu adı kifayət qədər hallanmış, bir sıra ittihamlara məruz qoyulmuşdur.
Buna baxmayaraq, Əli Hüseynli hələ də sükutu pozmağa və digərləri kimi Ramiz Mehdiyevlə hər hansı əlaqəsinin olmadığını bəyan etməyib. Bu bir yana, Əli Hüseynli heç Ramiz Mehdiyevin ev dustaqlığı mövzusuna da qarışmayıb, onun əleyhinə hər hansı açıqlama verməyib.
Bütün bunlar isə mediada onun haqqında yazılanların inandırıcılıq faizini yüksəldir.
Əli Hüseynli həqiqətən də Ramiz Mehdiyev komandasının nümayəndələrindən olub. O, hətta bunu üstünlüyə çevirərək karyera pillələrində irəliləməyə də çalışıb. Əli Hüseynli Zakir Qaralovun vəzifədən uzaqlaşdırılmasından sonra baş prokuror olmaq niyyətinə düşsə də, bunu reallaşdıra bilməyib.
Bundan sonra isə Əli Hüseynli Oqtay Əsədovdan sonra Milli Məclisin spikeri postuna sahiblənmək istəyib. Bu da alınmaqdıqda isə Əli Hüseynli nazir olmaq eşqinə düşüb.
İddialara görə, o ekologiya və təbii sərvətlər naziri olmaq üçün əməlli-başlı hərəkətə keçib. Onun hətta bu barədə Milli Məclisin özünə yaxın deputatları ilə söhbətləri də olub. Amma görünən odur ki, Əli Hüseynlinin üçüncü cəhdi də iflasa uğrayıb.
Uzun illər Ramiz Mehdiyev komandasında olmuş Əli Hüseynlinin bütün bu cəhdləri niyə real imkana çevirə bilməməsi ona və yaxın ətrafına yaxşı məlumdur. Bizə maraqlı olan isə Əli Hüseynlinin bugünkü susqunluğudur.
Bu Ramiz Mehdiyevə "sədaqətdir", komanda prinsiplərinə hörmətdir, yoxsa....
Seçilmişlər
Ən çox oxunanlar