2025-Cİ İLİN YANVAR-SENTYABR AYLARINDA LAÇIN RAYONUNUN İQTİSADİ VƏ SOSİAL İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ
 Tarix: 31-10-2025 11:37    
    
Ümumi məhsul buraxılışı. 2025-ci ilin yanvar-sentyabr aylarında rayon üzrə ümumi məhsul buraxılışının (ÜMB) həcmi 407900,5 min manat təşkil etmişdir. 2024-cü ilin eyni dövrü ilə müqayisədə məhsul buraxılışı 39,6 faiz azalmışdır. Ümumi məhsul buraxılışının (ÜMB) strukturunda tikintinin xüsusi çəkisi 79,4 faiz, təşkil etmişdir.
Sənaye. 2025-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri tərəfindən 40372,4 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. Sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın xüsusi çəkisi 82,4 faiz təşkil etmişdir. 2025-ci ilin doqquz ayında istehsal edilmiş sənaye məhsulunun və göstərilmiş sənaye xidmətlərinin həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz az olmuşdur
Tikinti. 2025-ci ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı, infrastrukturun qurulması və digər məqsədlər üçün bütün maliyyə mənbələrindən əsas kapitala 327476,1 min manat vəsait yönəldilmişdir ki, bunun da 323961,3 min manatı tikinti-quraşdırma işlərinə sərf olunmuşdur. 2024-cü ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 44,1 faiz azalmışdır. Bundan başqa rayonda fəaliyyət göstərən tikinti müəssisələrinin (hüquqi şəxslər) öz gücləri ilə yerinə yetirdikləri tikinti işlərinin dəyəri 10380,1 min manat təşkil etmişdir ki, bu da 2024-cü ilin eyni dövrünün tikinti işlərinin 82,5 faizini təşkil etmişdir.
Kənd təsərrüfatı. 2025-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı sahəsində 38760,1 min manatlıq məhsul buraxılışı olmuşdur. 2024-cü ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı üzrə məhsul buraxılışı ümumilikdə 1,2 faiz çox olmuşdur.
Cari ilin yanvar-sentyabr aylarında məhsulu yığılmış kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsi 3112,0 hektar olmaqla bu sahələrdən 1150 ton buğda, 1889,4 ton arpa və 3700 ton yem bitkisi (yonca) məhsulu yığılmışdır. Orta məhsuldarlıq buğdada 7,3 sentner, arpada 22,8 sentner, yoncada isə 52,1 sentner təşkil etmişdir.
2025-ci ilin yanvar-sentyabr aylarında diri çəkidə 2546,0 ton ət, 17817,0 ton süd, 3521,0 min ədəd yumurta və 313,0 ton yun istehsal edilmişdir. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə ət istehsalı 1,0 faiz, süd istehsalı 0,7 faiz, yumurta istehsalı 5,2 faiz, yun istehsalı isə 1,6 faiz azalmışdır. 2025-ci il oktyabr ayının 1-i vəziyyətinə rayon üzrə bütün təsərrüfat kateqoriyalarında 41472 baş iri buynuzlu mal-qara, o cümlədən 18947 baş inək və camış, 161309 baş qoyun və keçi mövcud olmuşdur. Bu dövrdə 40 baş iri buynuzlu heyvanda süni mayalandırma işləri aparılmışdır.
Nəqliyyat. 2025-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda məhsul buraxılışının həcmi 588,4 min manat olmuş və 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,2 faiz azalmışdır. Bu dövrdə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 1829,0 min sərnişin və 169,0 min ton yük daşınmışdır. 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən sərnişin daşınması 4,1 faiz, yüklərin daşınması isə 5,0 faiz artmışdır.
İstehlak bazarı. 2025-ci ilin doqquz ayında istehlakçı təlabatının ödənilməsi məqsədilə təsərrüfat subyektləri tərəfindən 15090,0 min manatlıq mal (məhsul) satılmış və xidmətlər göstərilmişdir. Satılmış malların və göstərilmiş xidmətlərin 87,3 faizini pərakəndə ticarət şəbəkələrində malların (məhsulların) satışı, 12,7 faizini isə xidmətlərin göstərilməsi təşkil etmişdir. Cari ilin yanvar-sentyabr aylarında satılmış malların (məhsulların) və göstərilmiş xidmətlərin ümumi dəyəri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çox olmuşdur.
Muzdla işləyənlərin sayı və əməkhaqqı. 2025-ci ilin yanvar-sentyabr aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin orta sayı 7294 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6313 nəfər və ya 86,5 faiz, qeyri-dövlət sektorunda isə 982 nəfər və ya 13,5 faiz olmuşdur. 2025-ci ilin yanvar-sentyabr aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı 727,3 manat, o cümlədən dövlət sektorunda 721,0 manat, qeyri-dövlət sektorunda isə 767,9 manat olmuşdur. 2024-cü ilin eyni dövrünə nisbətən orta aylıq nominal əməkhaqqının məbləği 11,9 faiz, o cümlədən dövlət sektorunda 13,1 faiz, qeyri-dövlət sektorunda isə 9,4 faiz çox olmuşdur. Bu dövrdə ən yüksək orta aylıq nominal əməkhaqqı maliyyə və sığorta fəaliyyəti sahəsində olmuşdur.
Yeni iş yerlərinin açılması. 2025-ci ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın müxtəlif sahələrində 250 yeni iş yeri açılmış və 274 yeni fərdi sahibkarlıq subyekti yaradılmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə yeni açılmış iş yerlərinin sayı 38,9 faiz, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin (fiziki şəxslər) sayı isə 6,2 faiz az olmuşdur.
 Seçilmişlər
 Ən çox oxunanlar

















.jpg)










 
            
































 
 
 
 
 
