BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
Tarix: 30-09-2014 14:34
Bu yazının adını görüb çaşmayın. Elə bilməyin ki, oxucu cəlb etmək xatirinə adını belə qoymuşam. Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun adını Azərbaycanlıların qatı düşməni, Zori Balayanın dişi tayı olan Silva Kaputikyanla bir müstəviyə endirmişəm. Yaxud da ki, vəzifəsinə yarınıb nəsə söz demək istəmişəm, müdafiə etmişəm. Əsla. Sadəcə oxuyun. Mən nəticə çıxarmışam. Oxuduqdan sonra isə nəticə çıxarmaq sizlikdir.
SAMVEL QRİQORYAN
Atamla bağlı xatirələri, lətifələri mənim yazılarımda çox izləmisiniz. Mənim müasirlərim olan Azərbaycan yazıçıları da artıq mənim qəhrəmanlarıma çevrilir. 1900-cü ildə anadan olan Süleyman Rəhimovdan üzü bu yana. Kimsə qələmimin yaxşı vaxtına düşür, kimsə də pis. Amma hamısında ortaq məxrəc var. Bütün bunlar Azərbaycan yazıçılarının sandıq ədəbiyyatıdır. Çox adamın gördüyü, heç kimin qələmə almadığı sandıq ədəbiyyatı. Düzdür “sandıq ədəbiyyatı” başqa mənada işlənir. Amma siz bunu memuar kimi adlandıra bilərsiniz. Siz elə bilirsiniz ki, mən yazdıqlarımı Anar, Elçin Əfəndiyev, Vaqif Səmədoğlu, Elçin Şıxlı və adını bilmədiyiniz neçə-neçə yazıçı-şair övladı görməyibmi, bilmirmi? Görüblər. Düzünü bilsəniz məndən on qat, bəlkə yüz qat artıq bilirlər. Amma ki, yazmırlar. Mənim fikrimcə İlyas Əfəndiyev, Rəsul Rza, Səməd Vurğun, İsmayıl Şıxlı, Mirzə İbrahimov, İmran Qasımov və neçə-neçə nəhəngin şəxsiyyəti onların yaradıcılığından qat-qat yüksəklərdə dayanır. Onların yaradıcılığını oxuyub öyrənə bilirik, amma həyatlarına yaxın gedə bilmirik. Bircə Anar “Sizsiz” kitabını ortaya qoyub. Amma çılpaqlıqlara varmayıb. Sadə bir suala cavab verməyib. Səməd Vurğunla Rəsul Rza dost idimi, yoxsa... Özümə gəldikdə isə “Yarımçıq” romanım beynimdə hazırdır, qalıb kağıza köçürməyim.
Samvel Qriqoryan da mənim qonşum olub. Yox. Belə olmaz. Gəlin sizi yaxından tanış edim. Samvel Qriqoryan – Azərbaycan SSR-in Əməkdar Mədəniyyət işçisi, Azərbaycan SSR-in Xalq Şairi, 16 il Azərbaycan Ali Sovetinin deputatı. Yenə də qaranlıq qaldı sizə. Tanımadınız. Zori Balayanı “Ocaq” kitabına görə mənim nəslim yaxşı tanıyır, amma Azərbaycan xalq şairi olmuş Samvel Qriqoryanın bir misrasını da bilən yoxdur. Nə sağlığında, nə də indi – öləndən sonra. Şəxsən mən qonşu Mahir də onun nə bir kitabının, nə də yazısının şahidi olmuşam. Baxmayaraq ki, atamın bütün kitabxanası yazıçıların avtoqraf verdiyi kitablar hesabına formalaşıb. Əgər mən tanımıramsa, onda indiki nəsil onu necə tanımalıdır?
Bu istiqamətdə yenə ağırlıq mənə düşür. Daha doğrusu Bəxtiyar Sadıqova sağ ol deyin ki, onun bir sözünə, daha doğrusu bir şəkilçisinə məqalə yazmaq fikrinə düşdüm.
1984-cü il idi. Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin 2-ci kursunda oxuyurdum. Tərcümə kursu açılmışdı. Mən də ora yazıldım. İlk müəllimimiz professor Bayram Tahirbəyov oldu. Sonradan onu Şamil Zaman əvəz etdi. Mənə qarşı çox aqressiv idi. Bilmirəm, bəlkə də özümü dərsdə pis aparırdım, ona görə. Beşinci dərsdə şair Qabildən misal gətirdi. Uşaqlar da çönüb mənə baxdılar. O da niyə belə etdiklərini soruşanda, dedilər ki, bəs Mahir Qabilin oğludur da... Elə bil Şamil müəllimi kökündən dəyişdilər. Zəhləsi gedən mən oldum onun sevimli tələbəsi. Günlərin bir günü tapşırıq verdi ki, bəs özün seç. Rus yazıçılarından birindən tərcümə etməlisən. Mən də evə gəldim, axtardım atamın kitabxanasını. Nəhayət Şukşinin iki cildliyini tapdım. Niyə məhz onu? Çünki Şukşini aktyor kimi rollarını sevirdim. “Krasnaya kalina” bədii filminə dəfələrlə baxmışdım. Kitabda “İmtahan” adlı hekayə diqqətimi cəlb etdi. Bunu Şamil müəllimə dedim. Dərsdən sonra evinə dəvət etdi. Səhv etmirəmsə Verxni Naqornıda, köhnə birmərtəbəli evdə yaşayırdı. Birinci sözü bu oldu: “Mahir, mən fransız dilindən tərcüməçiyəm. Atan “Azərbaycan” jurnalında işləyərkən mənim Viktor Hüqodan etdiyim “Klod Qo” adlı tərcüməmi yüksək qiymətləndirib, çap edib. Ona görə də mənim borcumdur ki, səni tərcüməçi kimi yetişdirəm. Heç olmasa borcundan çıxam”.
Düzü tərcüməçiliyə həvəsim vardı. Mehdi Mirkişiyevin qısa dərslərinə də qulaq asmışdım. Amma indiki kimi bu sahəni dərindən dərk etmirdim. Atam demişkən. “Tərcümə etmək çətindir. Gərək oxuyasan, mənanı saxlayasan, sonra özün şeir yazasan. Bu daha asan tərcümədir”. Amma nəsrdə çox çətin idi. Məqsədim tərcümədən danışıb başınızı yormaq deyil. Bu mənim nəsr tərcüməsində sonuncu işim oldu.
O dövrdə, yəni ki 1984-cü ildə Samvel Qriqoryana Azərbaycan ədəbiyyatının digər nümayəndələri ilə birlikdə “Xalq şairi” fəxri adı vermişdilər. Bu bir mənalı qarşılanmamışdı. Dərslərin birində Şamil Zaman bu məsələyə münasibətini bildirdi: “Deyirlər ki, yox, düzgün deyil Samvel Qriqoryana bu adı vermək. Bilirsinizmi, Samvel Qriqoryan Mirzə Ələkbər Sabirin yaradıcılığını erməni dilinə tərcümə edib. Məhz bu xidmətinə görə halaldır ona”. Onda başa düşmürdüm bu sözü. Bəlkə Şamil müəllim də bu sözü məsələnin nə yerdə olduğunu bilmədən dedi. Bəlkə də bu fikir Samvel Qriqoryana yox, Böyük Sabirə olan məhəbbətin bir təzahürü idi. Amma indi başa düşürəm ki, ermənilər erməni dilində Sabiri oxuyandan sonra azərbaycanlıların portretini daha dəqiq, daha səhih yaratmağı bacarıblar.
Millət necə tarac olur olsun, nə işim var,
Düşmənlərə möhtac olur olsun, nə işim var.
Bu misralar görəsən Samvel Qriqoryanın “ifa”sında ermənicə necə səslənirmiş? Ermənicə bilmirəm, amma təsəvvür etmək çətin deyil erməninin yaratdığı azərbayan millətinin surəti.
BƏXTİYAR SADIQOV
AzTV-də “Xəbərlər”redaksiyasına təzə keçmişdim. Yazıları yazanda fellərin sonluğuna ıb,ib,ub,üb, ya da dı,di,du,dü artırıdım. Baş redaktorumuz Həsən Həsənov da bütün bunların üstündən qırmızı rəngli qələmlə xətt çəkib edirdi – mış,miş,muş, müş. Düzünü desəm, yaxud da desək bu cür oxunuş çox qıcıqlandırırdı məni, bizi. Hətta çəkilişlərə gedəndə digər jurnalist həmkarlarımız lağ da edirdilər. Adımızı mışmuş çağırırdılar. Əlavə də edirdilər ki, nə görmüsünüz e bu mışmuşda. Dili ağırlaşdırırsınız.
Amma “Xəbərlər” öz prinsipindən geri çəkilmirdi. Nəinki “Xəbərlər”, AzərTac İnformasiya Agentliyi, “Azərbaycan” və , “Respublika” qəzetləri də. Zaman ötdü. Televiziyamızda nəsil dəyişikliyi getdi. Mışmuşlar getdi, yerinə ib-iblər gəldi. Mışmuşlar ıb,ib-ə çevrildi. Amma AzərTAc, Azərbaycan, Xalq Qəzeti simasını qorudu. Bu gün də qoruyur.
SİLVA KAPUTİKYAN
Mən onu Zori Balayanın dişi variantı adlandırıram. Azərbaycanlıların bir nömrəli düşməni sayıram. Zori Balayanla birlikdə Qorbaçovun qəbuluna girib “Qarabaq bizim olmalıdır” deyə ultimatum verəndir Silva Kaputikyan. Azərbaycana, Azərbaycan xalqına nə qədər böyük nifrəti vardı onun, Allah bilir. Amma bir sözü yadımdan çıxmır. Bəlkə də qısa təhriflə ifadə edəcəm. Amma sizə də çatdırmağa borcluyam: “Azərbaycan dili gözəl dildir. Axıcıdır, şirindir. Bir qulaq asın bir: “Biri varmışşşşşşşş, biri yoxmuşşşşşşş””.
SON
Gəlin dilimizə qiymət verək. Onu qoruyaq. Adi mışuşumuzu qorumağa qadir deyiliksə, heç olmasa bu yolla gedənlərə - Bəxtiyar Sadıqova, Həsən Həsənova, Aslan Aslanova və onların kollektivinə mane olmayaq. Bunu heç müzakirə obyektinə də çevirməyək.
Seçilmişlər
Ən çox oxunanlar