MATADOR
Tarix: 06-04-2020 12:30
AZAD QARADƏRƏLİ
Tələbə yoldaşım, milli azadlı hərəkatının öncüllərindən Vaqif Əlisoya
Mən görmürəm.
Amma görürəm həm də...
Ali təhsilli adamam, korafəhim-filan bilməyin. Amma o hadisədən sonra təkcə gözüm sıradan çıxmayıb, şüurum da zəfləyib, nitqim də qüsurlu olub. Fəlfəlləmişəm tamam. Yarıyaşda adam belə olmaz axı. Hamısı o hadisədən sonra oldu. Hadisə deyəndə ki...
***
93-cü ilin dumanlı-çiskinli bir günü idi. Yeni yaranmaqda olan ordumuz bütün cəbhə boyu düşmənin üzərinə hücuma keçmişdi. Bütün cəbhə boyu deyəndə ki, Ermənistan sərhəddində deyil, Qarabağ ərazisindəki erməni işğalında olan köhnə Mardaket, Martuni, Hadrut rayonlarındakı erməni birləşmələrini geri oturda-oturda Xahkəndinə doğru irəliləyirdik. Ölkə prezidenti Elçibəyin tapşırığı ilə Laçın dəhlizini açıq qoymuşduq. Ermənilərə elan olunmuşdu ki, kim istəsə Qarabağda qalıb öz vətəndaşımız kimi yaşaya bilər. İstəməyənlər isə dəhliz vasitəsi ilə Ermənistana, yaxud hansısa üçüncü ölkəyə gedər.
Mən müharibə başlayan gündən əvvəl atamın qoşalüləsi ilə, sonradan isə bir inək satıb onun pulu ilə rus əsgərlərindən aldığım avtomatla düşmənə qarşı vuruşurdum. 88-ci ildən bu yana artıq xeyli təcrübə toplamışdım. Üç dəfə yaralansam da, qanım quruyan kimi yoldaşlarımın yanına qayıtmışdım. Axı mən həm də Xalq Cəbhəsinin rayon təşkilatının sədri idim. Seçildiyim günü bayrağımızı öpüb and içmişdim: “Öldü var, döndü yoxdur! Qələbə çalmamış, geri addım atmayacağam!”
Yazıq anam başıma üzərlik çevirib demişdi:”Get, bala, səni ağam Əbülfəzə qurban verirəm! Get, amma maa da yazığın gəlsin. Güllə qabağına atılma. Özüu qoru.”
Mənim it xasiyyətim... Qapmışdım onu:”Hamıız deyirsiniz ki, özüu qoru... Heç deyən yoxdu ki, Vətəni qoru!.. Əbülfəzə isə qurban getməyə dəyər... O kişi adamdır...”
Ana yarımateist olan oğlunun birdən-birə belə danışmasına əvvəl çaşmış, sonra da yadına nəyisə salıb acı-acı gülümsünmüşdü:”Bı, öz Əbülfəzlərini deyir e... Deyirəm axı... Neynək. Qoy olsun. Allah elə onu da qorusun. Pis adam olsa, mənim oğlum onun yoluna baş qoymaz...”
Ermənilər maşın karvanları ilə hər gün Laçın dəhlizindən daşınıb gedirdilər. Tutduğumuz bir “dil” deyirdi ki, gedən hamısı varlı ermənilərdir. “Kasıb hara getsin ali? Erivana da getsə, kasıb elə kasıbdı...”
Bizim batalyon Hadrut tərəfdə mövqe tutmuşdu. 15 erməni kəndini saqqallı daşnaklardan təmizləmişdik. Məqsədimiz xankəndinə yaxınlaşmaqda olan Tərtər, Ağdam, Füzuli istiqamətində döyüşən birliklərimizlə birləşmək idi. Belə bir vaxtda Edik adlı bir erməni komandirinin məni hava telefonu ilə söhbətə çağırdığını dedilər. Hava telefonu peşəkar hərbçilər üçün nəzərdə tutulmamışdı. Kənd təsərrüfatında, yaxud alpinistlər üçün hazırlanmış bu ratsiyalarla danışanda hamı bizim danışığımızı eşidirdi.
-Ə, şandığa*, nə istiyirsən? – deyə qəzəblə soruşdum. (Bu erməni ilə biz neçə illər bir komandada futbol oynamışdıq. Mən onların dilini bilməsəm də, o bizim dildə yaxşı danışırdı. Üstəlik, sədaqəti və səxavəti ilə özünü bizə sevdirə bilmişdi. İndi əks cəbhədə vuruşur, hətta lazım gələndə söyüşürdük də... Amma söyüşsək də, münasibətimiz qalırdı. O tərəfdə bizim əsir, yaxud meyidimiz olanda o mənə xəbər verirdi və biz hərəkətə keçib pulla, yaxud benzinlə onları alırdıq. Ya da əlimizdə olan əsir, yaxud meyid ilə dəyiş-düyüş edirdik. Onu da deyim ki, o məndən başqa heç kimi yaxına buraxmırdı. “Ara, Rapiki çağırın, fsyo” deyib bağırardı.) Ona görə qəzəblə ki, biz Edikin doğulduğu kəndi boşaldandan sonra onun üzü dönmüşdü. Hətta mənə ana söyüşü verməkdən də çəkinmirdi. Bir sözlə, aramız çox soyuq idi.
-Ara, Rapik, sana bir kino göstərsəm, nə edərsən ali?! Hay? Yoptoymat**, niyə susursan?! Hinç***?!
-Ay it oğlu it, bu ratsiya ilə sənin səsini hər yerdə eşidirlər, ağzının poxunu dağıtma! – deyib bağırmışdım ki, Edik hırıldayıb güldü və sonra ciddi səslə dedi:
-Ara, kunim mera****... sən mənim kəndimi dağıtdın, mən də sənə bir pdarka eləyim dedim... Binoklı götür bax, bura, Qırrı gədiyə bax, amma ürəyindən muğayat o ali... Ha-ha-ha...
Qardaş, qardaş, kaş gözlərim kor olaydı. Baxmayaydım o Qırrı gədikdəki qarağacın kölgəsində məclis quran dığalara! Ona yaxın erməni saqqallısı bizim Xocalıda əsir düşmüş qız-gəlinimizi lümlüt soyundurub məclisdə oturtmuşdular. Onlara zorla şərab içirdir, sonra da bir-birilərinə tərəf atırdılar. Bununla iş bitsəydi, nə vardı ki! Az sonra sərxoş olmuş dığalar özləri də soyundular və bizim əsir bacılarımızı bağırda-bağırda onlarla... Dilim lal olsun! Gözüm kor olsun! Ürəyim partlasın!...
Partlamadı ki... Çox sürtük ürəyim var imiş. Mən dedim partlayar, amma dözdü. Amma gözlərimə elə bil qəfildən kislata tökdülər. Durbini gözümdən aralayan kimi gözümün qabağını əvvəl qırmızı, sonra isə qara pərdə tutdu. Hiss elədim ki, görmürəm...
***
Məni qərərgaha gətirən maşından düşəndə gözümə bir az işıq gəlmişdi. Alayın komandiri, polis rəisi və rayonun icra başçısı ilə birlikdə müşavirə keçirdik. Mən gördüklərimi danışanda onlar məndən də betər vəziyyətə düşdülər. Hücum etmək məsləhət deyildi: Surətin adamları orduda qarışıqlıq yaratmışdı, bizim hücumumuz məğlubiyyətlə nəticələnə bilərdi. Üstəlik də ölkənin siyasi həyatında da gərginlik vardı. Daxili İşlər Naziri istefa vermişdi. Gəncədən pis xəbərlər gəlirdi. Qərar qəti idi: bir, yaxud bir neçə yüksək çinli erməni zabitini, vaxud vəzifəli ermənini əsir alıb əsir qadınlarımızı erməni vandallarının zülmündən azad etmək lazımdır!
***
Könüllülərlə özüm danışdım. Vəziyyəti izah etdim. Gördüklərimi anlatdım. Asif, Gürzə, bir də Dəmir səkkiz nəfərlik dəstə ilə yola çıxdılar. Bir həftəyə əlidolu gələcəklərini bildirdilər. Əgər geri dönməsələr, bilin ki, qızlarımızın qisasının almışıq dedilər. Amma mən təkidlə “elə edin, həm özünüz sağ-salamat qayıdın, həm də əlidolu gəlin”, - dedim.
On günün tamamında onlar iki erməni zabiti, bir də təzə kostyumlu, qalstuklu bir erməni ilə geri döndülər. Nə qədər çalışsaq da, kostyumlu kişinin kimliyini öyrənə bilmirdik. Zabitlər onu tanımadıqlarını deyir, kişi də susurdu. Axırı Gürzə onu bir saatlığına özü ilə apardı və geri dönəndə kostyumlu ermənini tumançaq gətirib ortaya itələdi:
-Oğraş axır ki, danışdı!.. Geroy sostrud Samvel var ha, onun qardaşıymış! Xankəndində qorsovetdə işləyirmiş...
-Samvel Babayan?! Ay səni! – mən yarı sevinc, yarı qəzəblə qışqırdım. Bu böyük kozır idi əlimizdə. Əsirlərimizi dəyişə bilərdik. Üstəlik, zabitlərdən birindən öyrəndik ki, orada iki əsgərimiz, altı qadın və Namiq adlı bir mülki şəxs də girovluqdadır. Əsgərlərdən birinin qohumları neçə vaxt idi ki, bizim rayonda idilər. Mənə yalvarırdılar ki, onların oğlunun öldüsünü, qaldısını öyrənim. Tezliklə onlara da xəbər göndərdim ki, oğlunuz sağdır, bir neçə günə azad edəcəyik.
Qızlarımızı Ağdam uşaqları azad etmişdilər. Əsgərlərimizi və mülkü şəxsi əlimizdəki girovlarla dəyişdik. Kaş görəydiniz dəyişilmə prosesində iştirak edən Samvel Babayan necə yalvarırdı bizə...
***
O hadisədən sonra ölkədə siyasi-hərbi vəziyyət dəyişdi. 4 iyun qiyamı baş verdi və milli hökümət devrildi. Elçibəy ölkəni tərk elədi. Bizim rayonlar bir-bir işğal olundu. Qaçqına-köçkünə çevrildik. Rayonumuz boşalan gün hönkürə-hönkürə şəhərimizin küçələrini dolaşır, bir gülləyə tuş gəlmək, ölüb burada qalmaq istəyirdim. Bu vaxt kitabxananın qabağındakı gül kollarının arxasından bir hıçqırtı, ağlamaq səsi duydum. Yaxınlaşanda onsuz da yaxşı görməyən gözlərim bərələ qaldı: hamının dəli sandığı Nazı adlı 15-16 yaşlarında bir qız mənə baxır, ağlayırdı. Mən ona yaxınlaşdım. Cibimdən çıxartdığım yaylıqla göz yaşlarını sildim. Və özümdən xəbərsiz ona qoşulub ağladım. Qız dözmədi, əli ilə mənim göz yaşlarımı silib titrək səslə dedi:
-Rafiq bəy, doğrudan ermənilər şəhərimizi alacaq?! Bəs sənin əsgərlərin hanı?! Bəs...
Mən onun qolundan tutub şəhəri tərk etməkdə olan son dəstəyə tərəf üz tutdum. Yolda bir də gördüm ki, gözümün önünü qırmızı pərdə aldı. Bayaqdan onu mən aparırdım, indi bu qız məni az qala sürüyürdü. Sonra kimsə gəlib ikimizi də bir yük maşınına mindirdi. Bir az sonra erməni tankları artıq tərk edilmiş şəhərimizi atəşə tutmuşdu.
***
Uzun zaman gözlərim bu vəziyyətdə qaldı.
Axırı ailə üzvlərimizin təkidi ilə göz həkiminə getdim.
-Gözünüz nə zamandan bu vəziyyətdədir? – Həkim müayinədən sonra soruşdu.
Bir müddət cavab tapa bilmədim. Bu gənc adama durub iyirmi yeddi il əvvəl nələr olduğunumu danışım?! Onda onun beş-altı yaşı olub, ya olmayıb. Bəlkə heç danışsam, inanmaz da...
Get-gedə qarşımdakının siluetinin qırmızıya çalmağa başladığını hiss edirdim. Elə bil matador əlindəki qırmızı şalı gətirib həkimlə mənim aramda tutmuşdu.
-Matador döyüşündən sonra olub... – deyib ayağa qalxdım. Artıq hirsləndiyimi sezən yoldaşım əl atıb qolumu sıxdı - yəni sakit ol...
Xəstəxananın dəhlizi ilə necə getdiyimizi hiss etmirdim. Az qala bir qərinə əvvəl Nazı məni sürüyən kimi yoldaşım arxasınca sürüyürdü...
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Şandığa – köpək oğlu(ermənicə).
**Ana söyüşü (rusca).
***Hinc – Nədi? mənasında sual(ermənicə)
****Ana söyüşü (ermənicə).
28.03.2020
Seçilmişlər
Ən çox oxunanlar