Cəbrayılda Haykanuşla görüş...
Tarix: 22-04-2019 15:42
Seymur Vedrizadə
Bizə "sülh göyərçini" olmağı təklif edirlər. Deyirlər ki, əvvəl İrəvana, ordan da Qarabağa uçun. Əgər yolumuzu azmasaq, axırda qabağımıza bir ovuc dən tökəcəklər...
Bilənlər bilir, bilməyənlər üçün deyim ki, söhbət Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərindən gedir. Öz ana dilində Pakistan qaçqınları kimi danışan xarici siyasət idarəmizin başçısı Elmar Məmmədyarov deyib ki, azərbaycanlı jurnalistlərin İrəvana, ordan da Qarabağa səfəri planlaşdırılır. Neçə gündür media əhli bir-birinə dəyib, bu ideyanı dəstəkləyənlər də var, dəstəkləməyənlər də. Əksər həmkarlarım kimi mən də Qarabağa turist kimi səfər etməyin əleyhinəyəm. Ermənilərin orda mənə göstərəcəklərini 26 ildir yuxularımda görürəm...
Başa düşürəm, xalqlar əbədi düşmən ola bilməz. Bütün müharibələr sülhlə başa çatır. Şəxsən mən, regionda sülhün, əmin-amanlığın əleyhinə deyiləm. Di gəl ki, qarşı tərəf kompromisə getmək istəmir. Biz "sülh göyərçini" olub səmada qanad çalmağa hazırlaşdığımız bir vaxtda ermənilər kütləvi şəkildə Füzulinin, Cəbrayılın, Zəngilanın Arazboyu kəndlərində məskunlaşırlar. Uca dağlarımız, yaşıl bağlarımız, gözəl yaylaqlarımız onlara azlıq edir, indi də qışlaqlarımızda doğub-törəmək, artmaq istəyirlər. Torpaqları qaytarmağa hazırlaşan xalq Cəbrayılda məktəb, Füzulidə xəstəxana tikməz.
Bir anlığa təsəvvür edək ki, mənim də təmsil olunduğum Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağda səfərdədir. Birdən mənim vətənpərvərlik damarım baş qaldırır və ermənilərdən tələb edirəm ki, bizi Cəbrayıla, doğulub boya-başa çatdığım Soltanlı kəndinə aparsınlar. Öz torpaqlarımızda qonaq olduğumuzu nəzərə alan düşmən bu arzumuzu yerinə yetirir və biz Cəbrayıla gedirik. Bilirsiniz, mən orda hansı mənzərə ilə qarşılaşacam? Atamın halal zəhmətiylə tikdiyi evimiz yerlə yeksan edilib, daşını ermənilər daşıyıb, külünü külək havaya sovurub. Həmin vaxt özümü saxlaya bilməyib, yanımda dayanan Aşotun ağzının üstünə bir şillə vursam, nə baş verər? Ola bilsin ki, düşmən tərəf sülhpərvər olduğunu nümayiş etdirmək üçün dözümlü tərpənsin, amma yüz faiz əminəm ki, "xalq diplomatiyası"na zərbə vurduğuma görə Elmar müəllimin qəzəbinə tuş gələcəm. Bunu alternativi özümü arsızlığa qoyub, ata yurdumun xarabalığı fonunda şəkil çəkdirməkdir. Hətta utanmasam, Haykanuşun bişirdiyi yeməklərdən də dada bilərəm...
Elmar müəllim, inciməyin, mən bunu bacarmaram. Haykanuşun verdiyi yemək qurğuşun olub boğazıma yapışar, mən o zəhrimarı uda bilmərəm.
Əmim oğlu Mais 1993-cü ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Maisin son sözü bu olmuşdu: "Qızım olsa, adını Nərgiz qoyarsınız". Dünyaya yenicə göz açan körpə balasını görmək Maisə nəsib olmadı. İndi mən İrəvandan gələndə Maisin 26 il əvvəl sinəsinə çalın-çarpaz dağ çəkilmiş yaşlı anasına nə deyim, erməniyə baxan gözlərimlə onun üzünə necə baxım?
"Yeni Müsavat" qəzetində çalışan həmkarım Etibar Seyidağa jurnalistlərin Ermənistana və Dağlıq Qarabağa nəzərdə tutulan səfəriylə bağlı məndən münasibət öyrənəndə, belə dedim: "Lələtəpədən bizim kəndimizə yarım saatlıq yoldur. Mən bu marşurutu təklif edirəm. Əlimdə silah öndə getməyə, bələdçilik etməyə hazıram".
Bilirəm, bu yol təhlükəlidir, işin içində qan-qada var, ölüm var. Onsuz da hər dəfə Qarabağın adı gələndə ölüb yerə giririk. Heç olmasa, kişi kimi ölək...
Seçilmişlər
Ən çox oxunanlar