Azərbaycanın dərman bazarındakı anarxiya-ARAŞDIRMA
Tarix: 05-01-2015 17:22
Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiyməti bundan sonra müvafiq icra hakimiyyəti tərəfindən tənzimlənəcək. Bu barədə məsələ Milli Məclisdə "Dərman vasitələri haqqında" Qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli dəyişikliklər haqqında məlumat verərək qeyd edib ki, dərman ciddi məsələ olduğuna görə, buna mütləq dövlət nəzarəti olmalıdır.
H.Rəcəbli həm də deyib ki, bir çox hallarda dərman vasitələrinin qiyməti süni şəkildə artırılır. Bu baxım-dan, dərman vasitələrinin qiymətləri də tənzimlənməlidir ki, vətəndaşlar dərman alarkən aldanmasınlar.
Müzakirələrdən sonra qanuna təklif edilən dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Məsələ ondadır ki, hazırda Azərbaycanın dərman bazarında ciddi problemlər var. Bu problemlərdən ən təhlükəlisi, müxtəlif vasitələrlə, mənşəyi məlum olmayan, saxta və keyfiyyətsiz dərmanların ölkəyə gə-tirilməsidir. Kifayət qədər nəzarətin olmaması isə belə dərmanların satışa çıxarılmasına və insanların isti-fadəsinə səbəb olur.
Digər problem dərman biznesinin də ayrı-ayrı yüksək vəzifəli məmurların və ya onlara yaxın şəxslərin inhisarda olmasıdır. Bu da ölkədə dərmanların qiymətində süni artımın yaranmasına rəvac verir. Elə bu səbəbdən də hökumət önləyici addımlar atmağı qərara alıb.
Qanundakı dəyişiklik problemi həll edəcək?
Azərbaycan Tibb Universitetinin müəllimi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev"Reytinq"ə açıqlamasında deyib ki, dərman preparatlarının dövriyyəsinin tənzimlənməsi yaxşı hal olsa da, qanun dəyişikliyi bu sahədəki problemin həll ediləcəyini deməyə əsas vermir.
Ə.Əliyev də dərman və digər tibbi vasitələrin qiymətlərinin tənzimlənməsi işində ciddi problemlərin mövcudluğunu diqqətə çatdırıb. Deyib ki, dərman satışı ilə məşğul olan şirkətlərin həkimlərlə əlbir fəaliyyəti insanların sağlamlığı üzərində çirkli biznes qurulmasıdır.
Ə.Əliyevin sözlərinə görə, xalq arasında "firma dərmanları" adı ilə məşhurlaşmış bu qəbil preparatlar insanlara eyni tərkibli başqa dərmanlardan 3-4 dəfə, bəzən hətta daha baha başa gəlir:
"Arada əmələ gələn fərqi isə həkimlə şirkət müəyyən tənasüblə bölür. Əgər bu qanun dəyişikliyinin qəbulunda "xəlçəaltı" məqsədlər yoxdursa, onda, qeyd olunan qaydada fırıldaqçılığın miqyası kiçilə bilər".
Farmasiya dərman ticarəti səviyyəsinə endirilib
Müsahibimizin fikrincə, "dərman bazarı" adlandırdığımız, əslində isə farmasiya və ya əczaçılıq adlanan sahədə vəziyyət olduqca bərbaddır:
"Təsadüfi deyil ki, siz sahəni adlandıran zaman dünya biznesində faydalılıq əmsalına görə 3-cü sırada yer alan sənaye sahəsini bazara bənzətdiniz. Bunun günahı bu sferaya cavabdeh olan şəxslərdədir. Azərbaycan idarəçilərinin səhv siyasəti nəticəsində farmasiya ölkəmizdə dərman ticarəti səviyyəsinə endiri-lib. Hesab edirəm ki, bu sferaya neft gəlirləri düzgün yatırılsaydı, Azərbaycan regionda dərman və tibbi ləvazimat ixracatçasına çevrilərdi. Bunu etmək üçün ölkəmizdə bütün imkanlar var idi. Bu gün isə bu sahə Səhiyyə Nazirliyinin bir şöbəsi səviyyəsinə endirilib. Bu sferanın təşkili diqqət tələb edir. Diqqət göstərmək üçün isə istəkdən əlavə iradə və bacarıq lazımdır ki, sahə inkişaf etdirilsin. İradə daxili proteksiya maneələrini aşmaq, bacarıq isə əczaçılıq sferasının yenidən təşkili üçün lazımdır. Mənə elə gəlir ki, bu sahədə müvafiq Dövlət Proqramına ehtiyac var".
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, müstəqil tədqiqatçı İlqar Altay isə bildirib ki, bu sektor insan həyatı üçün əhəmiyyətli olduğundan daha çox diqqət tələb edir və dövlət tərəfindən tənzimlənməlidir.
Başıpozuq dərman ticarəti narkotika qədər təhlükəlidir
Dərman vasitəsinin ən önəmli sferaya - insan sağlamlığına xidmət edən əsas komponent olduğunu deyən İ.Altayın sözlərinə görə, keyfiyyətsiz, saxta və ya müasirliyini itirmiş köhnə, effektsiz dərmanlar minlərlə vətəndaşın sağlamlığına təhlükədir:
"Bundan başqa, dərman ticarəti üzərində möhtəkirlik və fırıldaqçılıq digər ticarət növlərindən qat-qat asandır. Məsələn, hər hansı ərzağın qiymətini hamı bilir və onu çox da süni artırmaq olmur. Ancaq ölkəyə yeni gətirilən dərman preparatlarının qiyməti barədə əhalidə məlumat olmur. Maya dəyəri 3 manata ölkəyə gətirilən dərmanı hətta onqat artığına, yəni 30 manata da satırlar. Yaxud bir aptekdə 12 manata rast gəlinən eyni dərmanı 200 metr aralıdakı aptekdə 2 manata almaq olur. Yəni, nəzarətsiz, sistemsiz, başıpozuq dərman ticarəti narkotika alveri qədər qanunsuz gəlir gətirir və bir o qədər də sağlamlığa ziyan vurur. Bu hal insanlarda narazılıq yaradır. Çünki xəstə, təqaüdçü, imkansız əhalinin külli məbləğdə pulu ədalətsiz olaraq, bir qrup möhtəkirin cibinə axır".
Ekspert bildirib ki, ölkədə hər sahəyə nəzarət edə bilən güclü dövlət dərman ticarəti kimi ən önəmli sahəni indiyədək nəzarətsiz buraxıb. Yəni, bu gün ölkədə satılan benzinin, işığın, çörəyin, hətta ətin qiyməti şəffafdırsa, dərmanların qiyməti əhali üçün müəmmalı olaraq qalır. Belə bir hal isə ölkədəki ümumi səhiyyə sisteminin də fəaliyyətinə kölgə salır. Ona görə də ölkənin ümumi dərman mühitinin tənzimlənməsi barədə mükəmməl qanunvericilik bazasının yaradılmasına ehtiyac var. Bundan az olmayan faktor isə, həmin qanunvericilyin sərt icrasının mükəmməl təşkilidir.
İlboyu araşdırma işləri ilə əlaqədar xarici ölkələrdə olduğunu söyləyən İ.Altay bu zaman müşahidələr də aparır. Onun sözlərinə görə, sivil, inkişaflı ölkələrdə ən sərt rejim dərman istehsalı, satışı və istehlakı üzərindədir:
"Əvvəla, həmin ölkələrdəki bütün apteklər əhalinin ehtiyacı üzrə standart yerlərdə və ölçüdədir.
İkincisi, reseptsiz heç bir aptekdə heç bir dərman ala bilməzsən.
Üçüncüsü, dərmanların qiymətində konkret sabitlik, eynilik var. İnsanlar qiymət və keyfiyyət baxımından tam arxayındırlar".
Qanun inhisarçıların işinə yarayacaq
Onu da nəzərə çatdıraq ki, deputat Vahid Əhmədov Milli Məclisin iclasında "Dərman vasitələri haqqın-da" Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən tənqidi fikirlər səsləndirib. Deputat qeyd edib ki, dərman vasitələri daxili bazarlarda müxtəlif qiymətlərə satılır:
"Bu dəyişiklik ölkə prezidenti tərəfindən Milli Məclisə təqdim olunub. Bu dəyişiklikdə "Dövlət qeydiyya-tında olan dərmanlar" sözləri işlədilib. Yəni, dövlət qeydiyyatında olmayan dərmanlar da var? Bu, o deməkdir ki, istənilən dərmanı gətirmək, istənilən qiymətə satmaq olar.
Bəzi dövlətlərdə dərmanların qiymətində yuxarı hədd qoyurlar. Ondan yuxarı keçmək olmaz. Aşağı həddə isə istənilən qiymətə sata bilərsən. Əgər biz dərman vasitələrinin qiymətini tənzimləmək istəyiriksə, o zaman Rəqabət Məcəlləsini qəbul etməliyik. Biz bilirik ki, ölkədə dərman bazarı inhisardadır. Bunu heç kim gizlətməsin. İstənilən sahibkar gedib Türkiyədən Azərbaycana dərman gətirə bilməz. Kimlərə nə aiddirsə, bunu Azərbaycan cəmiyyəti çox gözəl bilir. Bu qanun da bir qədər qaranlıq yazılıb. Qanunun qəbul edilməsi dərmanların qiymətinə heç bir təsir etməyəcək. Bu yalnız müəyyən qruplara xidmət edən dəyişiklikdir. Təklif edirəm ki, bu qanun layihəsinin üstündə yenidən işlənilsin".
İnhisarçılıq dövlətçiliyimizə də təhlükə yaradır
İlqar Altay da Azərbaycanda dərman dövriyyəsi üzərində ciddi inhisarın olduğunu vurğulayıb və bunun ciddi fəsadlar yaratdığını dilə gətirib. Bu səbəbdən də inhisarın dərhal aradan qaldırılmasını istəyir. Çünki bu sahə bir başa insan sağlamlığı ilə bağlıdır və burada heç bir güzəştdən söhbət gedə bilməz:
"Bunun iqtisadi tərəfini də düşünmək lazımdır. Çünki bir şeyi xaricdən gətirib onqat artığına satmaq imkanı olan yerdə, bu qədər çoxlu pul dövriyyəsi olan yerdə, inhisar da, mütəşəkkil qanunpozucu qruplaş-maların fəaliyyəti də mümkündür. Əhalinin ən mühüm ehtiyac duyduğu dərman məhsulları üzərində inhisar artıq təhlükəli həddədir. Bu həm əhali, həm də dövlətçilik üçün təhlükəlidir və bunun qarşısı qısa müddətdə alınmalıdır. Hesab edirəm ki, bu problemlər ölkədə dərman dövriyyəsi mühitinin dövlət tərəfindən tam nəzarətə götürülüb tənzimlənməsinə ehtiyac yaradır".
Tanınmış iqtisadçı fərqli təkliflə çıxış edir
İqtisadçı-ekspert Azər Mehdiyev isə digər ekspertlərdən bir qədər fərqli düşünür. O, "Reytinq"ə açıqlamasında deyib ki, dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi məqbul variant deyil və bu sahəni də bazar tənzimləməlidir:
"Söhbət dərman bazarında baş verən poseslərdən gedirsə, burada məsələyə iki aspektdən yanaşmaq lazımdır.
Birincisi, ölkəyə gətirilən dərmanların təhlükəsizliyinin qiymətləndirilməsi olduqca vacibdir. Çünki dərmanların kefiyyətinin hansı səviyyədə olmasına hökumət tərəfindən ciddi nəzarət olmalıdır.
İkincisi, bu dərmanların gətirilməsində inhisarçılıq aradan qaldırılmalıdır. Əgər bu inhisarçılıq aradan qalxarsa, dərman bazarında qiymətlərin tənzimlənməsi mümkündür".
Bu sahədə hüquqi baza formalaşdırmağın və buna uyğun tənzimləmənin mümkünlüyünü dilə gətirən A.Mehdiyev bu sistemdə öncə keyfiyyəti vacib sayır:
"Bunun üçün Səhiyyə Nazirliyi əsas dərman komponentlərinin tərkibini təsdiq etməlidir. Əsas komponentlər müəyyən olunduqdan sonra cəmiyyət üçün də aydınlaşma yaranır. Yəni, firmaların buraxdığı dərmanlarla əsas dərmanlar arasındakı fərq ortaya çıxar və insanlar bunu ayırd edə bilirlər. Əslində, fir-ma dərmanlarına əlavə komponentlər qatmaqla, onları müxtəlif adda satışa çıxarırlar. Bu zaman da əsas dərmanlardan fərqli olaraq, həmin məhsulların qiyməti baha olur. İcbari tibbi sığortanın tətbiqində də bu modeldən çıxış etmək lazımdır. Əgər əsas dərman komponentlərinin tərkibi təsdiq olunsa, ölkəyə gətirilən dərmanların keyfiyyətinə ciddi nəzarət edilsə, üstəlik, bazardakı inhisarçılıq aradan qaldırılsa, qiymətlərin tənzimlənməsi öz-özlüyündə baş verəcək".
Qanunlar və standartlar kağız üzərində qalır
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da dərman qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinə fərqli mövqedən yanaşır. O, dərman qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı xüsusi bir qanunun qəbuluna ehtiyac olmadığını bildirib. Ekspertin qənaətincə, Səhiyyə Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi bu problemi həll edə bilər:
"Son aylar bizim birlik, o cümlədən bəzi aidiyyəti orqanlar bu istiqamətdə işlər görürlər. Çünki mütəmadi olaraq, çoxsaylı istehlakçı şikayətləri daxil olur və biz də bunları araşdırırıq. Təbii ki, bunu bütün dərmanlara şamil etmək doğru olmazdı. Normal, keyfiyyətli dərmanlar da var. Doğrudur, Azərbaycanda qiymətlər həddindən artıq bahadır. Çünki dərman bazarında da inhisarçılıq hökm sürür. Səhiyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bir sıra ilkin təlabat dərmanlarının qiymətlərini sabitləşdirmək üçün müəyyən tədbirlər görə bilərlər. Bu sahədəki qanun dəyişiklikləri də müsbət qiymətləndirilə bilər. Amma bir mənfi tendensiya var ki, qanunlar və standartlar hamısı kağız üzərində qalıb. Bunlar da istehlakçı hüquqlarını qoruyan kompleksin çox zəif olmasından irəli gəlir. Hər halda, bu istiqamətdə ciddi addımların atılması zəruridir".
reytinqinfo.az
Seçilmişlər
Ən çox oxunanlar