Dövlət müəssisələrinin alacaqları malların qiymətini hansı üsullarla hesablayacaqları müəyyənləşib
Nazirlər Kabineti "Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nı təsdiqləyib.
Bu Üsullar dövlət vəsaitləri hesabına məkəzləşdirilmiş qaydada satın alınan ərzaq məhsulları və tarifləri dövlət tərəfindən tənzimlənən mallar (işlər və xidmətlər) istisna olmaqla, dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsullarını müəyyən edir. Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tender komissiyası yaradılmasından əvvəl bu Üsullarla malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti (vergi və rüsumlar nəzərə alınmaqla) hesablanır. Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması zamanı bir mənbədən satınalma metodu tətbiq edildikdə, müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti bu Üsullara uyğun hesablanır.
Satınalan təşkilat malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi üçün peşəkar qiymətləndiricilər cəlb etdiyi hallarda, onlar tərəfindən malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti bu Üsullarla hesablanır. Satınalan təşkilat satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini təklif zərflərinin açıldığı günədək məxfi saxlayır və tender nəticələrinin qiymətləndirilməsi üçün istifadə edir.
Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları statistik, bazar (sorğu), açıq informasiya üsulu və analoq üsullarıdır. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 2 və daha çox üsulla hesablandıqda, ən aşağı olan qiymət ehtimal olunan qiymət hesab edilir.
Satınalan təşkilat satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərini hesablamaq üçün ilk növbədə, həmin malların (işlərin və xidmətlərin) qiyməti barədə dövlət statistika orqanlarının bu barədə statistik məlumatlarının olub-olmamasını araşdırır. Malların (işlərin və xidmətlərin) qiyməti barədə dövlət statistika orqanları tərəfindən statistik məlumatlar açıqlandıqda, ehtimal olunan qiymətin hesablanması üçün açıqlanmış son məlumat üzrə malların (işlərin və xidmətlərin) topdansatış qiyməti əsas götürülür. Malların (işlərin və xidmətlərin) bu Üsullara uyğun müəyyən edilmiş qiyməti malların (işlərin və xidmətlərin) satın alınması planlaşdırılan həcminə vurulmaqla, malların (işlərin və xidmətlərin) dəyəri müəyyən edilir. Müəyyən edilmiş qiymətlərə vergi (ƏDV və aksiz) və gömrük rüsumları daxil edilmədiyi təqdirdə, həmin qiymətlərin üzərinə qüvvədə olan qanunvericiliklə müvafiq mallar (işlər və xidmətlər) üçün müəyyən edilmiş vergi (ƏDV və aksiz) və gömrük rüsumlarını gəlməklə malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti hesablanır.
Bazar (sorğu) üsulu ilə malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanmasına gəlincə, satınalan təşkilat satın alınması planlaşdırılan malların (işlərin və xidmətlərin) təchizatını (işlərin görülməsini və xidmətlərin göstərilməsini) həyata keçirən ən azı 3 malgöndərənə (podratçıya) rəsmi məktub göndərərək və ya ən azı 3 obyektdən (adını və ünvanını göstərməklə) məlumatları sərbəst şəkildə toplayaraq qiymətlər barədə məlumat alır. Satınalan təşkilat malgöndərənin (podratçının) təqdim etdiyi qiymətlərə bütün vergi və digər ödənişlərin daxil edilmiş olduğunu yoxlayır və lazım gəldikdə, malgöndərənlə (podratçı ilə) dəqiqləşdirir.Əldə edilmiş qiymətlər əsasında orta riyazi qiymətlər müəyyən edilir. Orta riyazi qiymətləri malların (işlərin və xidmətlərin) satın alınması planlaşdırılan həcminə vurulmaqla, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti hesablanır.
Açıq informasiya üsulu ilə malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üçün satınalan təşkilat satın alınması planlaşdırılan malların (işlərin və xidmətlərin) təchizatını (işlərin görülməsini və xidmətlərin göstərilməsini) həyata keçirən ən azı 3 malgöndərənin (podratçının) müxtəlif açıq informasiya mənbələrində (adını göstərməklə) yayımlanan qiymətlər barədə məlumatları əldə edir. Satınalan təşkilat malgöndərənin (podratçının) müxtəlif açıq informasiya mənbələrində yayımlanan qiymətlərinə bütün vergi və digər ödənişlərin daxil edilmiş olduğunu yoxlayır və lazım gəldikdə malgöndərənlə (podratçı ilə) dəqiqləşdirir. Əldə edilmiş qiymətlər əsasında orta riyazi qiymət müəyyən edilir. Müəyyən edilmiş orta riyazi qiyməti satınalınması planlaşdırılan malların (işlərin və xidmətlərin) həcminə vurulmaqla, onların ehtimal olunan qiyməti hesablanır.
Satın alınması planlaşdırılan mallar (işlər və xidmətlər) bazarda olmadıqda və ya onların bazar qiyməti haqqında məlumatın əldə edilməsi qeyri-mümkün olduqda, satınalan təşkilat analoq üsulundan istifadə edir. Satınalan təşkilat satın alınması planlaşdırılan mallardan (işlərdən və xidmətlərdən) funksional, texniki və keyfiyyət xüsusiyyətlərinə görə əhəmiyyətsiz dərəcədə fərqlənən malları (işləri və xidmətləri) müəyyən edir. Müəyyən edilmiş malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti bazar (sorğu) və ya açıq informasiya üsullarının birinə uyğun hesablanır.