Azərbaycanda müxalifətçilik fəlsəfəsi
Tarix: 28-11-2014 22:06
Xalqa xidmət anlayışı, xalqa xidmət modeli onu tələb edir ki, dünən sənin xalq üçün faydalı olan şüarın bu gün yanlış ola bilər. Eyni şüarı 20-30 il arxasınca sürüyüb gətirən bir müxalifətçilik bu gün əvvəl-axır iflasa uğramalıydı. Bizdə əslində siyasi müxalifət iflasa uğrayıb, amma fikir müxalifəti hələ təzə-təzə formalaşmağa başlayır.
Məşhur Robespyerin fəxri “kasıbçılıq” adlı bir ifadəsi var. O kasıbçılığı cəmiyyət üçün ideoloji bir tezisə çevirmişdi: “Zənginliyə qarşı cəmiyyətdə bir ikrah var və bu fəxri kasıbçılıq hər kəs üçün, xüsusilə də ideoloji qəliblər içində olan insanlar üçün xüsusi bir tanıtım forması olaraq seçilmişdi”. Fəxri kasıbçılıq bizim dövrdə tam başqa cür təzahür olunmağa başladı - fəxri müxalifətçilik. İnsanlarda tutduğu siyasi mövqe, statusla fəxarət duyma anlayışı geniş yayılmağa başladı və bu da insanların öz mövqeyinə bir tutuculuğunu, konservativ yanaşmanı formalaşdırdı. Bunu dəyişmək uzun vaxt tələb etdi, hətta dəyişmək bəzən ölüm-dirim, cəsarət məsələsinə çevrildi, hansısa kütlə ilə üz-üzə qalmaq bahasına bir riskə çevrilməyə başladı. Əslində normal cəmiyyətlərdə bu belə deyil, bu dəyirman çarxı kimi bir nöqtədə olan çarxın həmişə aşağıda və ya həmişə yuxarıda olması nəzərdə tutulmur. Demokratik, mədəni cəmiyyətlərdə insanlar daha çox bəlli bir fikirlə cəmiyyəti inandıraraq, cəmiyyəti o fikrin doğruluğunu həzm etməklə, özünə tərəfdar toplayaraq nələrisə dəyişməyə başladılar. Biz də isə bunun əksinə oldu, fikir dəyişmədi, status dəyişmədi, amma bunun əks tərəfində olaraq bir zaman dəyişdi. Zaman yeni terminlər, davranışlar, münasibətlər, internet, yeni texnologiya gətirdi. Əvvəllər bu texnologiya olmayanda, informasiya paylaşımı üçün başqa vasitələr yox idi. Bir meydanda çığırtı, yüksək tonla şüarın səslənməsi daha çox riqqətə gətirirdi, bəlağət üslubunda daha çox insanlara təsir edə bilirdin. Amma indi faktiki olaraq duyğulara təsir etmək yolları var, bu yollar sosial şəbəkələrdən, televiziya məkanından keçir. O baxımdan da Azərbaycanda müxalifətçilik sanki donmuş bir düşüncə tərzi olaraq qalmağa, donmuş bir davranış biçimi olmağa başladı. Kimlərsə bu donu açmağa başlayanda başqaları yerdən tapdığı qırılmış buz parçalarını həmin adamlara tullamağa başladılar. Həmin adamın başını yarmağa başladılar ki, sən nə üçün bizim alışdığımız, bir yerdə sabit qalmış buzu parçaya çevirdin. Amma əslində bu başlamalı idi. Müxalifətçiliklə fəxr etmək olmaz, heç iqtidarçılıqla da fəxr etmək olmaz. Fəxr olunası məqam xalqa xidmət üçün hansı mövqedə olmağından asılı olmayaraq, onun modelini doğru tapmaqdı. Ola bilər ki, 30 il müxalifətdə olarsan, amma sənin fikirlərin insanların beynində iqtidarda olar, elə olar ki, 30-50 il iqtidarda olarsan, amma fikirlə cəmiyyəti təsir altında saxlaya bilmərsən. İnsanlar siyasətdə bu modeli doğru mənimsəyəndə nələrsə dəyişir. Bu gün Azərbaycan müxalifətinin ən böyük problemi bu oldu ki, çağırış anında, yeni dövrün çağırışına adekvat cavab vermədilər, fikircə yeniləşmək üçün riskə getmədilər. Fikircə yeniləşmə həm də keçmişdə olduğun bir neçə tezisdən, davranışdan imtinadır.
Azərbaycan cəmiyyəti Xeyir-Şər dualizmindən doğulmuş bir cəmiyyətdir. Bizdə əslində dövlət tolerantdır, amma cəmiyyət faktiki olaraq tolerantlığa alışmamış cəmiyyətdir. Müəyyən sferalarında natamam tolerantlıq anlayışı müxalifətə də köçüb. Və müxalifətdə daha çox bu düşüncə ortaya çıxmağa başlayır ki, mövqe olaraq mən Xeyirəm, iqtidar isə Şərdir. Mövqe olaraq bir partiya şər mövqedə ola bilər, amma onun içində yüzlərlə insan var ki, doğru mövqedə dayanır. Demək, hamısını mövqe olaraq şər götürmək tamamilə cəmiyyəti doğru təhlil etməməyə gətirib çıxarır. Bizdə bu anlayış önə çıxmağa başladı və bu da insanları daha çox mövqedə möhkəmlənməyə, fikri-düşüncəni o mövqenin səngərlərini qazmağa, orda daha çox möhkəmlənməyə, özünümüdafiə qurğularını formalaşdırmağa gətirdi, halbuki mövqeyə yönəlməkdənsə daha çox fikircə xeyir olmağa yönəlmək lazım idi və bundan imtina edildi. Nə qədər dəyərləri itmiş olursa-olsun, cəmiyyət xeyiri, faydanı seçə bilir. O baxımdan da müxalifət mövqe olaraq xeyir-şəri yanlış bir istiqamətdə götürdü və fikircə xeyir-şər bölümünə gəlib çıxa bilmədilər. İndi ona çalışmaq lazımdır ki, sən əgər müxalif düşüncədəsənsə, mövqe hansı cinahda, hansı platformada olmağından asılı olmayaraq, sən faydalı sözü, fikri cəmiyyətə təqdim edə bilirsənsə, cəmiyyət mütləq onu götürəcəkdir. Azərbaycan müxalifətində bu natamamlıq imkan vermədi və 20-25 il ərzində hətta iqtidara qarşı olan antipatiyası da bəzən cəmiyyətdə iqtidara qarşı simpatiyanın yaranmasına səbəb oldu. Təqdim olunandan çox şey asılıdır və bu problemlər bugünkü Azərbaycan müxalifətinin xarakterik bir xüsusiyyətidir, bunu da biz doğru təhlil etmirik. Faydalılıq əmsalı üzərində siyasətçilər düşünsələr, daha çox irəli gedib fayda verə bilərlər".
Azərbaycan Xalq Cəbhəsi modelində bir nəfərin xarizması üzərində hər şey yönləndirildi və partiyanın lideri vəfat edəndən sonra adamlar axtarışa girmək istəmədilər: Hamı maqnit axtarır, istəyir ki, kimsə cəlb eləsin, orda toparlansın, aura olsun və orda özünün təhlükəsizlik zolağını qursun. Amma biz mahiyyətcə Xalq Cəbhəsi ideologiyasını öyrənməmişik. Bu ideologiyanın məqsədinin nədən ibarət olduğunu özümüz də dərk etmədən, sadəcə, kağız üzərində yazdığımız fikirlər var idi. Bir çox ideyalar vardı ki, bunların heç birinin əsaslandırılmış hər hansı bir şəkildə elmi- konseptual formatı yox idi. Sadəcə, bu şüarı Əbülfəz Elçibəy dilə gətirdiyinə görə biz bu şüarı sevirdik, o ideyanı sevirdik, o, rəhmətə gedəndən sonra Bütöv Azərbaycan Birliyi, o ideyanı əsaslandıran adamlar da yoxdur. Yəni buna hazırlıq olmayanda bu qurumlar dərhal sıradan çıxmalıdır. Müsavatda da bu belədir. Tam əminliklə deyirəm ki, Məhəmməd Əmin Rəsulzadə modelini, mahiyyətini, dinə, tarixə baxışını izah etmələrini istəsən, əksəriyyət izah etməkdə aciz qalacaq, çünki oxuyub Məhəmməd Əminin nə istədiyini anlaya bilmədilər. O, beş dəfə düşüncə dəyişikliyi yolu keçib, səbəbi də odur ki, Məhəmməd Əmin Rəsulzadə təfəkküründə olan insanın birinci məqsədi xalqa xidmət idi. Hansı dövrdə hansı ideya xalq üçün daha zəruri idisə, onu edirdi. Bunu dərk etməməyin problemi yaşanır. Hər kəs beynində tutub ki, bu şəxs getsin, o şəxs gəlsin, nəsə dəyişəcək, amma gələn şəxs mütləq ideoloji, siyasi fikir materialı hazırlayıb verməlidir. Çünki adamı müzakirə etməkdənsə, partiyalar fikirləri müzakirəyə çıxarsalar, daha çox o fikir ətrafında gəncləri, dünyagörüşü yenicə formalaşan insanları cəlb etsələr, böyük bir gücə çevrilə bilərlər. Rəqiblər dartışanda da heç kim fərqli bir model, düşüncə təklif etmir. Bizdə siyasətə gəlməkdə psixoloji faktor rol oynayır, siyasi liderin xarizması üzərində bu təşkilatlar formalaşıb, bu gün də artıq o çözülür. Siyasi lider fərd olaraq qalib gələ bilmirsə, hansısa seçkini uda bilmirsə, hansısa bir siyasi prosesi uğurla başa vura bilmirsə, artıq sınma prosesi, ittiham başlayır. Amma düşüncəyə, ideologiyaya bir bağlılıq olanda, artıq uduzmaya o cür baxmırlar, insanlar ideya üzərində köklənirlər və problem olmur.
Bizdə arxayın olacağımız güc olmadığına görə prosesləri irəli apara bilmirik. Əgər nəyəsə başlayırsansa, onun arxa planında sənin kifayət qədər maddi, siyasi, kütləvi, başqa hazırlıqların yetərli səviyyədə olmalıdır ki, böyük prosesə başlaya biləsən. Mənim də əvvəllər baxışım fərqli idi, amma zamanla gördüm ki, bu təşkilat tutuculuğu ilə biz xalqa faydalılığı itiririk. Mən başqa bir platformada xalqa fayda verə bilərəm, nəinki zombiləşmiş cəbhəçi obrazı ilə ziyan vuraram. İdeoloji zəhərlənmə olanda fikirləşirsən ki, mən kamiləm, məndən kənarda olan insanlar cahil və qeyri-kamildir. Tutaq ki, dini yaxşı anlayanda o, hidayətə gətirir, yanlış anlayanda isə cəhalətə. Ana müxalifətdə söhbət tərəfdar və üzv kütləsinin çoxluğundan getmir, ana müxalifətdə söhbət sənin liderinin düşüncələrinə sayğı duyan insan sayının çoxluğundan, ortaya nə qoymağından gedir. Azərbaycan müxalifətində bu sorğulanmalıdır ki, sənin müxtəlif sahələrə baxışın necədir. Yəni hansısa bir formada insanlara təqdimat verirsənsə, sən problemləri bilməlisən ki, zərər vura bilməyəsən, fayda verməsən belə ən azından onun problemini çətinləşdirməyəsən. Bizdə insanlar buna özünü hazırlamaqdan imtina ediblər.
Bizdə alimlər də elədi, biri ad aldısa, 20-30 il yazısı olmur, titul boş şeydir, elə insanlar var ki, onun titulu yoxdur, amma fəlsəfi biliyi bütün dünyanı fəth edir. Siyasətdə, mətbuatda, elmdə də bizim arzuladığımız səviyyədə kadr tapmaq çətinləşib. Hamı hər şeyi bilir, informasiya sahibidir, amma böyük çoxluğu bilgi sahibi deyil. İndi informasiya əsridir, informasiyanı yığırıq, amma üyüdülməmiş dən kimi istifadə edirik. Hər sferada normal bilgi sahibi olan insanların çoxluğuna ehtiyac var, siyasətdə də bu vacibdir. Naşı bir siyasətçinin fikri böyük bir ölkədə problem yarada bilər, bunun şahidi olmuşuq. Düşüncə olaraq bir-birinə müxalif-iqtidar olmaq lazımdı, insan, fərd olaraq yox. Fikircə, düşüncə olaraq fərqli olmaq lazımdı, bu fikirlərin zənginliyidir. Biz yeni dövlətik, biz axtarışdayıq, hələ düşüncə modelini tapa bilməmişik, dünya arenasına çıxan ədəbiyyatımız yox. Bütün bunların hamısını birlikdə müzakirə edərək, Azərbaycan modelinin tapılması, gələcəyinin qurulmasına çalışaraq bəlli bir konturları müəyyən eləməliyik.
Biz nə siyasiləşmiş insan olduq, nə də ideologiyada tutucu olduq, biz, sadəcə, praktik insan tipiyik. Praktik zəkası çox çevik işləyən bir millətik ki, bu da çox üstün bir keyfiyyətdir, amma bunun bir əxlaq modeli natamamlıqlarla doludur, bunu doldurmaq lazımdır. Bəzən insana doğru mühakimə tərzi vermək lazımdır. Doğru mühakiməsi olmayan ölkələr faydasız bir şeyi yaşam tərzinə çevirə bilir, necə ki, biz adət-ənənəmizdə yüzlərlə mənasız, faydasız şeyləri doğru mühakimə olmadığına görə götürmüşük. Cəmiyyəti buna gətirmək lazımdır, onda görəcəksiniz ki, cəmiyyət istedadsız cəmiyyət deyil. Praktik zəkası olan bir cəmiyyətin həm də əxlaqi dəyərləri zəmin üzərinə oturanda, onda mən inanmıram ki, bu millətin edə bilməyəcəyi nəsə olsun. Aparıcı dünya millətlərindən birinə çevrilmək potensialına sahibdir.
Azərbaycanda ilk növbədə partiyaların fəaliyyət sferası genişlənməli, genişlənmək üçün mütləq proporsional seçki sistemi gündəmə gəlməlidir. Bu olmayanda partiyanın təqdimatı olmur: Partiya demokratiyası artdıqca partiyaların rolu artacaq, onda BQP də öz partiya gücünü, partiya statusunu artırmağa diqqət yetirəcək. Tipaj olaraq öz düşüncəsi, fikri, ideyası olan insanlar kiməsə işləmirlər, öz ideyalarını həyata keçirmək üçün mümkün yolları, vasitələri doğru dəyərləndirib öz fikirlərini cəmiyyətə çatdırılar. Kiməsə işləmək üçün kimsə göstəriş verməlidir, mənə düşüncə olaraq kiminsə göstəriş verməsi çox mürəkkəb bir məsələdir. Sadəcə, realist bir mövqe tutduğumuza görə, Azərbaycanın bugünkü vəziyyətinə real baxdığımıza görə belə düşünürlər. Mənim əvvəlki fikrim o idi ki, nə olursa-olsun, biz hakimiyyətə gələk, bu gün bu mənim üçün önəmli məsələ deyil. Mənim üçün önəmli məsələ Azərbaycanın mövcudluğu və gələcəkdə bizim arzuladığımız modelə gəlməsidir. Bunu kim edəcəksə, mən ona minnətdar olaram. Əsas olan fikrin qalib gəlməsidir, bunun savaşını verəndə dərhal fikirləşirlər ki, dəyişməmək yaxşı xüsusiyyətdir. İnsanlar düşünür ki, mənim öyrəndiyim budur, bundan o tərəfə mənim fikrimi dəyişməyəcəksən, mən fikir və düşüncə olaraq səndən uzaqdayam, səni qəbul etməyəcəm. Amma etiraf özü də bir böyüklükdü, eyni zamanda özünə tənqidi yanaşmaqdı. Mən hesab edirəm ki, mədəni dünyanın tələbləri nəyi diqtə edirsə, artıq ona doğru yavaş-yavaş yönlənməliyik, müxalifət-iqtidar münasibətləri hüquqi zəminə oturmalıdır. Sivil qaydalarla istər müxalifətin iqtidara münasibəti tam sabitləşməlidir, istərsə də əksinə. Parlamentdə lazım olsa, bir fraksiya formalaşmalıdır, bu dövlət üçün də vacibdir. Hələ biz bu modelləri istifadə edəcək qədər irəliyə getməmişik, onda dövlət güclü olar. Elə söz var ki, bunu iqtidar deyə bilməyəcək, elə etiraz var ki, bunu müxalifət deyə bilər. Ölkədə funksional bölgü olmalıdır, bu daxili bir vətəndaşlıq bölgüsüdür.
Hamımızın məqsədi Azərbaycanın keyfiyyətli və hüquqa dayanıqlı bir məkan olaraq qəbul edilməsidir. Bunun üçün də birlikdə çalşmaılıyıq, başqa yolumuz yoxdur.
Seçilmişlər
Ən çox oxunanlar