İSMAYIL İMANZADƏNİN UŞAQ ŞEİRLƏRİNDƏN İBARƏT “HƏR ÇƏMƏNDƏN BİR ÇİÇƏK” KİTABINA ÖN SÖZ
Tarix: 30-06-2023 12:26
Sivilizasiyalar arasındakı əsas fərqlərdən biri də uşağa baxışdır. Uşaqlar bizim dünyamızda həmişə məsumluğun təcəssümü kimi qəbul ediliblər. Onlar böyüklərdən fərqli (bəzi aspektlərdə daha zəngin) bir varlıq olduqlarına görə, həmişə onlara müraciət etməyin yeni yolları axtarılmışdır. Belə ki, dövr dəyişdikcə uşaqlar üçün yeni nəşrlərə də ehtiyac yaranır.
Uşaq şeirləri yazmaq üçün uşaqların dünyasını araşdırmaq, onların saf, zəngin və rəngarəng aləmini tanımaq, xəyallarındakı “arzularını” bilmək lazımdır. Bu, təmiz və ya ən azı kin, ehtiras və ya dünyəviliklə çirklənməmiş bir dünyanın qapılarını açmaqdır ki, şair İsmayıl İmanzadənin şeirlərindən onun bu aləmə yaxın olduğu görünür.
Şairin təqdim etdiyi “Hər çəməndən bir çiçək” kitabında toplanan şeirlərin əksətiyyəti vətən, bayraq, ana, təbiət mövzusundadır. Elə buradan da görünür ki, şairin bu sahədə yazması uşaqlarda vətənə, bayrağa, təbiətə, yaxşılığa meyl oyatmaq, əxlaqi təkliflər vermək, həmçinin onların bilikli və zəngin dünyagörüşə malik bir vətəndaş kimi yetişməsinə kömək etmək məqsədi daşıyır.
İ.İmanzadənin şeirlərində maraq hissi, yaşamaq sevinci, vətən sevgisi, xeyirxahlığın, sevginin zəruriliyi kimi mövzular uşaqların tam anlayacağı sadə dillə işlənmişdir. Şairin “Adım Azərbaycandır”, “Gеrbim, Himnim, Bаyrаğım”, “Ana dilim”, “Azərbаycаn bаyrаğı”, “Babamın atı”, “Yurd sevgisi”, “Ana laylası”, “Əlifba” kitabım”, “Payızda açan çiçək”, “Yurd daşı, vətən daşı”, “Tumurcuq, “Qarışqalar”, “Günəbахаn”, “Sərçə”, “Kəpənək” və s. şeirləri canlı və təsirli hadisələr danışır. “Daş” şeirinin bir bəndinə nəzər salaq:
Nərdivаndı, sütundu -
Qаlаdı, səngərdi dаş.
Düşmənin qаrşısındа
Qаyа şəklinə düşən
Yenilməz əsgərdi dаş.
Bəlkə də, təqdim edilən şeirlərin bəziləri on-on beş il öncə uşaqlara aid edilməzdi, amma dövrümüz kompüter əsridir və bugünün uşaqları daha erkən yaşlarda daha dərin bilgilərə sahibdirlər. Bir dəyərli atalar sözü var: “Ağac yaş ikən əyilər.” Bu baxımdan şairin vətənpərvər ruhda yazdığı şeirlər, o cümlədən “Xarıbülbül” şeiri uşaqların altşüurunda vətən sevgisini formalaşdırır.
Xarıbülbül
Yurdumuzun
Naxışıdır,
Xarıbülbül
Şəhid ruhu,
Göz yaşıdır.
Və ya “Adım Azərbaycandır” şeirində deyir:
“Qavaldaş”da dil açan
Sirli alın yazımdı.
Gerbim, himnim, bayrağım
Varlığımdı, arzumdu.
Göründüyü kimi, İ.İmanzadə şeirlərində tam və yarım qafiyələrdən istifadə edib, heca vəzninə üstünlük verib. Hətta hər misrası 4 hecadan ibarət şeirləri də var ki, bu, uşaqların əzbərləməsi üçün çox asan və məqsədəuyğundur.
Şair “Balaca bağban”, “Xalça”, “Çoban” və s. kimi şeirlərində ifadənin təsirli olması üçün sərbəst şeirin imkanlarından da istifadə etmişdir.
“Balıqlar” şeiri dialoq şəklində yazıldığı və mətndə balıqların adları çəkildiyi üçün uşaqlara daha maraqlı gəlir. Onlar şeirlə birgə balıqların növlərini də öyrənmiş olurlar. Bu, bir növ uşaqların həyatı öyrənmək kəşfidir.
Şairin “Qаrаtikаn” və “Novruzgülü” şeirləri uşaqların düşüncə aləminə iki¬qütb¬¬¬lü dünyanın mənzərəsini çəkir, onlara yaxşı və pisi, xeyiri və şəri göstərir. Uşaqlar öyrənirlər ki, “yaxşı” həmişə qalib gəlir, “pis” isə layiq olduğu cəzanı alır. Beləliklə, uşaq identifikasiya yolu ilə öz üstünlüklərindən yaxşılığa istifadə etməyə yönəldilir.
İ.İmanzadənin şeirləri uşaqlara həm keçmişimizi - ənənələrimizi öyrədir, həm də yeni dünyanın rəngarəngliyini təqdim edir. “Köşək” şeirində uşaqlar dəvə balası ilə tanış olurlar.
Əlim boyuna çatmaz,
Yenilməyən gücü var.
Belində mütəkkəyə
Bənzəyən hürgücü var.
... Çox mehriban, əzizdir,
Nə savaş bilir, nə cəng.
Bilirəm böyüyəndə
Nər olacaq bu köşək!
“Təbiət lövhələri” şeirində şair təbiətə xas olan motivləri simvollaşdırır. Küləyin səsinin quzu mələməsinə bənzədilməsi, şaxtanın yaratdığı ecazkar naxışların təsviri, şimşəyin odlu olmasına rəğmən heç kimin o oddan istifadə edə bilməməsi, buludun köynəyini qurutma məqsədilə dağ başına qalxması fikri bədii təsvir, peyzaj yaratmaqla, uşaqların ədəbiyyatla ilkin tanışlığını təmin edir.
Küləyə bах, küləyə -
Аz qаlır ki, bаyırdа
Quzu kimi mələyə.
Şахtаyа bах, şахtаyа -
Bu gеcə gizli-gizli
Nахış vurub tахtаyа.
Şimşəyə bах, şimşəyə -
Pаy vеrməyib оdundаn
İndiyəcən kimsəyə.
Buludа bах, buludа -
Qаçır ki, dаğ bаşındа
Köynəyini qurudа.
“Tuncayın tikdiyi ev” şeirində şair xeyirxah münasibətin üstünlük təşkil etdiyi altı-yeddi yaşlı uşaqların həssaslığını əks etdirir. Tuncay çəkdiyi şəkilə fərqli məna verir və onu həqiqi evə çevirir.
Tuncay öz albomunda
Rəngli ev şəkli çəkdi.
Yamyaşıl “həyət”də də
Həm ağac, həm gül “əkdi”.
Sonuncu bənddə “...Tuncay dedi: -Aysuya Verəcəyəm şəkli mən.” - deyən uşaq ətraf aləmin predmetinə və hadisələrinə, insanların həyatına təsir edəcəyinə inanır. Bu animizmdir, “Kirayədə qalırlar, Öyrənmişəm özündən.” isə uşağın eqosentrik münasibətinin əksi sayıla bilər.
Nümunələri çox artıqmaq olar, amma bir neçə nümunədən də görünür ki,
İ.İmanzadənin sayca 29-cu, o cümlədən, uşaq şeirləri olaraq 4-cü olan bu kitabı uşaqların marağına səbəb olduğu qədər, ibtidai sinif və baxça müəllimlərinin də diqqətini çəkəcəkdir.
Qeyd: Ölkəmizdə uşaq ədəbiyyatı müəyyən səbəbdən həmişə müzakirə obyekti olub, amma nəzərə almaq lazımdır ki, bu mövzu yüksək inkişaf etmiş ölkələrdə ixtisasa çevrildikdən sonra, uşaq ədəbiyyatı yaratma prosesini sürətləndirmişdir.
ADİLƏ NƏZƏROVA
filologiya üzrə fəlsəfə doktoru
Seçilmişlər
Ən çox oxunanlar