ABŞ-ın yaratdığı yeni münaqişə ocağı - Venesuela (Şərh)
Özünü demokratiyanın jandarmı hesab edən ABŞ bütün dünyaya bunu qəbul etdirmək istəyir. Amma göründüyü kimi bununla razılaşmayan və bunun əksini iddia edən dövlətlər var.
Ona görə də, ABŞ onun demokratiya və insan haqları pərdəsi altında yürütdüyü işğalçılıq siyasəti ilə razılaşmayanlara "Demokratiya oyununu” tətbiq edərək öz qurabanına çevirir. ABŞ-ın bu növ siyasəti zamanla uğurlar gətirib, amma son illərdə baş verən ciddi müqavimətlər bunun əksini göstərməyə başlayıb. İllərdir ABŞ oyununa etiraz edərək müqavimət göstərən dövlətlərdən biri də Venesueladır. Son aylarda ABŞ oranı qarışdıraraq öz qurbanına çevirmək istəyir.
Beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova Venesuelada yaranmış siyasi gərginliklə bağlı Xeberlent.az-a maraqlı şərh verdi:
" Venesuela prezidentinin anti-Amerika mövqeyi həmin ölkədə baş verən indiki hadisələrin əsas səbəbidir. Ümumiyyətlə, Venesuela Latın Amerikası ölkələri içərisində Amerikaya qarşı ən kəskin mövqedə dayanan ölkələrdəndir və ABŞ-ın Latın Amerikasına müdaxiləsini yolverilməz hesab edir. Halbuki, Monro doktrinası ABŞ-ın üfüqi yox, şaquli ekspansiyasını, yəni dünyaya deyil, məhz oduğu Amerika qitəsinə doğru genişlənməsini nəzərdə tuturdu. Venesuela OPEK üzvü olaraq ABŞ-ın diqqət mərkəzindədir və oradakı iqtidarın Amerikaya yaxın olması Vaşinqton üçün əhəmiyyətli məsələdir.
Lakin Maduro Venesuelanın keçmiş prezidenti Uqo Çavezin yolunu davam etdirərək, anti-ABŞ siyasəti yeritməyə davam etdi. Məsələn, 2017-ci ilin aprelində Venesuela Amerika Dövlətləri Birliyinə müraciət edərək, təşkilatdan çıxdığını bəyan etdi və bunu "yarandığı gündən bəri suveren xalqlara qarşı imperiya planlarına alət olan təşkilat"a bir daha qayıtmamayacağını vurğuladı.
Məlumdur ki, Venesuelada hazırda sosialistlər hakimiyyətdədir və onların Rusiya ilə ənənəvi olaraq yaxşı münasibətləri olub. Venesuela və Kuba Amerika qitəsində Rusiyanın ən yaxın müttəfiqləri olublar. Hələ Soyuq müharibə illərində ABŞ Latın Amerikasında dövlət çevrilişləri edir və öz adamlarını hakimiyyətə gətirirdi, bu gün də o siyasət davam etdirilir. Maduronun qeyri-legitim prezident, Quaydonun isə legitim dövlət başçısı kimi tanınması bu siyasətin növbəti təzahürüdür.
Bu məsələdə Avropa da Amerika ilə həmrəylik nümayiş etdirir. Avroparlament Xuan Quaydonu konstitusiyaya əsasən, ölkənin müvəqqəti prezidenti kimi tanıyıb. Avropa Şurası isə Venesuela rəhbərliyini ölkədə növbədənkənar seçkilər keçirməyə çağırıb, əks halda Quaydonu prezident olaraq tanıyacağına dair xəbərdarlıq edib. Lakin Quaydo özünü legitim dövlət başçısı elan etdikdən sonra Maduro bu çağırışları tamamilə rədd etdi. Maduro isə böhranın vətəndaş müharibəsinə keçə biləcəyini istisna etməyib, "hər şeyin şimal imperiyasının və onun müttəfiqlərinin" aqressivlik dərəcəsindən asılı olduğunu vurğulayıb. Eyni zamanda, Tramp da ABŞ-ın Venesuelaya qoşun göndərə biləcəyi xəbərdarlığı edib.
Maduro Venesuela sahillərinə ABŞ-dan humanitar yardım gəmilərinin daxil olmasına qadağa qoyub və ordunu döyüş hazırlığı vəziyyətinə gətirib. Hazırkı vəziyyət onu göstərir ki, Maduro gücünün yetdiyi qədər hakimiyyətini qorumağa çalışacaq və ABŞ-a müqvimət göstərəcək. Təbii ki, o, tək deyil və hazırda beynəlxalq siyasətdə anti-Amerika mövqeyi olan Rusiya, Türkiyə, İran və başqa ölkələr onu dəstəkləyir və qanuni prezident kimi tanımaqda davam edirlər. Lakin, Venesuelanın ikinci Suriyaya çevrilməsi ehtimalı az olsa da, yeni münaqişə ocağının yaranması narahatlıq yaradır.