Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Qurbanlıq – insanları yaxınlaşdıran bayram

Tarix: 11-08-2019 16:02   
Qurbanlıq – insanları yaxınlaşdıran bayram
Hər il hicri-qəməri təqvimlə zilhiccə ayının 10-da dünya müsəlmanları islam dininin iki böyük bayramından birini – Qurban bayramını qeyd edirlər. Həmin gün nəinki Məkkədə Həcc ziyarətini başa vuran zəvvarlar, həm də az-çox imkanlı hər bir müsəlman qurban kəsir, bayram namazı qılıb Allaha dua edir.

Qurbanlığın tarixi bəşəriyyətin ən uzaq çağlarına gedib çıxır. Bu ənənə qədim dünyanın bütün mədəniyyətlərində mövcud idi və çoxallahlı dinlərdə sitayiş ayini hesab olunurdu. Canlı-cansız ən dəyərli malını qurban eləyən fərd və ya icma bu yolla öz tanrısı ilə bağlılığını möhkəmləndirmək niyyəti güdürdü. Bütpərəst düşüncəsinə görə, uğursuzluq, xəstəlik və təbii fəlakətlər zamanı tanrılara sığınmaq, onlardan uğur və bolluq istəmək – bir sözlə, tanrıları rəhmə gətirmək üçün mütləq onlara qurban verilməli idi. Bu, meyvə, buğda və ya çörək də, şərab və ətirsaçan qəlyan da ola bilərdi. Bundan başqa, heyvanların qurbangaha gətirilib burada qanının axıdılması və yaxud yandırılıb tüstü və qoxusunun bütlərə verilməsi kimi adətlər geniş yayılmışdı. Bəzi çoxallahlı dinlərdə hələ ki günahsız məxluq sayılan yeniyetmə və gənc oğlan və qızlar qurban kəsilirdi ki, tanrılar insanlara daha böyük lütf göstərsinlər.
Ucdantutma bütün bütpərəstləri yalnız maddi istəklərinə görə qurban verməkdə suçlandırmaq olmaz: onların bir qismi üçün qurbanlıq – günahların yuyulma vasitəsi idi.
Qurbanlıq ibadətində mənəvi dəyərlərin həmişəlik önə keçməsi təkallahlı din peyğəmbərlərinin təbliğatı ilə əlaqədardır. Bəşəriyyətin bu ilk müəllimləri insanları öz mallarını Allaha qurban edərkən mənən saflaşmağa, günahlardan tövbə etməyə çağırır və istəyirdilər ki, onlar gətirdikləri qurbanın əslində bir olan Allahı tanıma, Ona itaət və şükür rəmzi olduğunu dərk etsinlər.

Dinlər tarixinin hakim simalarından biri olan İbrahim peyğəmbərin sayəsində isə qurbanlığın həqiqi mahiyyəti tamamilə aşkara çıxdı.
İbrahim – əsil din inqilabçısı, təkallahlıq carçısı idi, o əldəqayırma tanrılara və zalım hökmdarlara müharibə elan etmiş, insanların həm məbədlərində, həm ürəklərində olan bütləri qırmış, yaşadığı cəmiyyəti zülm və cəhalətdən azad etmək üçün on illərlə dönmədən mübarizə aparmışdı.
Bu yolda onu olmazın məhrumiyyətlər müşaiyət edirdi.

Ömrünün ahıl çağında İbrahim peyğəmbər həyatının ən ağır sınağına məruz qaldı. O, yuxuda Allahdan ilk və yeganə oğlunu qurban kəsmək əmri aldı. Yəhudilərə görə, bu, İbrahimin arvadı yəhudi Saradan olan oğlu İshaq, müsəlmanlara görə, kənizi Həcərdən doğulan oğlu İsmayıldır. İbrahim azca tərəddüd də etdi: axı o, qoca yaşlarında dünyaya gətirdiyi sevimli övladını Allaha olan sevgisi naminə qurban verməli idi! Nəhayət, nə ata, nə oğul ilahi əmrdən boyun qaçırdı: peyğəmbər ən əziz varlığından, övladı isə öz şirin canından keçməyə razı idi. Lakin qurbangahda oynanılan bu dəhşətli səhnə möcüzəvi bir sonluqla bitdi: atanın bıçağı oğulu kəsmədi, əvəzində isə göydən qurbanlıq bir qoç nazil oldu.

İbrahim peyğəmbərin və onun oğlunun üzüağ çıxdığı bu imtahan müasirlərə və sonrakı nəsillərə bir neçə mühüm ismarış yolladı. Çoxallahlı dinlərin insanları qurban etməsi kimi vəhşi adət həmişəlik qadağan edilir və bununla da insan həyatının necə qiymətli olduğu nəzərə çatdırılırdı. Həyatdakı sınaqlar qarşısında çox yüksək məqam sahiblərininin belə yolunu azmaq təhlükəsinin həmişə qaldığı, onun üçün də hər kəsin öz içində cücərən təkəbbür hissi ilə gündəlik mübarizə aparmalı olduğu göstərilirdi. Həqiqi bəndə Allahdan qeyri heç kəsə və heç nəyə tapınmamalı, Onun yolundan dönməməli, bu yolda lazım gələrsə malik olduğu hər şeyi fəda etməyi bacarmalı, özünü bütünlüklə Allaha təslim etməlidir! Qurbanlıq heyvan – təkcə İbrahimin və oğlunun yox, öz nəfsini Yaradana qurban edən hər bir insanın mükafatıdır və bunun müqabilində insanın vəzifəsi sadəcə pis işlərdən çəkinib yaxşı işlər görməkdir!

İbrahim peyğəmbərin bu ibrətamiz vaqiəsi təkallahlı dinlərdə qurbanlıq ayinini müəyyən bir nizama saldı.
Ümumiyyətlə isə, həm yəhudilik və xristianlıq, həm də İslam təlimində olan bir çox əsas hökmlərin kökü İbrahimin təbliğ etdiyi dinə uzanır. Dinlər tarixi İbrahimi Musa, İsa və Məhəmməd kimi böyük peyğəmbərlərin əcdadı və müəllimi sayır. Odur ki, onların gətirdiyi həmin 3 səmavi dinə həm də İbrahimi dinlər deyirlər.
İbrahimi dinlərin birincisi olan yəhudilikdə qurbanlıq ibadətinin məzmunu uzun müddət dəyişməz qalsa da, tarixin gedişində onun formasına bir xeyli əl gəzdirilib. Musa peyğəmbərin dövründə pasxa bayramında bir yaşında qoyun və ya keçi qurban kəsilirdi. Sonra buna iri qoç və inək, habelə qumru və göyərçinlərin qurban verilməsi də əlavə olundu. Qüdsdə Süleyman məbədinin inşa edilməsi ilə qurbanlıq ayini əsasən bu mərkəzi ibadətgahda həyata keçirilirdi. Lakin Qüdsdən sürgün edildikdən və Süleyman məbədi dağıdıldıqdan sonra yəhudilər qurban kəsməyə ara verdilər. Bunun yerini müntəzəm dua mərasimləri tutdu. Mömin yəhudilər öz dualarında Allahdan həm də Süleyman məbədinin və qurbanlıq ibadətinin bərpa olunmasını diləyirlər.

Yəhudi qızı Məryəmin oğlu olan İsa Məsihin özü də dəfələrlə pasxa bayramında Qüdsə gedərək qurban kəsilən heyvanların ətindən yemişdi. Lakin xristian düşüncəsinə görə, o peyğəmbərlik fəaliyyətinə başladıqdan sonra qurban kəsməkdənsə Allahı tanımağın, yaxınları sevməyin, insanlara mərhəmət göstərməyin daha üstün bəndəlik olduğunu bəyan etdi. Çarmıxa çəkilməklə özünü fəda edən bu əzabkeş peyğəmbər bununla öz ardıcıllarına əbədi qurtuluşu təmin etdi və onların Allahın dərgahına doğru yolunu açdı. Deməli, İsa peyğəmbər “ilk və son qurbandır” və daha başqa bir qurbana ehtiyac yoxdur. Beləliklə, xristian dinində qurbanlıq ibadəti tamam-kamal aradan götürüldü.

İslam dininin müqəddəs kitabı “Quran” qurban kəsməyin bütün ümmətlər üçün vacib buyruluduğunu deyir. İlk peyğəmbər Adəmin oğulları olan Habillə Qabil Allaha qurban təqdim etdilər, onlardan daha təqvalısının qurbanı qəbul olundu. Məhəmməd peyğəmbərin “atanız İbrahimin sünnəti” kimi tanıtdığı qurbanlıq ibadətinin bünövrəsində məhz həmin “təqva” anlayışı durur, çünki “Quran”a görə, kəsilən qurbanların nə əti, nə qanı Allaha çatır – onun buna ehtiyacı da yoxdur – Allaha yetişən yalnız bu ayini icra edənlərin təqvasıdır. Təqva isə insanın günahlardan uzaq durması, bir olan Allahı ağlı ilə dərk edib qəlbi ilə sevməsi, Ondan çəkinməsi, öz din və xilqət qardaşlarının ehtiyaclarını ödəməsi kimi izah olunur. Müsəlmanların səmavi kitabı irqçiliyi rədd edərkən də bu termindən istifadə edir və buyurur ki, insanların Allaha ən yaxın olanı hansısa millətə mənsub olanı yox, ən təqvalısıdır. O bunu Adəmi xəlq edərkən öz mənşəyini – guya daha üstün materiyadan, oddan yarandığını əsas gətirərək palçıqdan yaranan insana səcdə etməkdən boyun qaçıran və bu təkəbbürünə görə cənnətdən qovulan İblisə münasibətində göstərir.
Qurban bayramı – əslində hər cür cinsi, sinfi, milli və dini təkəbbürdən azad olan insanların bayramıdır.
İbrahim peyğəmbərin oğlu İsmayılı Allaha qurban verməyə hazır olduğu və bu sədaqətinə görə qurbanlıq qoçla mükafatlandırıldığı həmin günü İslam aləmi hicri təqvimin ikinci ilindən bəri – düz 1439 ildir ki, qeyd edir.

Kəsdikləri qurbanın ətindən qohumlarına, qonşularına, ehtiyacı olanlara pay verməklə müsəlmanlar bir daha sosial həmrəyliyin dəyərini vurğulayırlar.
Qurban bayramı – həqiqi qurbanın qurbanlıq heyvan yox, insanın özündə olan cürbəcür mənfi aludəliklər olmalı olduğu barədə düşünmək fürsəti verir.
Bu bayram müsəlmanlara da, yəhudi və xristianlara da xatırladır ki, onlar eyni müəllimin şagirdləri – İbrahim peyğəmbərin davamçılarıdır. Axı İbrahim də, Musa, İsa və Məhəmməd peyğəmbər də insanlara eyni əxlaqı aşılamağa çalışıb, onları eyni yola – tək olan Allaha bəndəlik yoluna dəvət edib.
Vətənimiz Azərbaycan İbrahimi din mənsublarının əsrlər boyu bu prinsipə inanaraq qardaşca yaşadığı bəlkə də ən nümunəvi məkandır. Müsəlman Azərbaycan xalqının soykökündə vaxtilə yəhudi və xristian olmuş xalq və tayfalar iştirak edib. Hər üç dini sivilizasiyasının nümayəndələri böyür-böyürə, çiyin-çiyinə dövran sürüb, ölkə abadlaşdırıb, ortaq mədəniyyət yaradıb, dövlət qurublar. Onların yanaşı yaşadığı kənd və şəhərlərdə bütün dini və milli bayramlar elliklə qeyd olunub, bayram sovqatlarından hamıya pay düşüb. Hətta Qurban bayramının qadağan olunduğu dövrdə belə müsəlman azərbaycanlılar qurban kəsib ətini paylayarkən öz yəhudi və xristian qonşularını unutmayıblar.

Qoy növbəti Qurban bayramı bu xeyirxah işə öz böyük töhfəsini versin.
Axı “Qurban” sözünün əsasında “yaxınlaşmaq” məfhumu durur. O biz insanları bir-birimizə və Allaha yaxınlaşdıran bayramdır!
Seymur Şahbazov