Böyük iqtisadi yol... İslahatlar və düşünülmüş siyasətin nəticələri
Tarix: 19-04-2017 09:46
1991-ci il Azərbaycan müstəqillik əldə edənə qədər mövcud siyasi hərcməclik ölkə iqtisadiyyatını ciddi təhdid və təhlükələrlə üz-üzə qoymuşdu.
İqtisadi vəziyyətin həqiqətən gərgin olduğunu statistik rəqəmlər də aydın göstərirdi: əgər 1989-91-ci illərdə ümumi daxili məhsul istehsalı ildə orta hesabla 6,7 faiz azalmışdısa, müstəqilliyin ilk üç ili ərzində bu geriləmənin sürəti 3,8 dəfə artmışdı. 1990-cı illə müqayisədə 1993-cü ildə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı 2 dəfə azalmışdı.
O vaxtkı ölkə rəhbərliyinin siyasi səbatsızlığı, özbaşınalığı ucbatından dövlət ciddi borclanmaya gedərək təlatümlərə yuvarlandığı bir zamanda xalq öz gələcək taleyini müəyyənləşdirmək üçün çıxış yolunu ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirməkdə gördü. Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Onun yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlanıldı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, ulu öndər digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. Bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. 1993-cü ilin yarısından başlayaraq, aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafına mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.
1991-1995-ci illər Azərbaycan iqtisadiyyatının iqtisadi xaos və tənəzzül dövrü kimi səciyyələnir. Yeni müstəqillik qazanmış ölkə üçün müharibə gözlənilməz idi. Ölkədə gedən bu müharibə həm büdcəni zəiflədir, həm də yeni iqtisadi problemlər meydana gətirirdi. Pərakəndəlik və özbaşınalıq artıq baş alıb gedirdi. Buna görə ölkədə bütün bu problemləri tənzimləyən və ölkənin hələ möhkəmlənməyən müstəqilliyini qoruyub saxlayan güclü siyasətçiyə – bir el atasına ehtiyac var idi. Xalq artıq öz seçimini etməyə qərar vermişdi. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Heydər Əliyev başa düşürdü ki, bu problemlər öz həllini tapmasa Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. Müstəqillik dövründən bu günə kimi, ölkədə gedən iqtisadi inkişafı bir neçə mərhələyə ayırmaq olar. 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Böyük uzaqgörənliklə neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkənin qazanacağı iqtisadi və siyasi dividendləri görən Heydər Əliyev çox böyük səylə özünün uzun illərə hesablanmış neft strategiyasının real hədəflərini bələdləyirdi. Siyasət strateqi onu da yaxşı bilirdi ki, ölkədəki xaos və anarxiya, ədalətsiz müharibə və qeyri müəyyənlik, Azərbaycandakı zəngin karbohidrogen ehtiyatlarında maraqlı olan, nəhəng dövlətlərin və şirkətlərin təhlükəli region kimi ölkəmizə investisiya qoymasına imkan vermir. Hazırki durumda isə xarici kapital olmadan Azərbaycan iqtisadiyyatını iflasdan xilas etmək və ayağa qaldırmaq qeyri mümkün idi. Ona görə də qarşıdakı maneələri nəyin bahasına olursa olsun tezliklə dəf etmək lazım idi....Heydər Əliyevin az bir müddətdə bu istiqamətdə atılmış düşünülmüş və hədəfə ünvanlanmış addımları öz bəhrəsini verdi. 1994-cü il sentyabrın 20-də təzyiq və hədələrə baxmayaraq, "Əsrin müqaviləsi” imzalandı. Şübhəsiz, bu müqavilənin çox böyük iqtisadi dəyəri ilə yanaşı, ölçüyə gəlməyən siyasi əhəmiyyəti də var idi. Yaxın vaxtlara qədər dünyanın tanımadığı, iflas və məhv olmaq təhlükəsi qarşısında olan gənc, müstəqil Azərbaycan beynəlxalq iqtisadi-siyasətin maraq mərkəzlərindən birinə, bu siyasəti müəyyənləşdirən qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrilirdi."Əsrin müqaviləsi” imzalanandan sonra əlverişli və etibarlı investisiya mühitinin formalaşdırılması üçün güclü qanunvericilik bazası yaradılmağa başlandı.
Ölkə iqtisadiyyatında aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə cavab verməsi 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Bunun başlıca amili isə ölkəyə xarici investisiya axınının başlanması idi. Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici kapital yönəldilməmişdisə, artıq 1994- 2000-ci illərdə ölkəyə 5,5 milyard birbaşa xarici investisiya daxil olmuşdu ki, bunun da 3,3 milyard dolları neft sektoruna, 2,2 milyard dolları isə sənayenin digər sahələrindəki infrastrukturun inkişafına yönəldilmişdi. Bu investisiya axını artdıqca Azərbaycan sənayesi, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə, 1997-ci ildən isə ümumi daxili məhsul istehsalı sürətlə artmağa başladı.1995-2000-ci illərdə xarici investisiyalarla paralel olaraq yerli mənbələr hesabına kapital qoyuluşunun həcmi də sabit olaraq qalxmağa başladı. Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan sonra əldə olunan gəlirlər dövlət büdcəsindən, yerli şirkətlərdən və fərdi şəxslərdən, bu dövrdə sənayenin bir çox sahələrinə- yaşayış evlərinin və kommunal xidmət müəssisələrinin tikintisinə, nəqliyyat və kommunikasiyaya, ticarət və xidmət obyektlərinin, mədəni müəssisələrin, hotellərin tikintisinə 9,7 trilyon manat (2,3 milyard dollar) vəsait yönəltməyə imkan verdi.
Azərbaycanda kənd təsərrüfatında olan durğunluq aradan qaldırılmış, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərüffat dövrüyyəsinə cəlb olunması, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul olunmuş islahatlar bu inkişafa xeyli təkan vermişdi. 1996-cı il iyulun 16-da "Torpaq islahatı haqqında” mühüm qanunlar qəbul edildi. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə ilə əlaqədar olan 100-dən yuxarı normativ-hüquqi akt qəbul olunmuşdur. "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-ci illər)”nın həyata keçirilməsi aqrar sahədə uğurlar qazanılmasına imkan yaratmışdır. Bu proqram Cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla həyata keçirilir.Heydər Əliyevin gərgin əməyi nəticəsində vergi sahəsində də bir çox islahatlar aparılmış və həyata keçirilmişdir. Bir sıra dövlət mülklərinin özəlləşdirilməsi nəticədə dövlətə ödənilən verginin faizində artıma səbəb olmuşdu. Bir çox sahələrdə özəlləşdirmə dövlətə ödənilən verginin artmasına və milli büdcənin artımına gətirib çıxarırdı. Torpaq sahəsində özəlləşdirmə torpaq sahibkarlarına öz pay torpaqlarını azad əkib, becərmək imkanı verdi. Vergi münasibətlərini tənzimləyən bir sıra Qanunlar – "Mədən vergisi haqqında” (1995-ci il), "Əmlak vergisi haqqında” (1995-ci il), "Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında” (1996-cı il) Qanunları qəbul edilmiş və qüvvədə olan Qanunlara ("Əlavə dəyər vergisi haqqında”, "Fiziki şəxslərin gəlirlərindən vergi haqqında” Qanunlarda və s.) bir sıra əlavə və dəyişikliklər edilmişdir. 01 yanvar 2001-ci il tarixdən "Azərbaycan Respublikasının Vergi Məcəlləsi” qüvvəyə minmişdir. Bütün bu həyata keçirilən vergi münasibətlərinin tənzimləyən bu qanunlar Azərbaycanda vergi sistemini möhkəmlətdi. Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanda nəqliyyatın bütün sahələrinin yenidən bərpası və inkişafı üzrə qanunlar qəbul olundu, tədbirlər həyata keçirildi ki, bu da ölkəmizin digər dövlətlərlə istər havadan, istər sudan, istərsə dəmiryolları vasitəsilə iqtisadi əlaqə yaranmasına, möhkəmlənməsinə şərait yaratdı.İpək yolu hələ qədimdən bu günə kimi Avropa ilə Asiya arasında körpü rolunu oynayırdı. İpək yolunun Azərbaycan ərazisindən keçməsi, Azərbaycanın burada tranzin rolunu oynaması bizə iqtisadi və maddi cəhətdən böyük imkanlar verirdi. 1993-cü ildə Brüssel şəhərində keçirilmiş Konfransda Avropa Komissiyasının TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Proqramının yaradılmasının təşəbbüskarı kimi 8 ölkədən biri də Azərbaycan Respublikası olmuşdur. Avropa Birliyinin TASİS (MDB ölkələrinə texniki yardımı) çərçivəsində nəqliyyat infrastukturu üzrə çoxmilli TRASEKA proqramı (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Mərkəzi Aasiyadan Qara dənizə və daha sonra Avropaya çıxan nəqliyyat marşurutunun yenidən qurulmasını qarşıya məqsəd qoymuşdur.Azərbaycan bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla müştərək işlər görərək, tarixi Böyük İpək Yolunun bərpa olunması sahəsində – TRASEKA Proqramının hazırlanması və yaradılmasında yaxından iştirak etmişdir. Bunun Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini dərindən dərk edən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna), 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq Konfrans keçirilmiş, Avropa İttifaqının TRASEKA Proqramı əsasında "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir. Saziş 12 dövlətin-Azərbaycanın, Gürcüstanın, Ermənistanın, Bolqarıstanın, Rumıniyanın, Moldovanın, Ukraynanın, Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın və Türkiyənin dövlət və hökümət başçıları tərəfindən imzalanmışdır. Bu sazişin bağlanması ilə Azərbaycanın dəmiryolunda bir inkişaf nəzərə çarpmağa başladı. Çünki bu vaxta qədər dəmiryolların vəziyyəti o qədər də yaxşı deyildi. İqtisadi böhran və müharibə dəmiryolların vaxtı-vaxtında təmirini, bir çox problemlərini həll etməyə imkan vermirdi. Heydər Əliyevin yorulmaz əməyi nəticəsində 1996-cı il dəmiryolların yenidən bərpası mümkün oldu. Azərbaycanda dəmiryollar yenidən yük daşınmasında öz gücünü bərpa edə bildi. Azərbaycanın daxili və xarici ticarətində mühüm əhəmiyyət kəsb etməyə başladı.
Bu gün əsası ulu öndər tərəfindən başladılan böyük siyasi yol ölkə başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, post neft dövrünün tez başlamasından yaranan kiçik problemlərlə mübarizə istiqamətində verilən, tapşırıqlar, imzalanan sərəncamlar və fərmanlar bunun əyani sübutudur.
Həsən Babayev
"İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”
Seçilmişlər
Ən çox oxunanlar