Prezident görüşlər keçirdi
Tarix: 22-10-2014 13:27
Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Gunpress.az” Azərtac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluq ifadə olundu. Bu yaxınlarda Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitinin keçirilməsinin bu ölkələr arasında əlaqələrin inkişafı işinə xidmət etdiyi bildirilib.
Qubernator Aleksandr Jilkin Heydər Əliyev Fondu tərəfindən Həştərxanda həyata keçirilən layihələri yüksək qiymətləndirdi və bu layihələrin vilayətin əhalisi tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edib. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bu gün İlham Əliyev həmçinin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidenti, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Mixail Şmakovu və Ümumhəmkarlar İttifaqları Konfederasiyanın baş katibi Vladimir Şerbakovu qəbul edib.
Görüşdə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin Bakıda keçirilən növbəti iclasının beynəlxalq əməkdaşlıq baxımından önəmi vurğulanıb. Azərbaycan ilə Ümumhəmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Seçilmişlər
Ən çox oxunanlar