Arvad, Allah verəndən gətir!
Tarix: 25-09-2014 15:48
KASIB AİLƏ
Axşam saat 9-dur. Kasıb ailə şam eləyib. Televizorun qabağında oturub türk serialına baxır. Bu dəm qapının zəngi çalınır. Evin kişisi qapıya çıxır.
Ay xoş gəlib, səfa gətirmisiniz.
Xoş gününüzə gələk.
Buyurun, keçin içəri.
HAŞİYƏ:
Belə bir lətifə var. Günlərin bir günu kasıb ailə şam edir. Birdən arvad əlindən bıçağı salır.
Ay kişi, qonaq gələcək.
Elə bu dəm qapının zəngi çalınır. Kişi qapını açır. Dörd nəfərdən ibarət qohum dəstəsi içəri girir. Süfrə açıq olduğundan onları da stola dəvət edirlər. Kişiylə qadın əlini yeməkdən çəkir ki, qonaqlara bir şey çatsın. Bir az keçir arvad yenə də bıçağı əlindən yerə salır.
- Ay kişi, qonaq gələcək.
Bu dəm yenə qapı döyülür. Kişi qapını açır. Üç qohum da belə gəlir. Onlar da süfrə arxasına oturur. Bu dəfə ana “uşaqlar dərslərini hazırlamalıdırlar” bəhanəsiylə onları süfrədən uzaqlaşdırır. Ki, qonaqlara yemək çatsın. Bir az keçir arvad yenə bıçağı əlindən salmaq istəyir. Onu güdən əri bıçağı göydəcə tutur. Kişi sevincək:
Ay arvad, yaxşı ki, bıçağı göydə tutdum. Yoxsa yenə qonaq gələcəkdi,- deyir.
Amma bu dəm yenə qapı döyülür. Ortada isə yemək yox. Soyuducu da boş. Kişi qanıqara qapını açır. Kandarda qonşusunu görüb sevinir.
Qonşu, xeyir ola?
Qonşu, sizə qonaq gəlib. Liftə qalıblar. Gəl kömək elə, çıxaraq. SON.
Qonaqlar içəri keçir.
Ay arvad, əziz qonağımız var. Allah verəndən gətir düz stola.
Arvad çaş-baş qalır. Əvvəl tezcə çay dəmləyir. Soyuq dəyəndə uşaqlar üçün saxladığı zoğal mürəbbəsindən qaba tökür. Səhər uşağın dərsə aparacağı peçenyeni qabından çıxarıb səliqəylə boşqaba düzür. Çayı süzüb podnosda aparıb süfrəyə düzür. Sonra yenidən mətbəxə qayıdır. Soyuducunu açır. Baxır. Görəsən Allah verəndən soyuducuda nə qalıb? Gözünə kərə yağı, “Üç inək” pendiri, bir də 7 qəpiklik yumurta sataşır. Altı dənə yumurtanı bir qaba vurur. Üstünə azça çay sodası tökür ki, köpsün. Yaxşıca çalır. Yağ dağa düşəndən sonra tavaya tökür. Pendiri dilim-dilim doğrayır. Yayda bağladığı badımcan kürüsü də yadına düşür. Çörəyi doğrayır. Podnosa qoyub süfrəyə aparır. Kişi də çebuş arağı qoyur ortalığa. Arvad:
Pendir kənd pendiridir. Anam rayondan göndərib.
Bəh-bəh-bəh! – kişi arvadın sözünə qüvvət verir.
Yumurtaları da anam göndərib. Həyətimizdəki qara toyuğun yumurtasındandır.
Bəh-bəh-bəh ! – kişi yenə əlavə edir.
Çörək də öz təndirimizdən çıxıb.
Bəh-bəh-bəh! – kişi başını razılıqla tərpədir.
Nuş olsun. Bir az tez gəlsəydiniz anamın kənddən göndərdiyi beçəni çığırtma bişirmişdim. Neynək. Gələn dəfə əvvəlcədən xəbər verərsiniz. Bu dəfə xəcalətliyik yanınızda.
ORTABAB AİLƏ
Axşam saat 9-dur. Ortabab ailə şam eləyib. Televizorun qabağında oturub rus kanallarına baxır. Bu dəm qapının zəngi çalınır. Evin kişisi qapıya çıxır.
Ay xoş gəlib, səfa gətirmisiniz.
Xoş gününüzə gələk.
Buyurun, keçin içəri.
Qonaqlar içəri keçir.
Ay arvad, əziz qonağımız var. Allah verəndən gətir düz stola.
Arvad özünü itirmir. Əvvəl tezcə çay dəmləyir. Qonaq üçün saxladığı şaftalı, əncir mürəbbəsindən ümumi qaba tökür. Uşaqların əlindən gizlətdiyi, qonaq üçün saxladığı şokolad konfeti çıxarıb qənddana tökür. Çayı süzüb podnosda aparıb süfrəyə düzür. Sonra yenidən mətbəxə qayıdır. Soyuducunu açır. Baxır. Görəsən Allah verəndən soyuducuda nə qalıb? Çəkilmiş mal əti. Bundan tezcə kotlet bişirmək olar. Yanında da kartof qızartması. Bir də vermişel dəmləsəm yerinə düşər. Həm də tezbazar. Yaxşı ki, yayda qoyduğum tutmalar var. Hələ bolqarski peresi demirəm. Qonaqların yanında xəcalətli qalmaram. Tezcə bunları hazırlayıb, podnosa qoyub süfrəyə aparır. Evin kişisi də bardan yaxşı moskovski araq götürüb ortaya qoyur.
HAŞİYƏ: Atam Qabil piyada gəzməyi çox sevirdi. Buna piyada demək də olmazdı. Bir də görürdün Mərkəzi univermağın yanından Lökbatana qohumlarımız İsmayıl Babayev və Sara xanımgilə piyada gedərdi. Hətta bunu xalq yazıçımız İsmayıl Şıxlı da qələmə almışdı:
“Qabildə qəribə xasiyyət var. Kefi yuxarı olanda ya piyada Şağana, ilk şeirini bəyənən mərhum şair Bəbir Məmmədzadənin qəbrinin üstünə, ya da Lökbatana, dostu İsmayılın evinə gedərdi. Bir gün yenə gecə yarıdan keçmiş, kefi yuxarı halda, asta addımlarla qəbiristanlıqdan keçib “Volçi-vorot”a doğru addımlayır. Bunu milisionerlər görür və fikirləşirlər ki, “görəsən bu nə canlı-cinlidir və gecənin bu vaxtında hara gedir?” Motosikleti sürüb enişin başında onun dalından çatırlar. Qabil dərhal əlini qoltuq cibinin üstünə qoyub qışqırır.
Mən sizə “prava” verən deyiləm. Qaydanı pozmamışam. Öz yolumla gedirəm.
Milisionerlər təəccüblənirlər.
Ay kişi, nə prava, nə yol, sən nə danışırsan?
Necə yəni nə danışırsan, mən sizi yaxşı tanıyıram. İstəyirsiniz ki, pravamı da, maşınımı da əlimdən alasınız.
Ay yoldaş, maşın nədir, sən piyada gedirsən.
Onda nöşün mənə ilişibsiniz?
İlişməmişik. Bilmək istəyirik gecənin bu vaxtında piyada hara gedirsiniz?
Sizə nə var, özüm bilərəm. Lap Lökbatana gedirəm, sonra?
Axı, siz kimsiniz?
Nəyinizə lazımdır?
Bax, çox oyan-buyan eləsəniz, sizi tutarıq.
Tuta bilməzsiniz. İxtiyarınız yoxdur. Mən şair Qabiləm.
Milisionerlər Qabil adını eşidən kimi yumşalırlar və başlayırlar onu dilə tutmağa.
Qabil müəllim, inciməyin, tanımamışıq. Gəlin qayıdın evinizə.
Yox, mən Lökbatana gedəcəm.
Milisionerlər görürlər ki, onu inadından döndərmək çətindir və yolu əlinə alıb enişaşağı gedir. Dalından çatıb motosikleti yanında saxlayırlar.
Qabil müəllim, oturun aparaq.
Hara?
Lökbatana.
Bax, bu oldu əla.
Onu motosikletin yüyürəyində əyləşdirirlər və yola düşürlər. Qabili dərhal mürgü basır və xəbəri olmur ki, motosiklet enişi enib dəniz sahilinə çıxır, dövrə vurub geri qayıdır.
Şıx çimərliyindən Bayıldan keçib Hüsü Hacıyev küçəsində dayanır.
Şair, çatdıq, düş.
O, oyanıb soruşur:
Hara, Lökbatana?
Bəli.
Düşür. Motosiklet aralanır. Qabil diqqətlə binaya baxıb çiynini çəkir.
Heç nə başa düşmürəm. Lökbatan niyə bizim evə oxşayır?!”
Atama milislər mane olmayanda Lökbatana gecəyarı çatırdı. Sara xala da Allah verəndən stolun üstünə düzürdü. Kotlet, kartoşka qızartması, vermişel. Atam da zarafatca bu yeməklərin adını “dejurnı kotlet” qoymuşdu. SON.
Gələn qonaq da məəttəl qalır ki, bu qısa zaman ərzində evin xanımı bu qədər neməti necə hazırlayıb süfrəyə düzdü. O saat deyirlər:
Əhsən. Bərəkallah.
VARLI AİLƏ
Axşam saat 9-dur. Varlı ailə şam eləyib. Televizorun qabağında oturub xarici kanalda ingiliscə xəbərlərə baxır. Bu dəm qapının zəngi çalınır. Evin kişisi qapıya çıxır.
Ay xoş gəlib, səfa gətirmisiniz.
Xoş gününüzə gələk.
Buyurun, keçin içəri.
Qonaqlar içəri keçir.
Ay arvad, əziz qonağımız var. Allah verəndən gətir düz stola.
Arvad yerindən tərpənmir. Gözüylə xidmətçiyə işarə edir. O da mətbəxə keçib çay və kofe dəmləyir. Xarici şokoladları səliqəylə qənddana düzür. Cənnət alması, qoz, zeytun mürəbbəsini qaba tökür. Bon-apetitdən, AZZA-dan sifariş edilən tortu, pirojnaları doğrayır. Podnosda aparıb süfrəyə düzür. Sonra yenidən mətbəxə qayıdır. Soyuducunu açır. Baxır. Görəsən Allah verəndən soyuducuda nə qalıb? Beş cür xarici kolbasa, qara-qırmızı kürü, vetçina, balık, ləvəngi, burjanina. Bir də şamdan qalan plov, iki cür qara. Tezcə bunları da qızdırıb, podnosa qoyub süfrəyə aparır. Evin kişisi də servantı açıb viski, tekila götürüb ortaya qoyur.
Siz Allah, bağışlayın da. Bivaxt gəlmisiniz. Allah verəndən nuş eləyin. Bir pənco-pənco da boğazımızı yaşlayaq.
Allah süfrənizi açıq eləsin.
ALLAH YETİRƏN
Allah təkdir. Allah adildir. Amma nədənsə yetirəndə birinə qayğanaq verir, birinə də qara kürü. Birinə çebuş içizdirir, o birinə viski. Biri qonağa uşağının boğazından kəsdiyini yedizdirir, o biri isə özgələrinin boğazından kəsdiyini. Görəsən niyə? Tapdım. Kim ki, bu dünyaya Cənnət deyib, təamlar yeyəcək, onlar o biri dünyada cəhənnəmlik olacaqlar. Kim ki, bu dünyada kasıbçılıqla yaşayacaq, daha doğrusu sürünəcək, o dünyada cənnətlik olacaqlar. Məncə Cənnətə getmək üçünsə bu dünyada cəhənnəmlik olmağa dəyməz.
Seçilmişlər
Ən çox oxunanlar