Mesaj (novella) - Hümbət HƏSƏNOĞLU
Tarix: 14-01-2021 23:10
Reanimasiya şöbəsinin tibb bacısı Vəsilə artıq bir aydan çox idi ki, işdən sonra yaşadıqları binada özlərinin blokuna girməmişdən qonşu bloka dönürdü. Orada onun çalışdığı şöbədə yatan, son Vətən müharibəsində ağır beyin travması almış əsgər Səmədin valideynləri yaşayırdı. Səməd Sənubər xala və Məcid kişinin tək oğulları idi.
Hər dəfə də onların ümid dolu baxışları qarşısında o, eyni cümlələri ürək ağrısı ilə təkrar etməli olurdu: “Səməd hələ özünə gəlməyib, süni komadadır, həkimlər nə lazımdırsa, edirlər. Türkiyədən xüsusi olaraq dəvət edilən hərbi həkimlərin daimi nəzarətindədilər bütün yaralılar. Dövlətimiz də onlar üçün hər şeyi edir”.
Qapının açıq olduğunu bilsə də, zəngi basdı. Səmədin valideynləri qapını heç gecə də açarla bağlamırdılar, oğullarının bağlı qapı arxasında bir an belə qalmasına razı ola bilmirdilər. Onu hər an gözləyirdilər.
Qapını Məcid kişi açdı, Vəsiləni görcək:
- Bala, xoş gəlmisən, elə səni gözləyirdik, növbətçi olduğun günləri əzbər bilirik.
Otaqda Sənubər xala ilə qucaqlaşıb-öpüşdülər. Sənubər xala səssizcə gözlərini sildi.
Vəsilə sual gözləmədən özü dilləndi:
- Vəziyyəti sabitdir, pisləşməsi, ağırlaşması yoxdur, ürəyi də yaxşı vurur. Həkimlər də əllərindən gələni edirlər.
Sənubər xala bir daha gözünü əlindəki dəsmalla silib dedi:
- Bala, heç olmasa uzaqdan da olsa, oğlumuza baxa bilərikmi? Çox ağırdır axı... biləsən ki, oğlun səninlə eyni şəhərdədir, amma onu görə bilməyəsən...ağırdır... Səmədin dostları sağ olsunlar, gündə gəlirlər, aparıb klinikanın binasını, Səmədin yerləşdirildiyi mərtəbəni də bizə göstəriblər. Onun yatdığı binanı görəndə azacıq da olsa, təskinlik tapırıq.
Vəsilə səsini bir az yavaşıdaraq, aramla danışmağa başladı:
- Mənə diqqətlə qulaq asın. Özünüzü təmkinli, səbrli aparacağınıza söz versəniz, sizə Səmədi görməyə şərait yaradacağam. Bir şərtlə ki, sizə deyəcəklərimi heç kimə deməməli və səssiz qalmalısınız.
Sənubər xalanın gözlərinə sanki işıq gəldi:
- Bala, səsimiz qalıb ki? Səssiz meyitlərə dönmüşük. Kişi ilə bütün günü otaqları fikirli-fikirli o baş, bu başa sərgərdan gəzməkdən üzülmüşük. Nəyə desən, hazırıq. Bu kişini bilmirəm, mən möhkəm qadınam.
Məcid kişi:
- Boy,niyə bilmirsən ki?..Səninlə həlim olduğuma baxma, arvad. Lazım gələndə polad kimiyəm. Oğlumuzun müharibədəki şücaətlərindən qəzetlər yazır, televizorlar göstərir. Bəs o, kimə oxşayıb? Əlbəttə ki - mənə!
Sənubər xanım ərinə dinməzcə baxaraq, Vəsiləyə tərəf döndü:
- Qadan canıma gəlsin, bala, nəyə desən, hazırıq.
Vəsilə mətləbi açdı:
- Bizim reanimasiya şöbəsində bir həkim çalışır, Leninqradda oxuyub, çox savadlıdır, çoxlarını o dünyadan qaytarıb. Bu gün Kamil həkim məni kabinetinə çağırıb təklikdə dedi ki, Səmədin halı göstərir ki, o, həyatla ölümün, o dünya ilə bu dünyanın sərhəddində dayanıb. Üzü o biri dünyaya baxır, çünki gözlərinin qarşısında çox gözəl, əsrarəngiz mənzərələr açılıb. Amma dayandığı yerdən nə irəli, nə də geri bir addım belə ata bilmir. Bu dünyaya – həyata bağlantısı olduğu hiss olunur. Həkim dedi ki, onun fikrincə Səmədi əzizləri çağıra, həyata səsləyə bilərlər. Səs ona çatsa və o, geri baxsa, mütləq ayılacaq. Səs anasının, atasının, nişanlısının da ola bilər. Biz gecə növbəsində buna cəhd edə bilərik.
Sənubər xanım dilləndi:
- Qızım, onun nişanlısı yoxdur axı. Bir-iki dəfə söz atdım, dedi ki, torpaqları düşmən tapdağında olan Vətənin oğullarının evlilik haqda düşünmələri düzgün deyil.
- Yaxşı, birisi gün Kamil həkim də, mən də gecə növbəsindəyik. Sizi müvafiq surətdə geyindirib oğlunuzun yanına buraxarıq. Amma bunu bilən olsa, məni işdən mütləq çıxardarlar, Kamil həkimin də başı ağrıyar. Özünüzü sakit, səbrli aparmağa söz verirsiniz?
Sənubər xala ilə Məcid dayıdan bir söz eyni anda çıxdı:
- Hə...
…Gecə reanimasiya şöbəsinin geyinib-soyunma otağında üç nəfər ağ paltar və maskalarda keçiriləcək əməliyyata hazır vəziyyətdə dayanmışdılar.
- Sənubər xala, birinci sizinlə gedirik, Məcid dayı qoy burada bizi gözləsin.
Vəsilə Sənubər xanımın qoluna girib, ona getməkdə dəstək oldu.
Sənubər xanım baş verənləri axıra qədər anlamasa da, artıq ana ürəyi Səmədi hiss etmişdi. Onun ayaqları sözünə o qədər də baxmasa da, ruhu artıq Səmədin, yeganə balasının yanında idi.
Sənubər xanım tək çarpayılıq palataya girəndə gördükləri onu çaşdırdı və istər-istəməz həyəcanlandırdı. O, çarpayıda oğlunun olduğunu bilsə də, onun bədəninə birləşdirilmiş çoxlu naqillərin, nazik rezin borucuqların arasından Səmədi son anda tanıdı və qıçları onu ayaq üstə saxlamaqda taqətsiz oldular. Yaxşı ki, Vəsilə ona müvazinətini itirməməyə kömək oldu və Sənubər xanımı çarpayının baş tərəfində əvvəldən hazırladığı kətilə oturdaraq, pıçıltı ilə:
- Başınızı əyin, - dedi və barmağı ilə Səmədin qulağına işarə edib, - ona nə demək istəyirsinizsə, deyin. Unutmayın, təmkinli olacağınıza söz vermisiniz.
Sənubər xanım dodaqlarını oğlunun qulağına dayadı. İlk ağlına gələn fikir o oldu ki, məhz indi, dodaqlarını oğlunun qulağına dayamış halda ölmək istəyir. Bu, onun arzulaya bildiyi ən yaxşı ölüm olardı. Məhz oğluna yapışaraq ölməyi Allahın ona edə biləcəyi ən gözəl lütfü sayardı.
Vəsilənin səsi onu elə bil yuxudan ayıltdı:
- Sənubər xala, danışın.
O dodaqlarını oğlunun qulağından azacıq aralı tutaraq, özü də tanımadığı, birbaşa ciyərlərinin dərinliyindən gələn boğuq səslə dedi:
- Canım oğlum, əziz balam, Səmədim, sənsiz yaşaya bilmirəm, əziz balam, qayıt! Biçarəyəm, eşit məni, sən mənim həyatımın özüsən, dön geri, dur, elə indi gedək evimizə! Dur, balam mənim, ömrüm mənim!
Bu sözlərdən sonra o, balasının çiynini, qollarının naqillərdən açıq yelərini öpməyə başladı.
- Sənubər xanım, gedək.
Vəsilə Səmədin hıçqırtı içində az qala huşunu itirməkdə olan anasının qoluna girərək, onu yarısürüyərək, palatadan çıxartdı.
Məcid kişi özünü toxtaq göstərməyə çalışsa da, həyəcanını gizlədə bilmirdi. Vəsilə hər ehtimala qarşı onun da qoluna girdi. Gedə-gedə təəssüflə düşünürdü ki, Səmədin beyninə birləşdirilmiş aparatlar ananın səsinə heç bir reaksiya vermədi. Ümidi atasına idi.
Vəsilə Məcid kişini kətildə oturdub, əlini onun kürəyinə qoyaraq, başını Səmədin qulağı tərəfə əydi:
- Məcid dayı, oğlunuza ürəyinizdən keçəni deyə bilərsiniz.
Məcid kişi əvvəlcədən oğluna nə deyəcəyini ölçüb-biçsə də, onu bu vəziyyətdə görəndə hər şey yadından çıxdı. Bir vaxtlar çox iclaslarda etdiyi çıxışların təcrübəsi də karına gəlmədi. Boğazını təkrar-təkrar arıtlayaraq, ağlına ilk gələnləri deməyə başladı:
- Oğlum, igidliklərindən xəbərim var. Kişi kimi vuruşmusan, sağ ol! Çörəyim sənə halal olsun. Vətəni elə sənin kimi oğullar qorumalıdır. Sən Daşaltı əməliyyatında yaralanmısan. Deyim, xəbərin olsun, Şuşa artıq bizimdir. Mərd oğullarımız bunu bacardılar. Şuşa da, bütün Qarabağ da indi Azərbaycanındır! Amma, oğlum, sənin bizdən qabaq getməyin haqsızlıq olar. Mənim çiynim sənin heç boş tabutunun ağırlığına da dözməz. Sənsiz həyatımızın şamı sönüb, qayıt geri, oğlum, onu yenidən yandır! Özümü demirəm, ananın xətrinə qayıt, geri dön, oğlum!
Sənubər nəzarət aparatının lal göstəricilərinə baxsa da, ata gözlərindən qəfil yağış kimi tökülən göz yaşlarını görməyə bilmədi.
…Vəsilə taksi sürücüsü olan qardaşı ilə Səmədin valideynlərini yola salandan sonra Kamil həkimin otağına keçib, məlumat vedi:
- Səmədin beyni nə atasının, nə də anasının səsinə heç bir reaksiya vermədi.
Bir qədər dərin sükutdan sonra Kamil həkim təəssüflə:
- Nə edə bilərik? Bacardığımızı edək, dualarımızı da əsirgəməyək! – dedi.
Vəsilə bütün sonrakı günləri düşünə-düşünə qalmışdı, Səmədin valideynlərini ümidsiz qoymaq istəmirdi. Ona elə gəlirdi ki, yenə nəsə etməlidir.
Növbəti dəfə Səmədgilə gedəndə yadına düşdü ki, Səmədin həmişə bir oğlanla gəzib-dolandığını, dostluq etdiyini görürdü. Valideynlərindən soruşdu ki, o oğlan kim idi?
Sənubər xanım ərinə baxıb dedi:
- Yəqin Səmədin dostu Zamiqi deyir… Qızım, onlar uşaq baxçasından başlayaraq, həmişə bir yerdə olublar. Məktəbdə də bir sinifdə oxumuşdular, bir yerdə idmana da gedirdilər. Gecələri-gündüzləri bir yerdə keçirdi, möhkəm dost idilər. Elə cəbhəyə də bir yerdə, könüllü getmişdilər. Silah yoldaşları danışırdılar ki, onlar döyüşdə də çiyin-çiyinə, kürək-kürəyə vuruşublar. Qrad mərmisi düşəndə də yanaşı olublar. Səməd yaralanıb, Zamiq isə şəhid olub. Kədər bizi Zamiqin ailəsi ilə daha da yaxınlaşdırıb, ya onlar bizə, ya da biz onlara tez-tez gedirik, bir-birimizi ovundururuq.
…Vəsilə son vaxtlar gecələri pis yatırdı, yaralılarımızın vəziyyətini, dərdini içinə çox salırdı. Belə yuxusuz gecələrin birində ağlına bir fikir gəldi. Ertəsi gün Səmədgildən ünvanı götürüb, onun dostu Zamiqgilə getdi, özünü təqdim etdi, başsağlığı verdi.
Çay içə-içə Zamiqin anası Bəsti xanımdan Zamiqin telefonunu soruşdu. Bəsti xanım bu suala çox təəccüblənsə də, oğlunun telefonunun evdə olduğunu dedi.
- Arada cəbhədən qısa da olsa zənglər edirdi, hər dəfə də deyirdi ki, dayanmadan irəliləyirik, erməniləri qovuruq. Mən ona deyəndə ki, bala, özünü qoru, həmişə eyni cavabı verirdi. Deyirdi ki, ana, sən biləsən, mən necə oğullarla yanaşı vuruşuram. Qorxunun- hürkünün nə olduğunu bilməyən, ölümün gözünə dik baxan igidlərlə yanaşı vuruşduğuma görə qürur duyuram. Ancaq müharibədir, üstünlük bizdə olsa da, hər an hər şey ola bilər. Ən ağır, çətin günə də hazır olun, mən heç kimdən artıq deyiləm, evi də həmişə səliqədə saxlayın!
- Bəsti xanım, bir günlük onun telefonunu mənə verə bilərsinizmi?
Bəsti xanım bir anlıq fikrə gedərək, dedi:
- Nəyəsə gərək olarsa, niyə də ki yox?..
Vəsilə bir xahiş də etdi:
- İcazənizlə telefonun adapterini də götürmək istərdim.
...Növbəti gecə növbəsində o, gecəyarısı Səmədin palatasına daxil olub, Zamiqin telefonunun vatsap yaddaşından seçdiyi bir səsli mesajı Səmədin qulağına yaxınlaşdırdı. Vəsilə Zamiqin Səmədə göndərdiyi səsli mesajların içindən məhz o mesajı seçmişdi. O, telefonun səsini axıra qədər qaldırdı. Zamiqin səsi palataya yayıldı:
- Qaqaş, sabah tezdən voyenkomatın qabağında görüşürük. Nəhayət ki, gedirik Qarabağımızı düşmənlərdən azad etməyə! Sən hazırsan?
Zamiqin bu sözlərindən sonra beyinə qoşulmuş aparatın rəngli işıqları səsli yanıb-sönməyə başladı və Səməd gözlənilmədən, qəfil gözlərini açıb dedi:
- Əlbəttə, hazıram!
Vəsilə sevincək telefonu götürüb, palatadan çıxdı. Kamil həkimin otağına tərəf qaçaraq, ona çatmağa səbr etməyib elə dəhlizdəcə ucadan qışqırdı:
- Kamil həkim, o, qayıtdı!.. Səməd qayıtdı!..
Seçilmişlər
Ən çox oxunanlar