Məmurlar ölkənin sərvətini çapıb-talayıb xaricə aparıblar - Partiya sədrindən şok ittiham
Tarix: 11-07-2019 15:49
“Ölkədə qarışıqlıq salıb narazılığı artırmaq istəyənlər hakimiyyətin daxilindəki insanlardır. Onların cinayətlərinin üstü açıldıqca, daxildə qarışıqlıq salırlar ki, əməlləri yaddan çıxsın, cəzalanmasınlar”.
Bu fikirləri Günpress.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, hakimiyyətə ən böyük zərbə hökumətdəki “qocalar evi”ndən gəlir:
“Bizim şəhər və rayon təşkilatlarının verdiyi məlumata görə, yerli məmurlar əhalini qıcıqlandırırlar, narazılığın əhatə dairəsini daha da genişləndirirlər. Son dövrlər diqqət edin, hər gün bir məmurun xaricdəki milyardlıq sərvəti üzə çıxır. Bu da onu göstərir ki, məmurlar ölkənin sərvətini çapıb-talayıb xaricə aparıblar. Eyni zamanda, hakimiyyətdəki bəzi nazir və komitə sədrləri də insanları narazı salaraq ölkədə aranın qarışmasına səbəb olacaq addımlar atırlar. Bu məmurların yaratdığı narazılığın həddi o qədər yüksəkdir ki, satqın müxalifət yüz ildə qalsa, o qədərə narazılıq yarada bilməz. Məmur tanıyıram ki, vəzifəsinin ömrünü uzatmaq üçün radikal müxalifətə pul ötürürlər ki, qarışıqlıq yaratsınlar. Xaricdə ölkəmizi və ölkəmizin başçısına qarşı aparılan kampaniyanın başında da həmin məmurlar dayanır”.
Partiya sədri onu da qeyd edib ki, bütün bunları nəzərə alaraq, MMP-nin rayon təşkilatlara gücləndirilmiş iş rejimində çalışırlar.
“Biz çalışırıq ki, bütün bu xəyanət planlarını pozaq. Amma şəxsən mənə ciddi təzyiqlər var. Amma mən bu təzyiqlərə məhəl qoymayaraq əziz qardaşımı hər zaman müdafiə edəcəyəm. İmkan vermərik ki, min bir əzabla qurulan dövlətimizə hansısa xəyanətkar məmur zərbə vursun” – deyə partiya sədri fikrini tamamlayıb.
Seçilmişlər
Ən çox oxunanlar