“O mənzillər jurnalistlərə birbaşa verilə bilməz, dövlətin əmlakıdır” - Vüqar Səfərli
Tarix: 04-09-2019 10:35
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Yenicag.az-a müsahibəsində jurnalistlər üçün inşa olunmuş 2-ci binadakı mənzillərə “kupça” verilməməsinin səbəblərini açıqlayıb.
GÜNpress.az həmin müsahibəni təqdim edir:
– Şəhərsalma və Arxitektura Komitəsi jurnalistlər üçün inşa edilmiş ikinci binanın istismarına icazə versə də, Əmlak Komitəsindən bildirilib ki, mənzillərə çıxarış verilməsi üçün KİV-ə Dövlət Dəstəyi Fondundan onlara əlavə sənədlər təqdim olunmalıdır. Söhbət hansı sənədlərdən gedir?
– Bilirsiz, məsələ necədir? Bu, dövlət aktıdır, verilib ki, bina istismara hazırdır. O bina dövlətin əmlakıdır. Bina Əmlak Komitəsi tərəfindən bizim balansımıza verilməlidir, “kupça” təqdim olunmalıdır. Bu məsələni birinci olaraq, Fond sənədləşdirməlidir. Bundan sonra baxaq görək, o mənzillər hansı formada jurnalistlərə veriləcək. Jurnalistlərə birbaşa ev verilməyib axı…
– Bu məsələni Əmlak Komitəsindən yuxarıda qeyd olunduğu kimi izah etdilər…
– Komitədən zəng etmişdilər, mən də dedim ki, buyurun, “kupça”ları verin də, görək, necə verirsiniz…
– Yəni indiki mərhələdə Komitənin sizə təqdim etməli olduğu sənədlər var?
– Əvvəla, o sənədlər hazırlanmalı və binaya ümumi “kupça” verilməlidir. Bundan sonra görək, o mənzillər jurnalistlərə hansı formada veriləcək… Bu, xidməti ev kimi bir şeydir… Dövlətin əmlakıdır. Bunu elə-belə götürüb vermək olmaz, başa düşürsünüz? O məsələni bu gün Qulu müəllimlə (Dövlət Əmlak Komitəsi mətbuat xidmətinin rəhbəri – red.) danışdım ki, öz rəhbərlikləri ilə müzakirə edib aydınlaşdırsınlar, bu işi necə etmək olar? Keçən dəfə (jurnalistlərin 1-ci binası – red.) bu işlər başqa formada oldu. İndi qaydalarda dəyişikliklər var. O mənzillərin jurnalistlərə verilməsi haqqında hansısa bir sənəd yoxdur. Siyahı tutulub, Aparatla, Prezidentlə razılaşdırılıb və Fondun İdarə Heyətinin qərarı ilə verilib. Ancaq biz o mənzillərə əlavə bir sənəd verə bilmirik axı…
– Yaxşı, bu məsələnin çətinliyi nədədir?
– Bu məsələlər Əmlak Komitəsi ilə həll olunmalıdır. O mənzillər jurnalistlərə birbaşa verilə bilməz. Dövlət əmlakıdır, keçən dəfə biz onu özəlləşdirdik, ondan sonra danışıldı, Əmlak Komitəsi ilə razılaşdırıldı ki, onlar qəbul etsinlər… Mənzillər elə bil, hədiyyə kimi verildi. Bu prosesdə sənədlər hazırlanmalıdır. Onu birbaşa vermək olmaz. Onlara da dedim ki, edə bilirlərsə, etsinlər, etirazım yoxdur.
– Jurnalistlərin 1-ci binasında “kupça”ların verilməsi prosesdurunu indi təkrarlamaq mümkün deyil?
– Yenə deyirəm ki, orada müəyyən məqamlar var, qanunlara dəyişiklik edilib. Mən də ona görə Qulu müəllimə dedim ki, öz rəhbərliyi ilə danışsın, hansı formada və necə edək. Bu işi onlar etməlidir. Bizə bunun yolunu göstərsinlər, edək. Bir də ki mən başa düşə bilmirəm, axı binanın istismarına icazə verilib, istənilən mənzil sahibi müraciət edə bilər, gəlsinlər, hansı mənzilin onlara aid olmasına dair arayış verək. Onlar o arayışla mənzilə qeydiyyata düşə bilər. Yəni bina istismara qəbul edildikdən sonra, artıq o problem yoxdur. “Kupça” isə ikinci məsələdir. Dövlət verən evlərə baxmayın, bunlar xidməti ev kimidir. Birinci ora özəlləşdirilməlidir, “kupça”sı alınmalıdır, sonra bağışlanmalıdır. Biz dövlət əmlakını necə bağışlaya bilərik?
Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov musavat.com-a açıqlamasında bildirdi ki, jurnalistlərin binasının istismarına Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verilib.
Onun sözlərinə görə, eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyesteri haqqında qanunun 8-ci maddəsinə uyğun olaraq, ilkin hüquq müəyyənedici sənədlər hazır olduğu təqdirdə, yəni, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən bu sənədlər mənzil sahiblərinə təqdim olunduqda proses növbəti mərhələdə həll olunacaq: “Sənədlər təqdim olunanda biz dərhal sosial kampaniyamız çərçivəsində, yəni, “əmlakını qeydiyyatına al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində jurnalistlərin binasının həyətindəcə hörmətli jurnalistlərimizdən, media nümayəndələrimizdən, onların sahib olduğu mənzillərə dair ilkin hüquq müəyyənedici sənədləri toplayaraq onları növbəti mərhələdə çıxarışların verilməsini təmin edəcəyik. Ən qısa müddətdə, hətta bir gün müddətində belə, əgər ilkin hüquq müəyyənedici sənədlər bina sahibi tərəfindən təqdim olunduğu və jurnalistlər də bizə təhvil verdiyi təqdirdə, biz bu məsələni həll etməyə hazırıq”.
Seçilmişlər
Ən çox oxunanlar