Heydərovlar ölkəyə istefa mədəniyyəti gətirir!? - Oğuldan ataya da nümunə
Tarix: 12-04-2019 00:03
“Qəbələ” İdman Klubunun prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun tutduğu vəzifədən istefa verməsi kifayət qədər gözlənilməz hadisə oldu. Özü də, belə görünür ki, təkcə mətbuat və ictimaiyyət üçün yox, hətta öz doğma babası üçün də.
Buna görə Fəttah Heydərov nəvəsilə bağlı xəbəri ilk olaraq saytlardan öyrəndiyini deyib:
“Tale Heydərovun prezidenti olduğu “Qəbələ” İdman Klubundan istefa verməsinə təəccübləndim. Özü ölkə xaricində olduğu üçün hələ ki, heç bir məlumatım yoxdur”.
Öncə T.Heydərovun istefası ilə bağlı xəbər yayılsa da, onun özünün məsələ ilə bağlı hər hansı açıqlaması verilmədi. Lakin görünür, sonradan xəbərin böyük maraq və rezonans doğurması cənab Heydərovu açıqlama verməyə və istefasının səbəbini göstərməyə vadar etdi.
13 ildir “Qəbələ”yə rəhbərlik edən klub prezidentinin gətirdiyi səbəb isə Azərbaycan reallıqları üçün olduqca maraqlı və hətta heyrətamiz görünür:
“Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatmışdır. Mən, klubun əməkdaşlarına, oyunçularına və ən əsası azərkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edirəm…”
Əsaslandırmaya diqqət: “Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatmışdır”. Əgər doğrudan da T.Heydərov dediklərində səmimidirsə, istefasının səbəbi sırf bununla bağlıdırsa… Heydərovlar Azərbaycana istefa mədəniyyəti gətirməyə başlayırlar?!Zarafat deyil – ölkənin aparıcı futbol klublarından birinin rəhbərliyindən könüllü istefa verəsən, özü də bunu 13 ildir həmin vəzifəni daşıdığını xüsusi vurğulayaraq, başqalarına yol açmaq istəyilə izah edəsən…
Mübaliğəsiz söyləyə bilərik ki, T.Heydərovun nailiyyətlərinin əsasında atasının məmur olaraq qazandığı imkanlar dursa da, bu şəxs öz mədəniyyəti, təmiz reputasiyası və qalmaqallardan uzaq personası ilə əksər məmur övladları üçün nümunə idi. Son istefa qərarı ilə isə nəinki məmur övladları, həmçinin uzun illər nazir vəzifəsindən üzü aşağı bir çox vəzifələrdə kreslolarından bərk-bərk yapışıb, pərçimlənən, “betonlaşan” məmurların özləri üçün də nümunə oldu. Göstərdi ki, doğrudan da bir vəzifəni uzun illər daşımaq nə həmin idarəetmə strukturunun inkişafına xidmət edir, nə də dünyadakı müasir düşüncə tərzinə, idarəçilik prinsiplərinə uyğundur – dəyişikliyə, yeniliyə ehtiyac var.
Görün Azərbaycanda nə qədər icra başçısı, nazir və nazir müavini, komitə sədrləri və s. vəzifəlilər vardır ki, 10-20 il, bəzən də daha çox müddətdə tutduqları vəzifələrdən vaz keçməyi heç ağıllarına da gətirmirlər. Qocalıb əldən düşürlər, özlərini idarə edə bilməz hala gəlirlər, amma kreslodan əl çəkmək istəmirlər.
Nə qədər qəribə görünsə də, T.Heydərovun bu addımı elə öz atası, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov üçün də nümunə sayıla bilər!
T.Heydərov 13 il “Qəbələ”yə başçılıq etdiyi kimi, K.Heydərov da düz 13 ildir ki, Fövqəladə Hallar naziridir! Bundan öncə isə 11 il Dövlət Gömrük Komitəsinin sədri olub ki, o da nazirə bərabər vəzifədir, hətta bəzi “xüsusiyyətlərinə” görə xeyli üstündür də. Bu, üst-üstə 24 il (!) nazir olmaq deməkdir – bəs deyilmi? Əlbəttə ki, 24 il böyük müddətdir və bu müddətdə sözsüz ki, K.Heydərovun dövlət və hakimiyyət qarşısında xidmətləri, zəhməti olub – bunu danmaq olmaz. Lakin o da faktdır ki, (bəlkə də öz istəyindən kənar olaraq) K.Heydərov Azərbaycanda “varlı məmur”, “məmur-oliqarx”, “məmur-biznesmen” obrazlarının ilk yaradıcılarından biri, bəlkə də birincisi, yəni banisi sayıla bilər. Bu, Rasim Balayevin Nəsimi obrazını yaratması kimi bir şeydir – artıq kimsə istəsə belə, bu rolu onun kimi oynaya bilməyəcək, yəni əvəzsiz və təkrarolunmaz! Bunu bir zamanlar Heydər Əliyev də görürdü və onun məşhur iclasların birində K.Heydərova qol saatı ilə bağlı dedikləri də təsadüfi deyildi…
Digər tərəfdən, onun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinin fəaliyyətilə bağlı fikirlər də birmənalı deyil. Binəqədidə yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnən yanğın, Mingəçevir SES-də bütün ölkənin işıqsız qalması ilə nəticələnən qəza, elə bu yaxın günlərdə “Diqlas” ticarət mərkəzinin yanması kimi hadisələr FHN-in fəaliyyətinin müzakirə mövzusuna çevirməklə, Heydərovun nazirliyinin öz işinin öhdəsindən heç də yüksək səviyyədə gələ bilmədiyini söyləyənləri kifayət qədər haqlı çıxardı. Xüsusilə “Diqlas”ın söndürülməsi zamanı nazirliyin müvafiq strukturlarının fəaliyyətinin qənaətbəxş olmadığı, əməliyyatın peşəkarlıq səviyyəsinin arzu olunanın xeyli altında qaldığı aşkar göründü.
“Diqlas”ın idarəçisinin sonradan geri götürməli olduğu “FHN şou göstərdi, yanğın söndürmədi” ifadəsi, eləcə də yanğın zamanı hər kəsin canlı izlədiyi görüntülər təsdiqlədi ki, nazirlik bu tip hadisələrə heç də lazımi səviyyədə hazırlıqlı deyil. Bunu yanğınsöndürmə briqadalarının hadisəyə vaxtında və effektli müdaxilə edə bilməməsi, lazımi miqdarda texnikanın dərhal hadisə yerinə göndərilməməsi, vertolyotların əməliyyata çox gec cəlb edilməsi, gələndən sonra da suyu yanğının üzərinə yox, kənara tökməsi və digər faktlar da təsdiqləyir.
Həmçinin, öncədən lazımi təhlükəsizlik tədbirlərinin görülməməsi də nazirliyin passivinə yazılmalıdır. Elə nazirliyin kimdən kimə şikayət etdiyi bilinməyən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyevin “hər dəfə ora daxil olanda demişəm ki, bura barıt çəlləyidir” ifadəsi də bu strukturun öz işinə məsuliyyətsiz yanaşmasının və vaxtında lazımi tədbirlərin görülmədiyinin etirafı deyilmi?
Əlbəttə ki, işində ciddi nöqsanları olan yeganə nazirlik FHN, uzun illər müxtəlif yüksək postlar daşıyan tək məmur isə Kəmaləddin Heydərov deyil. Lakin elə “Diqlas”dakı yanğın zamanı hadisə yerinə gələn K.Heydərovun xarici görünüşündən və nitqindən də görünürdü ki, ADAM YORULUB! Və belə yorğunlar hökumətdə heç də az deyil…
Bütün bu qeyd etdiklərimizlə yanaşı, ola bilsin ki, biz T.Heydərovun “Qəbələ”nin prezidentliyindən istefasını bu cür ideallaşdırmaqda yanılırıq. Çünki bəzi “ağzıgöyçəklər” iddia edirlər ki, bu qərar heç də könüllü verilməyib və “Gilan Holdinq”in bir çox biznesləri kimi, klub da sadəcə dövr edilib, başqa əllərə keçib.
Ancaq yenə də bu deyilənlərin həqiqət olmadığına və T.Heydərovun səmimiliyinə, həmçinin başda hörmətli Kəmaləddin müəllim olmaqla, hökumətdəki bir çox “yorğunların” gənc və Qərb təhsilli, dünyagörüşlü Heydərovun ölkəyə gətirmək istədiyi istefa mədəniyyətindən nümunə götürəcəklərinə inanmaq istərdik…(Azpolitika.info)
Seçilmişlər
Ən çox oxunanlar