Vətəndaş "Dar gündə dadımıza çatdınız" - dedi, Prezident "Mən mütləq burada, yanınızda olmalı idim" CAVAB VERDİ
Xəbər verdiyimiz kimi prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub. Dövlət başçısı zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib. Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus 33 nömrəli evə baş çəkən prezidentə məlumat verilib ki, ikimərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılıb, ev qəzalı vəziyyətə düşüb.
Dövlət başçısı evin sakinləri ilə söhbət edib, onların problemlərini dinləyib.
GÜNpress.az həmin dialoqu təqdim edir:
Evin ağbirçəyi: Xoş gəlmisiniz, Allah Sizi var eləsin. Çox sağ olun, Sizdən çox razıyıq.
Prezident İlham Əliyev: Sağ olun. Yeni ev tikiləcək, narahat olmayın.
Qadın sakin: Başına dönərəm, Allah Sizə uzun ömür, cansağlığı versin, ailənizlə xoşbəxt olasınız. Allah o bir oğlunuzu gözünüzə çıraq eləsin. Nə yaxşı ki varsınız. Biz Sizinlə qürur duyuruq.
Prezident İlham Əliyev: Çox sağ olun. Biz evləri bərpa edəcəyik, yenidən tikəcəyik, müvafiq göstəriş verilmişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən Şamaxıdadırlar, yaxşı işləyirlər. Bütün müraciətlər nəzərə alınır, evlərə baxış keçirilir. Harada ki, bərpa etmək mümkündür, bərpa olunacaq. Harada ki, mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürür. Əlbəttə, məncə bu evin bərpası mümkün deyil. Ev tikilənə qədər hansı kömək göstəriləcək?
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov: Cənab Prezident, kimin imkanı, həyətində başqa bir yeri var orada məskunlaşıb, qalanlarını rayon icra hakimiyyəti ilə birgə müvəqqəti yerləşdiririk. Sizin tapşırığınızla, cənab Prezident, artıq dünəndən 73 evə baxış keçirilib. Bunlardan hələlik 26-sının qəzalı olduğu müəyyənləşdirilib, amma müraciətlərin sayı çoxdur, 750 müraciət olunub. On komissiya Şamaxı rayonunda, iki komissiya Ağsu rayonunda, iki komissiya isə İsmayıllı rayonunda işləyir. Komissiyaların sayını artıracağıq ki, Sizin tapşırığınızı daha tez icra edək.
Prezident İlham Əliyev: Tezliklə bu ev yenidən tikiləcək. Müvəqqəti olaraq bütün lazımi kömək göstərilməlidir, tapşırıqlar verilib. Yəni, siz narahat olmayın.
Qadın sakin: Allah işinizi avand eləsin. Sağ olun.
Sonra Prezident İlham Əliyev Vidadi Məmmədov küçəsində Mailə Quliyevaya məxsus 7 nömrəli evdə oldu. Bu evin bir otağının divarı zəlzələ nəticəsində tam dağılıb və ev qəzalı vəziyyətə düşüb. Qəzalı evlərdən biri də Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurova məxsus 10 nömrəli evdir. Birmərtəbəli kürsülü evin otaqlarından biri tamamilə dağılıb. Evə dəymiş ziyanla tanış olan Prezident İlham Əliyev sakinlərlə söhbət edib.
Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident. Dar gündə dadımıza çatdınız. Allah canınızı sağ eləsin.
Sakin Xatirə Rəhimzadə: Cənab Prezident, bir daha xoş gəlmisiniz. Biz Sizin gələcəyinizə inanırdıq. Çünki həmişə xalqının ağır günündə onun yanında olan, xalqına dəstək olan Prezidentin bu təbii fəlakət zamanı şamaxılıların yanında olacağına çox-çox inanırdıq. Nə yaxşı ki, varsınız. Xalqa göstərdiyiniz dəstəyə, köməyə görə Sizə həmişə minnətdarıq, "Çox sağ olun!” deyirik. Nə yaxşı ki, bizim Prezidentimizsiniz. Biz Sizinlə fəxr edirik. Həmişə Sizin yanınızdayıq. Həmişə Sizə inanırıq. Azərbaycanın gələcəyinin etibarlı əldə olduğuna inanırıq və biz bunu görürük. Bu gün bir daha bunun sübutudur. Çox sağ olun ki, gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Siz bilirsiniz ki, mən Şamaxıda tez-tez oluram. Dəfələrlə olmuşam. Burada yaxşı tədbirlərdə bərabər iştirak etmişik, infrastruktur layihələrinin, sosial obyektlərin, kənd təsərrüfatı obyektlərinin açılışlarında olmuşuq. Şamaxının inkişafı daim diqqət mərkəzindədir. Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Komissiya işləyir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən buradadır, yerli icra hakimiyyəti də işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məşğuldurlar. Eyni zamanda, tezliklə bu evlərin bərpası, yenidən tikilməsi nəzərdə tutulur. Müvafiq Sərəncam imzalanacaq, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. İndi yüzlərlə müraciət var. Mənə verilən məlumata görə, hələ ki, 70-dən çox müraciətə baxılıb və müvafiq aktlar tərtib edilib. Bu aktlar əsasında bütün təmir-bərpa işləri aparılacaq. Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır.
Sakinlər: Çox sağ olun. Biz də Sizi dəstəkləyirik, hamımız Sizin arxanızdayıq, Sizə güvənirik.
Xatirə Rəhimzadə: Biz bu dəstəyi gördük. Bu dəstəyi Sizdən və Mehriban xanımdan gördük. Bizim minnətdarlığımızı Mehriban xanıma çatdırmağı xahiş edirik. Könüllüləri göndərdi, çox böyük dəstək oldu. Nazir də, rayon rəhbəri də bütün gecəni burada idilər. Çox sağ olsunlar.
Xanlar Rəhimzadə: Ona görə də əhali tam sakit oldu, cənab Prezident. Yerli hakimiyyətin nümayəndələri gecəyarısı bütün evləri gəzirdilər. Hamısı yanımızda idi. Ona görə də heç bir narahatlıq yoxdur.
Xatirə Rəhimzadə: Sağ olun ki, varsınız. Biz Sizə arxalanırıq. Xalqı bu qədər sevirsiniz. Sağ olun ki, xalqa bu qədər dəstəksiniz. Dəstəyinizə görə minnətdarıq. Sizinlə qürur duyuruq. Prezidentimizin belə qayğıkeşliyi, xalqa xidməti ilə çox qürur duyuruq. Azərbaycan etibarlı əllərdədir.
Prezident İlham Əliyev: Çox sağ olun. Mən də sizinlə qürur duyuram ki, hətta belə ağır günlərdə nikbinliklə yaşayırsınız və inanırsınız ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır. Bütün dövrlərdə belə olub, bundan sonra da belə olacaq. Həm könüllülərin, həm yerli icra orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının - bunların bir amalı var: vətəndaşlara kömək etmək. Mən hesab edirəm ki, bərpa işləri tezliklə başlamalıdır. Vəsait də ayrılacaq.
Kəmaləddin Heydərov: Cənab Prezident, artıq layihələr var. Həm Zaqatala zonasındakı zəlzələdən, həm də Kür-Araz bölgəsindəki daşqından hazır layihələrimiz var. Ona görə də Sizin tapşırığınızla təcili olaraq bu işlərə başlanacaq.
Prezident İlham Əliyev: Bəli, təbii fəlakət olur. Bir neçə il bundan əvvəl Zaqatala, Qax rayonlarında zəlzələ oldu, orada minlərlə ev dağılmışdı. Biz o zəlzələnin fəsadlarını aradan qaldırdıq. Bir neçə il bundan əvvəl daşqın olmuşdu, minlərlə evi su basmışdı. Orada da lazımi tədbirlər görülmüşdü. Bütün evlər dövlət vəsaiti hesabına yenidən tikildi, bərpa edildi. Ona görə biz bu zəlzələnin fəsadlarını da tezliklə aradan qaldıracağıq. Mən gəlmişəm bunu sizə şəxsən deyim ki, vətəndaşlar tam əmin olsunlar, bütün lazımi işlər görüləcək.
Sakinlər: Çox sağ olun. Minnətdarıq. Sizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq, cənab Prezident, Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Çox sağ olun. Sizə də cansağlığı, uğurlar arzulayıram. Bizim hələ görüşlərimiz çox olacaq. Çünki Şamaxı rayonunda bundan sonra da gözəl işlər görüləcək.
Xanlar Rəhimzadə: İnşallah. Sizə inanırıq. Sizin siyasətiniz sayəsində gələcəyimiz daha yaxşı, nurlu olacaq. Təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun.