Gömrük Komitəsi xarici nömrəli maşın sürənlərə zülm edir : Gündəlik pul yığılır - VİDEO
Tarix: 24-04-2020 00:36
COVİD-19 virusu ilə əlaqədar olaraq dövlət sərhədlərinin bağlanması Azərbaycanda qalan xarici ölkə vətəndaşları üçün əməlli-başlı problem yaradıb.
GÜNpress.az xəbər verir ki, Avtosfer.az-a müraciət edən Gürcüstan vətəndaşlarından biri deyir ki, sərhədlərin bağlı olması ilə əlaqədar olaraq Azərbaycanda qalıb. "Ölkədə qalma vaxtını rüsum ödəyərək artıra bilirik. Amma idarə etdiyimiz avtomobilləri Dövlət Gömrük Komitəsi "Meyvəli" adlanan ərazidə dayanacaqda saxlayır. Gündəlik olaraq 1 manat 50 qəpik məbləğində dayanacaq pulu ödəyirik. Elə şərait yaradılıblar ki, əgər bunu etməsək ilkin olaraq 150 manat, daha sonra isə artımla cərimə olunacağıq. Müraciət edib depozit olaraq pul qoymaq istəsək də deyirlər ki, gərək sərhədlər açılsın, siz Gürcüstana keçib gələrsiniz, sonra depozit qoya bilərsiniz. Amma yeni dəyişikliklərə əsasən 90 gün müddətində ölkədə avtomobil idarə edə bilərik, sonradan isə depozit qoyub vaxtı 1 ilədək uzatmaq olar. Amma Dövlət Gömrük Komitəsi hələ də köhnə qayda ilə gedir. Mayın 24-ə qədər isə avtomobillər dayanacaqda qalmalıdır. Çünki Gürcüstanda karantin mayın 24-də bitəcək. Hazırda dayanacaqda minlərlə avtomobil var. Dərdimizi kimə deyəcəyimizi bilmirik."
Şikayətçi deyir ki, onsuz da onlardan rüsum alıb Azərbaycanda qalmaq vaxtımızı artırırlar. "İndi boş yerə gündəlik dayanacaq pulu veririk. Amma mövcud qanunvericiliyə görə, biz depozit qoyub avtomobilimizi idarə edə bilərik. Həmçinin 90 günü tamam olmayan yüzlərlə sürücü var ki, avtomobili saxlanılır."
Qeyd edək ki, Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib. Dəyişikliyə əsasən, avtomobillərin müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində 90 gün məhdudiyyət müəyyənləşib.
Qərarı şərh edən hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, Nazirlər kabinetinin 305 saylı qərarı xarici ölkələrdə fiziki şəxslər tərəfindən müxtəlif əmtəələrin, o cümlədən nəqliyyat vasitələrinin Azərbaycana sadələşdirilmiş qaydada gətirilməsi prosedurlarını tənzimləyir. "Qeyd etdiyimiz qərarda nəqliyyat vasitələrin Azərbaycana şəxsi istifadə üçün həm müvəqqəti gətirmə, həm daimi gətirməsini öz əksini tapıb.
Qaydanın əvvəlki redaksiyasında Azərbaycan vətəndaşı olmayan şəxs xaricdən avtomobil gətirdikdə ilk üç ay müddətində heç bir gömrük ödənişləri lazım deyildi. Həmçinin bu müddəti üç ay olmaqla bir ilə qədər uzada bilərdi. Yəni, şəxs nəqliyyat vasitəsini üç ay müddətində ölkəyə gətirə və üç aydan sonra xarici ölkədə bir gün, hətta bir neçə saat qalıb geriyə qayıdırdısa müddət sıfırdan başlamış sayılırdı. Belə halda da gömrük təzminatı da lazım deyildi."
Hüquqşünas qeyd edib ki, yeni qüvvəyə minən qərar bu məsələyə aydınlıq gətirir. "Əgər şəxs üç ay sonra xaricə gedib qayıtsa belə 1 il ərzində cəmi 90 gün gömrük ödənişləri təminatı olmadan Azərbaycana xarici dövlət qeydiyyat nömrəli avtomobil gətirə bilər. Bu müddəti keçdikdə isə əlavə gömrük təminatı olmalıdır."
Seçilmişlər
Ən çox oxunanlar