2015-də hansı bürcün sağlamlıq vəziyyəti necə olacaq-PROQNOZ
Tarix: 19-12-2014 12:14
Sağlamlığı verən Allah, onu qoruyan isə insanın özüdür. Bəs ulduzlar nə deyir? Tibbi astrologiya 2015-ci ildə sağlamlığımız üçün nələri vəd edir?
Tibbi astrologiya sağlamlıqla bağlı uzunmüddətli fəaliyyətin planlaşdırılması üçün faydalıdır. Təbii olaraq ilin müxtəlif dövrlərində hər bir insanın sağlamlıq durumunda dəyişikliklərin baş verməsi mümkündür. Məhz, tibbi astrologiya bu dəyişikliklər haqqında ayrı-ayrı bürclər altında doğulan insanlara əvvəlcədən xəbərdarlıq edir.
Modern.azsaytı 2015-ci il üçün tibbi astroloji proqnozu təqdim edir.
Qoç Bürcü (21.03-19.04)
Bu bürc altında doğulanların normal həyat fəaliyyəti üçün kifayət qədər enerjiləri olacaq. Bununla yanaşı immun sisteminin zəifləməsi və bəzi xroniki xəstəliklərin kəskinləməsi də gözlənilir. Xüsusilə sidik kisəsində və cinsi fəaliyyətdə problemlərin yaranma ehtimalı mümkündür. 2015-ci ildə bu xəstəliklərin müalicəsi və profilaktikası müsbət nəticələr verəcək.
Sentyabr ayında Qoç bürcündə Ayın tam tutulması gözlənilir ki, bu da bu bürc altında doğulanlarda orqanizmin ümumi narahatlığına, baş ağrılarına səbəb olacaq. Sentyabr ayında cərrahi əməliyyatlar planlaşdırmaq məsləhət görülmür.
Fevral və aprel aylarında zədə almaq ehtimalı böyükdür. Buna görə də bu aylarda məişətdə, fiziki işlə məşğul olan zaman, zəyahətlərə çıxarkən daha ehtiyatlı olmaq tövsiyə olunur.
Buğa bürcü (20.04-20.05)
Buğa bürcü altında doğulan insanların orqanizmində yayın əvvəlindən payızın başlanğıcına qədər zəifləmə olacaq. Bu dövrdə mövcud xəstəliklər yenidən baş qaldıracaq. Buna görə də həmin ərəfədə sağlamlıqla bağlı lazımi tədbirləri həyata keçirmək lazımdır. Bununla yanaşı dərini, gözləri, qulaqları və boğazı da qorumaq, yarana biləcək xəstəliklərin qarşısını vaxtında almaq üçün profilaktik tədbirlər görmək tövsiyə olunur.
2015-ci ildə Buğalar dayaq-hərəkət aparatına cavabdeh olan Saturunun böyük təsirini hiss edəcəklər. Buna görə də qış fəslində xüsusilə idmanla məşğul
olanlar sınıq və digər xoşagəlməz hadisələrlə üzləşməmək üçün ehtiyatlı olmalıdırlar.
Əkizlər bürcü (21.05-21.06)
Digər bürclərdən fərqli olaraq Əkizlər bürcü altında doğulanlar 2015-ci ildə ehtiyat enerjiləri və xəstəliklərə qarşı müqavimətləri ilə öyünə bilməzlər. Onların sağlamlıq durumunda qısamüddətli problemlərin yaranması gözlənilir. Xüsusilə də normal həyat tərzi keçirməyənləri xoşagəlməz sürprizlər gözləyəcək. Ancaq bu son demək deyil. Bu bürc altında doğulanlar fevral, may, iyun və sentyabr aylarında öz səhhətləri ilə məşğul olsalar sağlamlıqlarında problem olmayacaq.
2015-ci ildə Əkizlərdə qida zəhərlənməsi ehtimalı da var. Buna görə qida məhsullarının və içkilərin seçilməsində diqqətli olmaq lazımdır.
Əkizlər bürcü altında doğulanlara sağlamlıq durumunu qaydasında saxlanılması üçün orqanizmin təmizlənməsi tövsiyə edilir.
Xərçəng bürcü (22.06-22.07)
2015-ci ildə Xərçəng bürcü altında doğulanların orqanizmi möhkəm, sağlamlıq durumu qənaətbəxş olacaq.
Yalnız aprel və sentyabr aylarında Xərçəng bürcündə Ayın nisbətən tutulması baş və böyrəklərdə problemlərin yaranmasına səbəb ola bilər. Xüsusilə qadınlar bu aylarda cərrahi əməliyyatların keçirilməsini planlaşdırmamalıdırlar. Həmçinin bu aylarda gərgin iş rejiminə ara verilməlidir. Tibbi astroloji proqnoz bu ərəfədə daha çox istirahətə vaxt ayırmağı tövsiyə edir.
Şir bürcü (23.07-22.08)
2015-ci il Şir bürcü altında doğulanlar üçün müalicə və profilaktiki tədbirlərin həyata keçirilməsində səmərəli ildir. Xüsusilə böyrək və allergiya xəstəliklərinin müalicəsi uğurlu nəticələr verəcək.
Əsas narahatlıq Günəşin tutulacağı mart və sentyabr aylarında ehtimal olunur. Mart ayında ayaq və gözlərdə, sentyabr ayında isə bağırsaq və ürək damar sistemində problemlər yarana bilər.
Qırx yaşdan yuxarı olanlar həyat tərzinə xüsusi diqqət yetirməli, əsəb və həyəcandan uzaq olmalı, məzuniyyətini istirahətə sərf etməlidir.
Tibbi astroloji proqnoz bu bürc altında doğulanların cinsi həyatının uğurlu olacağını vəd edir, 2015-ci ildə uşaq planlaşdırmasını münasib sayır.
Qız bürcü (23.08-22.09)
Tibbi astroloji baxımdan 2015-ci il xroniki xəstəliklərin müalicəsi üçün olduqca səmərəli və əlverişli bir dövrdür. Həmçinin Qız bürcü altında doğulanlar arasında artıq çəkidən yaxa qurtarmaq istəyənlər müsbət nəticə əldə edəcəklər.
Qız bürcü üçün Günəşin qismən tutulması sentyabr ayına təsadüf edəcək ki, bu ərəfədə qaraciyər, böyrək və yoğun bağırsaq zəif bənd rolunu oynayacaq. O cümlədən sentyabr ayında siqaretin, alkoqolun və digər zərərli vərdişlərin mənfi fəsadları üzə çıxacaq.
Qız bürcü altında doğulanlar 2015-ci ildə göz və qulaqlarını xüsusilə qorumalıdırlar. Ən başlıcası isə özfəaliyyət müalicəsindən uzaq olmalıdırlar.
Tərəzi bürcü (23.09-22.10)
2015-ci ildə Tərəzi bürcü altında doğulanların ürək damar sistemində, qan təzyiqində problemlərlə üzləşməsi ehtimal olunur ki, onlar məhz bu ərəfədə cərrahiyə əməliyyatı istisna olmaqla müalicə olunmalıdırlar.
Aprel ayında Tərəzi bürcündə Ayın tutulması gözlənilir. Bu ərəfədə ağır fiziki işləri təxirə salmaq, intensiv idman məşqlərindən imtina etmək lazımdır.
Bu ayda kişilərin soyuqdəymə xəstəliklərinə, qadınların isə böyrək, oynaq, yumurtalıq xəstəliklərinə tutulma ehtimalı böyükdür.
Astroloji proqnozlara görə Tərəzi bürcü altında doğulanlar 2015-ci ildə ədviyyatlardan və qida əlavələrindən az istifadə etməlidirlər.
Əqrəb bürcü (23.10- 21.11)
Bu bürc altında doğulanların uzun illərdən bəri sağlamlıqlarında yığılıb qalmış problemlər varsa 2015-ci il diaqnostika və müalicə üçün çox əlverişli və uğurlu bir il olacaq. Sağlamlıqla bağlı atılacaq hər bir addım müsbət nəticələr verəcək.
Əqrəb bürcündən olan insanların arasında mədə və onikibarmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkənlər sağlamlıqlarına xüsusi diqqət yetirməli, xəstəliklərin kəskinləşməməsi üçün tövsiyə olunmuş pəhrizlərə mütləq əməl etməli, əlavə profilaktik tədbirlər həyata keçirməlidirlər.
Dekabr ayının əvvəllərindən bu bürc altında doğulanların cinsi istəyi artsa da bu sahədə fəallığı çox da artırmaq lazım deyil. Astroloji proqnoza görə cinsi fəallıq nəticəsində dəri-zöhrəvi zəstəliklərinə tutulma ehtimalı böyükdür.
Oxatan bürcü (22.11-21.12)
Aprelin 9-a qədər Yupiter Oxatan bürcü altında doğulanların xəstəliklərə qarşı müqavimətini aşağı salacaq. Buna görə bu ərəfəyə qədər enerji tələb edən ağır işləri təxirə salmaq lazımdır. Bu ərəfədə ürək və tənəffüs yollarında problemlərin yaranması ehtimalı böyükdür.
Sağlam həyat tərzi sürənlər, müntəzəm idmanla məşğul olanlar may, iyun aylarında zədə alma təhlükəsindən özlərini qorumalıdırlar.
İyul və avqust aylarında isə Oxatan bürcü altında doğulan insanlar əsəblərinə hakim olmağı bacarmalıdırlar.
Oğlaq bürcü (22.12-19.01)
Oglaq bürcü altında doğulanların həyat enerjisi və xəstəliklərə qarşı müqaviməti 2015-ci ildə orta səviyyədən yuxarı olacaq.
Bununla belə Saturnun Oglaq bürcünün əhatə dairəsindən keçdiyi 15 mart tarixindən avqustun 2-ə qədər olan dövrdə bu bürc altında doğulan insanların ayaq, bud, kiçik çanaq və sidik tənasül orqanlarına mənfi təsir göstərəcək. Buna görə də tibbi astroloji proqnozda vaxtında profilaktik tədbirlərin görülməsi tövsiyə olunur.
Payız aylarında müalicə müsbət nəticələr verəcək.
Noyabr ayında qidalanmaya xüsusi diqqət yetirilməli, spirtli içkilərdən imtina edilməlidir.
Tibbi astroloji proqnozlara görə ilin sonunda Oglaq bürcü altında doğulanların depressiyaya düşmək ehtimalı mümkündür. Bu xoşagəlməz halla üzləşməmək üçün istirahətə vaxt ayırmaq tövsiyə edilir.
Dolça bürcü (20.01-18.02)
Mart ayında Uranla Merkurinin yaxınlaşması Dolça bürcü altında doğulanların bronxlarında, ağciyərlərində və qida borusunda problemlərə səbəb ola bilər.
İlin ikinci yarısında Dolçalar ürəyin, sinir sisteminin, qalxanabənzər vəzin və həzm sisteminin qayğısına qalmalıdırlar.
Həyat fəaliyyəti üçün bu bürc altında doğulanların enerjisi yetərincə olacaq. Bir şərtlə ki, mənasız və boş şeylərə görə onlar özlərində gərginlik yaratmasınlar.
Balıq bürcü (19.02-20.03)
2015-ci ildə Balıq bürcü altında doğulan insanların sağlamlığı ətraf mühitdən və emosional amillərdən asılı olacaq. Bu bürcdən olanların fiziki sağlamlığına yalnız psixoloji gərginlik təhlükə yarada bilər. İyunun 12-dən noyabrın 19-a qədər psixoloji gərginlik, stress, həyəcanlar sağlamlığa ciddi zərbə vura bilər. Bu səbəbdən həmin dövrdə həyat tərzinə xüsusi diqqət yetirilməli, zərurət olduğu halda lazımi müalicələri almaq lazımdır. Tibbi astroloji proqnozlara görə müalicələr gözlənilməz müsbət nəticələr verəcək.
İmicin və zahiri görkəmin dəyişməsi bu bürcdən olan insanların ümumi əhvalına və psixikasına müsbət təsir göstərəcək. Bununla bağlı həyata keçiriləcək kosmetik prosedurların səmərəliliyinin ən uğurlu vaxtı 2015-ci ilin yanvar və fevral aylarına düşür.
Proqnozlardan asılı olmayaraq Allahın sağlamlıq əmanətinə xəyanət etməyin. Sağlamlığınızın qayğısına qalmağa hər zaman vaxt ayırmağı bacarın.
Seçilmişlər
Ən çox oxunanlar