Sədərək Ticarət Mərkəzində yeni qadağa - Qərar
Tarix: 30-05-2020 19:39
Bakıda fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində dezinfeksiya tədbirlərinə start verilib. Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edilib.
GÜNpress.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında ticarət mərkəzinin İdarə heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tərəfindən ölkədə iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpasına icazə verilməsi barədə qərarından sonra qurumun idarə heyətinin toplantısı keçirilib:
"Toplantıda Operativ Qərargahın tapşırıq və tövsiyələri elan edilib. İdarə Heyətinin sərdi Yusif Qədimovun tapşırığı ilə ticarət mərkəzinin bütün ərazilərində ciddi dezinfeksiya tədbirlərinə başlanılıb. Bazar rəhbərliyi bildirib ki, ticarət mərkəzi ərazisində Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə ciddi əməl edilməlidir. Tapşırıq verilib ki, ticarət mərkəzində bütün sahibkar və satıcılar əraziyə daxil olarkən tibbi maska və qoruyuculardan istifadə etməlidir. Sahibkar və satıcıların maskasız ticarət mərkəzinin ərazisinə daxil olması qadağan edilib. Bundan başqa, gün ərzində mərkəzin nəzarət komissiyasının əməkdaşları mütəmadi olaraq bazar ərazisində monitorinqlər keçirəcək, maskasız sahibkar və satıcılar tənbeh olunacaq. Rəhbərliyin tapşırığı ilə ilkin olaraq 15 min ədəd ehtiyat maska alınıb. Nəzarət komissiyasının əməkdaşları bazar ərazisində gündəlik reydlər keçirəcək, maskası olmayan sahibkar və satıcılara pulsuz maska paylanacaq".
M.Qədimov bildirib ki, bazar ərazisində koronavirusdan qorunmaq üçün təlimat xarakterli lövhələr vurulub: "Mərkəzin əməkdaşları gün ərzində bazar ərazisində müştərilərə sosial məsafəni qorumaq üçün tövsiyələr edəcək, ticarət cərgələrində sıxlıq yaranmaması üçün lazım olan tədbirlər görüləcək".
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə xüsusi karantin qaydalarının yumşaldılması ilə bağlı növbəti qərarını açıqlayıb. Qərara əsasən, mayın 31-i saat 00:00-dan etibarən ölkədə bütün iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti bərpa olunur.
Seçilmişlər
Ən çox oxunanlar