Azərbaycanda gecikmiş kreditlərlə bağlı yeni - Statistika
Tarix: 14-03-2015 14:08
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar ayında dövlət büdcəsinə 1,7 milyard manat vəsait daxil olub, büdcədən 1,3 milyard manat vəsait xərclənib.
Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistikada qeyd olunub. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 421,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 11,6 faizinə bərabər olub. Büdcə xərclərinin 812,8 milyon manatı iqtisadiyyatın inkişafına, 202,7 milyon manatı sosial müdafiə və sosial təminata, 38,4 milyon manatı təhsil və səhiyyəyə yönəldilib.
Eyni zamanda 2015-ci il fevralın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 18,6 milyard manat məbləğində kredit ayırıblar. Verilmiş kreditlərin həcmi 2014-cü il fevral ayının 1-i ilə müqayisədə 19,6 faiz artmış, onun 79,3 faizi və ya 14,7 milyard manatı uzun müddətli olub. Kreditlərin 1,0 milyard manatının, yaxud 5,5 faizinin ödəmə vaxtı keçib. Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 10,4 faiz artaraq fevral ayının 1-i vəziyyətinə 7,1 milyard manata çatıb.
Fevral ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,86 manata, 1 Avroya 0,98 manata, 100 Rusiya rubluna 1,34 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,82 manata, 0,95 manata və 1,29 manata bərabər olub.
Seçilmişlər
Ən çox oxunanlar