Seçici qurbağa deyil, Aqil Abbas!
Tarix: 07-01-2015 23:14
İstedadlı qələm adamı olduğuna heç kimin şübhə etmədiyi hörmətli Aqil Abbas üç gün əvvəl yazdığım “Deputatlar hovuzda üzür, seçicilər borc içində” adlı məqalədən narazı qalıb. Aqil müəllim Modern.az saytına verdiyi müsahibədə belə deyib: “Jurnalist Seymur Verdizadə yazır ki, deputatlar hovuzda çimir, seçicilər borc içindədir. Deputatlar hovuzda çimmir. Deputatlar seçicilərin dərdinin içində çimir. Sadəcə, Seymur Verdizadənin xəbəri yoxdur”.
Aqil Abbas bununla kifayətlənməyərək, fikrini bir qədər də inkişaf elətdirib: “Gecə saatlarına qədər seçicilərim mənə zəng edir. Birinin uşağı xəstədir, birinin başqa problemi var. İnsanlar bilmir ki, deputatın saatı yoxdur. Elə bilirlər ki, deputat iclasa getdi, onunla da iş bitdi. Seymur Verdizadəyə deyin ki, hovuzda çimmirəm. Əvvəllər çimirdim, indi çimə bilmirəm. Hörmət elədiyim jurnalistdir. Deputat hovuzda çimməli deyil?! Gölməçədə çimməlidir?!”
Bəri başdan deyim ki, bəzi deputatların narazılığına səbəb olan həmin məqalədə Aqil Abbasdan söhbət getmir. Hamı bilir ki, Aqil müəllim xeyirə-şərə yarayan adamdır. Şəxsən mən özüm onun məclislərə hamıdan əvvəl gəlib, qonaqlardan sonra getdiyinin dəfələrlə şahidi olmuşam. Mənə elə gəlir ki, hörmətli yazıçımız yuxarıdakı açıqlamaları verməklə deputat həmkarlarını müdafiə etmək istəyib. Digər peşə sahibləri kimi, millət vəkillərinin də həmrəy olmasında, bir-birinin təəssübünü çəkməsində təəccüblü, qeyri-adi heç nə yoxdur. Bəndənizi bu mövzuya yenidən qayıtmağa vadar edən səbəb başqadır. Mən də bilirəm ki, idman sağlamlığın rəhnidir. Buna görə də hansısa millət vəkilinin hovuzda çimməsinə etiraz etməyi ağlımın ucundan belə keçirmirəm. Məni deputatların hovuzda üzməsi yox, seçicilərin borc içində boğulması narahat edir. Tez-tez Azərbaycanın müxtəlif bölgələrində oluram. Kəndlərin çoxunda təbii qaz yoxdur. Üç-beş il əvvələ kimi meşəlik olan ərazilərdə uşaqlar indi çilingağac oynayırlar. Kənd var ki, insanlar sadə məişət problemini belə həll edə bilməyiblər. Bakıda hovuzda üzən deputatların seçiciləri kənddə vannada çimirlər...
Başa düşürük, seçicilər deputatları bəzən onlara aidiyyatı olmayan məsələlərə görə narahat edirlər. Jurnalistlərin yaxşı insan kimi xarakterizə etdiyi hörmətli Zahid Oruc bir dəfə demişdi ki, hər dəfə seçiciləri ilə görüşə gedəndə cibləri reseptlə dolur. Düzdür, xəstə seçicisinə dərman almaq deputatın vəzifəsinə daxil deyil. Amma deputatın borcudur ki, seçicilərinin rifah halını yaxşılaşdırmaq üçün hökumətin qarşısında təkliflərlə çıxış etsin. Zahid Orucun seçiciləri dərman almağa pul tapmır, amma o, hər il Milli Məclisdə hökumətin hesabatının lehinə səs verir. Bu iradım Aqil Abbasa da aiddir. Çünki seçicilərin maddi vəziyyətinin ağır olmasından şikayətlənən Aqil müəllim hər dəfə parlamentdə hökumətin hesabatı qəbul olunanda YAP-çı deputatlara qoşulub, Artur Rəsizadəni alqışlayır.
Aqil Abbas deyir ki, deputat gölməçədə yox, hovuzda üzməlidir. Mən də deyirəm ki, təkcə deputatın deyil, seçicinin də hovuzda üzməyə imkanı olmalıdır. Seçici qurbağa deyil ki, gölməçədə çimsin...
Seçilmişlər
Ən çox oxunanlar