"Arutyunyana da, Balasayana da deyirdim ki,..." - Cəbrayılın el ağsaqqalı ilə müsahibə
Tarix: 07-02-2023 14:57
Qarabağ müharibəsi veteranı, cəbrayıllı ziyalı Vaqif Əlisoy www.aznews.az-ın suallarını cavablandırıb.
- Anadan olduğunuz, yaşadığınız Cəbrayıl rayonu uzun zaman düşmən işğalı altında qaldı. Bu illər ərzində vətənpərvər bir Azərbaycanlı kimi hansı hisslər keçirirdiniz?
- Bildiyiniz kimi, Cəbrayıl 23 avqust 1993-cü ildə işğal olunub. Mən 1988-ci ildən 1993-cü ilə qədər Cəbrayılın müdafiəsinin təşkilində, formalaşmasında yaxında iştirak etmişəm. Qarabağ qazisiyəm. Bu illər ərzində bir gün də olsun torpaqlarımızın düşmən əlində qalacağına inanmırdım. İnanırdım ki, gün gələcək o torpaqlar mütləq işğaldan azad olunacaq. Uzun müddət Cəbrayıl rayonu ərazisində əsirlərin, girovların dəyişdirilməsi prosesinə rəhbərlik etmişəm. “Əsir və girovların dəyidirilməsi üzrə dövlət komitəsi”nin Cəbrayıl rayon şöbəsinə sədrlik etmişəm. Dəfələrlə ermənilərə ... Arayik Arutunyana, Vitali Balasanyana demişəm ki, gün gələcək etdiyiniz bütün hərəkətlərə, törətdiyiniz cinayətlərə görə cavab verəcəksiz. General Polad Həşimovun şəhidlik zirvəsinə yüksəlməsi ilə cəmiyyətdə möhtəşəm bir diriliş yaşandı. O günlərdə mənə sual ünvanlandı ki, hər şey var, sonu nə olacaq? Dedim ki, nə vaxt olacağını dəqiq bilmirəm, amma çox yaxın zamanda cəbhədən möhtəşəm xəbər alacağıq.
- Bəs, Cəbrayılın işğaldan azad edilməsi xəbərini necə aldınız, necə qarşıladınız?
- 27 sentyabrda erməni təxribatını qarşısını alan Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında qəti sözünü dedi. İlk azad olunan şəhər də Cəbrayıl şəhəri oldu. 4 oktyabr, şəhərin azad edildiyi gün döyüş gedə-gedə orada idim. Mənim orada evim durur, ümumiyyətlə orada bir neçə bina salamat qaıb. Onlardan biri də vaxtilə mənim yaşadığım müəllimlər evidir. Cavanlarımız, əsgərlərimiz, zabitlərimiz şir kimi döyüşürdülər. Həmin vaxt da Aqil Abbas mənə zəng edib dedi ki, haradasan? O bilirdi ki, mən cəbhə bölgəsindəyəm, o şəraitdə hər şeyi demək olmurdu. Amma israr etdi, and verdi. Göz yaşları içində dedim ki, Aqil Abbas gözün aydın, Cəbrayıl işğaldan azad olundu. Amma hamıya da məlumat vermək olmurdu, ona görə də öz səhifəmdə qısa bir cümlə yazdım ki, Cəbrayıl camaatı gözünüz aydın, bayrağımız “Qartal” yüksəkliyində dalğalanır. Çox möhtəşəm bir qələbənin canlı şahidi oldum. Əsgərlərimizin, zabitlərimizin möhtəşəm döyüşlərinin şahidi oldum.
- Cəbrayıl rayonu işğaldan azad edildikdən sonra oraya etdiyiniz səfərlə bağlı təəssüratlarınızı bölüşməyinizi xahiş edirik.
- İllər ərzində tədbirlərdə Qarabağdan demişəm, yazmışam. Bir gün də olsun qələbəyə olan inamım ölməmişdi. Allaha şükür edirəm ki, bu yaşımda mənə Cəbrayılı işğaldan azad edilməsini görməyi qismət etdi. Mən Cəbrayıl torpağına ayaq basanda müqəddəs şəhid qanları ilə alınmış bu torpağa diz çöküb, alnımı torpağa sürtdüm, torpaqdan halallıq almaq istədim. Mən ölüm də görmüşəm, həbs də görmüşəm. 20 Yanvar hadisələri zamanı sovet KQB-si tərəfindən həbs olunmuşam. Girovların dəyişdirilməsini həyata keçirmişəm, erməni işğalçılarının törətdiyi vəhşilikləri görmüşəm, mənim gözümdən yaş gəlməmişdi. Amma illər sonra o torpağa qədəm qoyanda göz yaşlarımı saxlaya bilmədim.
- Cəbrayıllılar arasında tanınmış şəxs, el ağsaqqalısınız. Sizin fikrinizcə, Cəbrayıl əhalisinin öz ata-baba torpaqlarına qayıtmaq, yenidən orada məskunlaşmaq istəyi nə qədərdir?
- İçi mən qarışıq Cəbrayıl camaatı iməkləyə-iməkləyə, sürünə-sürünə o torpaqlara qayıtmaq arzusundayıq. Mən dəfələrlə televiziya çıxışlarında da, mötəbər tədbirlərdə də xahiş etmişəm ki, bərpa və məskunlaşdırma işlərı tez yerinə yetirilsin. Mən təəssüf edirəm ki, biz hələ də Qarabağ torpaqlarında olan vandalizmini dünyaya tam çatdıra bilməmişik. Erməni vandalizmi çəkib görüntülərini üstümüzə gələn Fransada Rusiyada ernəni diasporunun və onların təsirində olanlarıngözünə soxmaq lazımdır. Makronun şəhərini, el-obasını bu günə qoysalar nə edərdiniz?! Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayır. Bunun talışına da, gürcüsünə də, tatına da, kürdünə də qurban olum. Bu insanlar 1988-ci ildə bizimlə çiyin-çiyinə vuruşublar. Ermənilər isə bir əsrdə üç dəfə qanımıza susayıb. Mən hər dəfə deyirəm, kim Azərbaycanın qanunlarına tabe olacaqsa, kim Azərbaycan bayrağının altına keçəcəksə, yazılı surətdə bildirəcəksə ki, Azərbaycan ərazisi bütövlüyünə qarşı çıxmayacaq, həmin insanlar Azərbaycan vətəndaşı kimi qalıb yaşasınlar. Cəbrayılı görməyən gənclik yetişib. Mənim bir ayağım gordadı. Məni aparıb orda dəfn etsinlər. Ölülərimiz, dünyadan köçmüşlərimizi orada dəfn etməliyik. Qarabağda nə qədər tez məskunlaşsaq, bir o qədər bizim xeyrimizədir. Camaat bu barədə qərar verilməsini həsrətlə gözləyir. Mənim yaşıdlarım, Cəbrayılın ziyalıları, üzdə olan adamları daim camaat arasında təbliğat aparır.
Seçilmişlər
Ən çox oxunanlar