Şeyx Həzrətlərinə qarşı qarayaxma kampaniyasını aparanlar islamafob və ermənipərəst mərkəzlərdir – Millət Vəkili
Tarix: 07-06-2020 16:30
Millət Vəkili Hikmət Babaoğlu: Ancaq bütün Qafqazın dini-mənəvi mərkəzi olan bir təşkilatın sədrinə, məhzəbindən asılı olmayaraq bütün Qafqazın möminlərinin lideri olan Şeyxülislam Allahşükür Paşazadəyə qarşı belə mənəvi terror əsla təsirli ola bilməz
Qloballaşan dünyada bir çox dövlət və xalqlar artıq öz milli-mənəvi dəyərlərini itirməkdədir. Çox az xalqlar var ki, bu məqsədli siyasi prosesin qarşısında dözüm göstərə bilir.
Belə xalqlardan biri də çoxəsrlik milli-mənəvi dəyərlərə malik Azərbaycan xalqıdır. Təbii ki, bu dəyərlərin qorunmasında xalqla bahəm dövlətin, tanınmış ictimai-siyasi xadimlərin, xalqın inam yeri olan ağsaqqalların və din xadimlərinin də xüsusi rolu var. Elə buna görə də dövlətimizin uğurlarına sevinməyən mənfur niyyətli düşmənlər və daxildə onlara züy tutan anti-milli qüvvələr məhz bu simaları hədəf seçir. Onların sonuncu bu tip ikrah doğuran cəhdi isə sosial şəbəkələrdə xalqımızın mötəbər din xadimi, QMİ sədri Hacı Allahşükür Paşazadə barədə başlatdıqları böhtan və təhqir kampaniyasıdır. Bu anti-milli dəstə Hacı Allahşükür Paşazadə kimi möhtərəm bir din xadiminə və el ağsaqqalına qara yaxmaqla özünün əsl çirkin simasını ortaya qoyur. Əslində, bəlkə də, onların bu cılız əməllərinə layiq olduğu qiyməti verib qətiyyən əhəmiyyət verməmək daha doğru olar, lakin ictimaiyyət artıq mövzu ilə bağlı birlik.az saytına dəfələrlə müraciət etdiyinə görə bu barədə susmamağı daha məqsədəuyğun bildik. Cəmiyyəti maraqlandıran əsas sual budur ki, görəsən, bu işlərin arxasında kim durur. Birlik.az saytı olaraq Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun məsələyə münasibətini öyrəndik:
-Hikmət müəllim, son zamanlar xaricdən müəyyən qüvvələr dövlət atributlarını təhqir etməklə rəzil kampaniyaya başlayıblar. Sonuncu dəfə isə QMİ sədri Hacı Allahşükür Paşazadənin ünvanına qarayaxmaların şahidi olduq. Sizcə onların məqsədi nədir?
- Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin milli, dini və ümumbəşəri dəyərlərə xidmət edən fəaliyyəti, nəticə etibarilə, ölkəmizdə milli-dini birliyimizin təmin olunmasına, dünyada isə bu dəyərlərimizin tanıdılmasına xidmət etməklə milli maralqlarımızın qorunmasına yönəlib. Əlbəttə, belə böyük miqyaslı fəaliyyət antiazərbaycançı mərkəzlərin maraqlarına uyğun deyil. Şeyx həzrətləri dini-mənəvi dəyərlərimizi, əxlaqi dəyərlərimizi qorumaqla, onları yorulmadan təbliğ etməklə ali dini liderimiz səviyyəsinə yüksəlib. Ümummilii səviyyədə qəbul edilən istənilən dəyər isə həmrəylik, birlik simvoludur. Hər hansı xalqın milli birliyini pozmaq üçün həmişə onun dəyərlərinə və dəyər yaradan liderlərinə hücum edirlər. Burada məqsəd dəyərləri gözdən salmaq, onları deqradasiyaya uğratmaq və beləliklə də, milli birlik və bərabərliyi pozmaqdır. Mən dəfələrlə yaxın və uzaq səfərlərində hörmətli Şeyximizi müşayiət edən bir şəxs kimi onun müsbət keyfiyyətlərinə, ali mənəvi məziyyətlərinə yaxından bələd olmuşam. Bu zaman, həmçinin A.Paşazadənin təkcə Azərbaycanda, Qafqazda deyil, bütövlükdə İslam aləmində, eyni zamanda çoxsaylı xristian ölkələrində necə böyük səmimiyyətlə, ehtiramla və sayğı ilə qarşılandığını görmüşəm. Əlbəttə, bütün bunları Azərbaycanı sevməyən qüvvələr də görürlər və ona görə də ali dini liderimizə hücumlar təşkil edirlər. Ancaq şübhəsiz ki, bu cür qarayaxmalarla heç bir nəticə əldə etmək mümkün deyil.
– Hikmət müəllim, ola bilərmi, həmin insanlar hansısa beynəlxalq terror təşkilatlarının ideoloji qoluna mənsub olsunlar?
- Hazırda milli maraqlara qarşı istifadə edilən ən effektiv silahlardan biri də mənəvi-ideoloji terrordur. Bu, fiziki terrordan daha dağıdıcıdır. Fiziki terror bir və ya bir neçə nəfəri hədəfə alır. Mənəvi – ideoloji terror isə kütləvi sistemli xarakter daşıyır. Ona görə də düşmənlərimiz bizə qarşı ardıcıl olaraq bu vasitədən də istifadə edir, xüsusi informasiya resurslarını isə burada alət rolunda görürlər. Düşünürlər ki, yalan, qərəz, böhtan nə qədər çox yayılarsa, bir o qədər təsirli olar. Ancaq bütün Qafqazın dini-mənəvi mərkəzi olan bir təşkilatın sədrinə, məhzəbindən asılı olmayaraq bütün Qafqazın möminlərinin lideri olan Şeyxülislam Allahşükür Paşazadəyə qarşı belə mənəvi terror əsla təsirli ola bilməz.
- Bilirik ki, ölkəmizin dünyada bir açıq-aşkar düşməni var- Ermənistan. Mümkündürmü bu məsələdə xaricdə yaşayan erməni lobbisinin əli olsun?
-Bizə qarşı aparılan antitəbliğatın, mənvi- siyasi təxribatların iki mərkəzi var. Bunalrdan biri erməni lobbisi və ermənipərəst mərkəzlər digəri isə islamafob mərkəzlərdir. Ona görə də heç şübhəsiz ki, söhbət ali -dini liderdən gedəndə hər iki mərkəz bu mənəvi terrorda həvəslə iştirakçı ola bilər. Diqqət etsək, görəcəyik ki , QMİ sədri A.Paşazadənin son illərdəki fəaliyyətində daha qabarıq olaraq nəzərə çarpan, XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu bir dövrdə onların reallaşdırılması istiqamətində əməli səylər göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başlatdığı sivilizasiyalararası və dinlərarası dialoq prosesində mühüm rol oynamasıdır. Belə ki Şeyxülislam bir çox beynəlxalq miqyaslı tədbirlərin, elmi-praktik konfransların Bakıda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub. Məlum olduğu kimi, 2008-ci ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq ictimaiyyəti narahat edən humanitar məsələlərə həsr olunan və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı Prosesi” çərçivəsində mühüm tədbirlər keçirilir. 2017-ci il İslam Həmrəyliyi ili elan olunub və bu çərçivədə olduqca mühüm tədbirlər həyata keçirilib, QMİ-nin nəzdində müxtəlif ölkələrin nüfuzlu din və ictimai xadimlərindən ibarət Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi təsis olunub və Şeyx həzrətləri onun baş katibi seçilib. Prezident İlham Əliyevin təşəbbüsü və QMİ sədri A.Paşazadənin bilavasitə təşkilatçılığı ilə dinlərarası dialoq platforması çərçivəsində Almaniyada, İspaniyada, İranda, Misirdə, Rusiyada, Türkiyədə və digər ölkələrdə bir çox tədbirlər keçirilib. Bütün bu tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinin vacibliyini vurğulayan Şeyxülislamın bugünədək iştirak etdiyi elə bir beynəlxalq tədbir, çıxış etdiyi elə bir xitabət kürsüsü olmayıb ki, ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, dini-mədəni abidələrimizin dağıdıldığını, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmasın. Şeyxülislam Allahşükür Paşazadə çıxışlarında Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərimizdə tarixi, mədəni və dini abidələrin məhv edildiyini daima xüsusi olaraq vurğulayıb. Beləliklə, Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi dinlərarası dialoq, həmçinin multikulturalizm siyasətinin təbliğatşısı olub . Bütün bunlar nəticə etibarilə ölkəmizdə mənəvi-siyasi həmrəyliyi gücləndirməklə beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun artmasına gətirib çıxarır. Belə olduqda əmin olun ki , Şeyx həzrətlərinə qarşı aparılan qarayaxma kampaniyası ümummilli maraqlarımıza qarşı təşkil olunur və bunu edənlər islamafob və ermənipərəst mərkəzlərdir.
Seçilmişlər
Ən çox oxunanlar