Bakıda hamama basqın - 4 nəfər bıçaqlanıb, saxlanılanlar var+ Video
Bakıda hamama basqın olub.
GÜNpress.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, basqın edən şəxslər 3 ofisiant və bir müştərini bıçaqlayıblar.
Hadisə gecə saatlarında paytaxtın Binəqədi rayonu Azadlıq prospektindəki hamamlardan birində baş verib. Hamamın inzibatçısı Səyyar Əjdərovun sözlərinə görə, həmin naməlum şəxslər gecə sərxoş vəziyyətdə iş vaxtının qurtarmasına 5-10 dəqiqə qalmış daxil olublar. İnzibatçı iddia edir ki, onlar hamama müştəri kimi gəlmədiklərini bildirərək işçilərlə mübahisə etməyə başlayıblar.
Müxtəlif bədən xəsarətləri alan ofisiantlar - Nazim Əhmədli, Sahib Quliyev, İsa Kərimli və bir müştəri dərhal ətrafda olan taksi sürücülərinin köməyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Xəstəxanadan bildirilib ki, onlardan Nazim Əhmədli və müştəriyə ilkin yardım edilərək evə buraxılıb. Sahib Quliyev və İsa Kərimli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onlara döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.
Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ilə bağlı gecə saatlarında 6 nəfər şəxs saxlanılıb. Hazırda iş üzrə istintaq aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: