Leriklilərin park və SOCAR YDM həsrəti
Tarix: 19-08-2020 10:22
Lerikdəki durumla bağlı oxucu şikayətlərinin və müəllif müşahidələrimin bir qismini əvvəlki yazımızda qeyd etmiş, ardının olacağını bildirmişdik.
http://xeberlent.az/index.php?do=xeber_inner&id=31854
Bu dəfə rayona səfərimiz ərzində diqqətimizi çəkən, eləcə də görüşüb söhbətləşdiyimiz lerikliləri narahat edən daha iki məsələ haqqında danışacağıq.
Bunun biri rayon mərkəzi – Lerik şəhəri əhalisinin normal istirahət yerinin olmamasıdır. Təsəvvür edin ki, artıq bir neçə ildir şəhər statusu almış Lerikdə sovetdən qalma cəmi-cümlətanı bir istirahət parkı var. Əslində bu cümlədəki son üç söz – “istirahət”, “park” və “var”, yumşaq ifadə etsək, şərti xarakter daşıyır. Çünki dövlət xadimi və yazıçı Nəriman Nərimanovun adını daşıyan (bəzi sakinlər Zərifə Əliyeva parkı kimi adlandırır, bu da bir müəmma) park tamamilə baxımsız vəziyyətdədir. Yəni park ümumilikdə nə bu iki görkəmli tarixi şəxsiyyətin adına, nə də leriklilərin öz ad-sanına yaraşır. Yalnız doktor Nərimanovun büstünün qarşısında bir neçə oturacaq var; işıq dirəkləri sanki bostan müqəvvasıdır; parkın qalan hissəsi isə hansısa möcüzəylə diləgələ bilsəydi, öz halından dad eləyərdi. Lerikin məcun havası, əsrarəngiz təbiəti varsa, bu o demək deyil ki, onda şəhər mədəniyyətinə uyğun istirahət parkı olmamalıdır, Lerik sakinləri asudə vaxtlarını orada keçirməməli, orada dinclərini almamalıdırlar.
Deyirlər təbiət Allahın, mədəniyyət insanın əsəridir. Lerikdə birinci ilə bağlı hər şey qaydasındadır, ikincinin qaydasına düşməsinə isə təsərrüfatçı olmayan və ya olduqca pis təsərrüfatçı olan rayon rəhbərliyi mane olur.
Gələk bugünkü yazımızın ikinci mövzusuna, yəni leriklilərin keyfiyyətli benzin həsrətinə. Birbaşa ondan başlayaq ki, onlar bu həsrətə son qoymaq üçün nə az, nə çox – düz 50 km məsafə qət etməli olurlar. Əslində rayonda, o cümlədən rayon mərkəzində bir neçə yanacaq doldurma məntəqəsi var. Lakin oradakı yanacağın keyfiyyəti əsasən müasir alman və yapon maşınlarının sahiblərini qane etmir. Amma nədənsə əlaqədar təşkilat və müəssisələr, həmçinin də SOCAR sözügedən YDM-ləri keyfiyyətli yanacaqla təmin etməyə həvəs göstərmirlər, ya da ki, kimlərsə buna əl qoyur.
Dünyanın müxtəlif ölkələrinə sərmayə qoyan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz avtomobillərinin daha keyfiyyətli yanacağa hesablanmış mühərriklərini qorumaq istəyən lerikli avtomobil sahiblərinin çoxsaylı israrlarını nəzərə alaraq Lerikə bir qədər yaxın məsafədə YDM tikib. Əlbəttə ki, 50 km məsafə əvvəl yaxşı yanacaq dalınca Lənkəranacan getməyə məcbur olan leriklilər üçün artıq yaxın deməkdir.
Necə deyərlər heçə lənət və ya buna da şükür!
Amma növbəti yazıda haqqında “daha şükürdən keçib” deyiləsi neqativ hallardan bəhs edəcəyik...
(Ardı var)
Bəhruz Salmanov
Seçilmişlər
Ən çox oxunanlar