" Azərbaycan dondurma bazarında nə qədər yenilik varsa, onun pioneri bizik" AER rəsmisi
Tarix: 25-06-2015 08:40
“AER” firmasının təsisçisi Adil Şərifov mətbuatda yayımlanmış “Keyfiyyətsiz dondurma biznesi: Standartlaşdırma Komitəsi niyə “donub” başlıqlı yazıda ölkədə dondurma istehsalı haqda səslənən bir sıra fikirlərə münasibət bildirib.
"NƏ QƏDƏR YENİLİK VARSA, ONUN PİONERİ BİZİK"
A.Şərifov bildirib ki, onun rəhbərlik etdiyi firma artıq 20 ilə yaxındır bu qida sənayesi sektorunda fəaliyyət göstərir.
“Mən və digər iki qardaşım 1998-ci ildən bəri dondurma istehsalı ilə məşğuluq. Azərbaycan dondurma bazarında nə qədər yenilik varsa, onun pioneri bizik. Məsələn, Azərbaycana ilk dəfə kompüterlə idarə olunan dondurma maşınlarını biz 2003-cü ildə gətirmişik. Bu da Danimarkanın “Tetra Pak Hoyer” şirkətinə məxsus maşınlardır ki, həmin maşınlardan İran və Türkiyədə də yoxdur.
"TƏBİİ SÜDLƏ İŞLƏYİRİK"
Biz Azərbaycanda yeganə dondurmaçıyıq ki, təbii südlə işləyirik. Gün ərzində İvanovka, Beyləqan, Saatlı və Sabirabaddan təxminən 15 tona yaxın təbii süd alırıq. Bu süd həmin rayonlardan, kəndlərdən ev-ev toplanır və Bakıya gətirilir.
Həm də yeganə dondurma firmasıyıq ki, məhsulumuzu xarici ölkələrə də ixrac edirik. 5 il Gürcüstana, bu il isə İraqa dondurma satmışıq. Hazırlaşırıq ki, Qazaxıstana da dondurma sataq. Mən gördüyüm işlə fəxr edirəm ki, ölkəmizin adını tanıdıram. Bununla yanaşı biz Rusiyadan bizə idxal olunan dondurmanın qarşısını almışıq” - deyə A.Şərifov bildirib.
"SERTİFİKATLARIMIZ VAR"
Yoxlama proseslərinə də aydınlıq gətirən firma rəhbəri vurğulayır ki, rəhbərlik etdiyi müəssisə hər il Səhiyyə Nazirliyi, habelə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanır və şirkətə sertifikat verilir: “Hər il gəlib malımızı aparıb yoxlayırlar, sənəd hazırlayırlar və sertifikat verirlər. Tənqid olunduğumuz hallar da olur, biz də səhvləri aradan qaldırmağa çalışırıq. Bununla yanaşı bizim İSO və HACCP sertifikatımız da var. Biz beynəlxalq aləmdə də tanınan şirkətik”.
"ƏN BAHALI KƏRƏ YAĞINDAN İSTİFADƏ EDİRİK"
Şirkətdə müxtəlif dondurma çeşidlərinin olduğunu deyən A.Şərifov 65 qramdan 5 kiloqram çəkiyə qədər və 100 çeşiddə dondurma istehsal etdiklərini bildirir: “Dondurmanın əsas üç növü var - südlü, qaymaqlı və plombir. Ona şokolad, karamel, meyvə və s. qataraq da yeni çeşidlər də yaratmaq olur. Dondurma istehsalı üçün istifadə etdiyimiz yağ isə ən bahalı kərə yağlarından olan “Valio” yağıdır.
FERMA YARATMAĞI HƏDƏFLƏYİR
Hər il yeni çeşidlər əlavə edirik, bəzilərini istehsaldan çıxarırıq. Müxtəlif beynəlxalq sərgilərdə iştirak edib yeniliklərlə tanış olur və onu öz müəssisəmizdə də tətbiq edirik. Bundan başqa şirkətin 100-150 işçisi var. Bu da o deməkdir ki, bu müəssisə ən azı 100 ailəyə əməkhaqqı verir. Bununla yanaşı müəssisəmiz üçün süd aldığımız ailələr də qazanır. Təkcə İvanovka kəndi hər iki gündən bir bizə 4 ton süd verir. Hədəfimiz var ki, öz firmamızın fermasını yaradaq”.
Şirkət təkcə dondurma yox, süd məhsulları da istehsal edir: “Dondurma qədər genişmiqyaslı olmasa da süd məhsulları da istehsal edirik. Bura ayran, pendir, saçaq pendir və s. daxildir”.
Seçilmişlər
Ən çox oxunanlar