VƏTƏN VƏ DOST XİLASKARI
Tarix: 25-09-2020 16:47
Vətən - neçə qəhrəmanın son sözü. Vətən - neçə qəhramanın izi. Vətən - neçə qəhrəmanın özü...
Vətən sözündə cəm olunub qəhramanlıq, eşq, sadiqliq, şərəf, şəhadət... Bu sözün dərinliyində boğulmamaq mümkün deyil. Dilimizə gəldiyində ürəyimizin döyüntüsü vücudumuzun hərarətin artırır. Göz önümüzdə vətən uğrundə vuruşan əsgərin ürək döyüntüsü, vətənin sinəsi üstündə can verən şəhid ürəyinin son döyüntüsü canlanır.
Son döyüş, son döyüntü...
Vətən üçün doğulub vətən üçün yaşayanların ürəyinin hər döyüntüsündən sanki vətən sədası ucalır. Elə Sənan Axundov kimi.
Doğulduğu gün şəhadəti alnına yazılmışdı bu oğulun. 1979-cu il payız qoxulu bir gündə (sentyabrın 29-da) hərbiçi ailəsində doğulan Sənan həm ailəsinin həm vətənin ümidi idi. Körpəlikdən hərbiçi atanın qabarlı əlləri ilə tumarlanırdı onun saçları. Hər bir hərbiçi övladı kimi Sənan da atasının üzünü doyunca görə bilmirdi. Çünki onun atası Tahir Axundov çox zaman isti ocağından kənarda vətən keşiyi çəkirdi. Elə o zamandan Sənan atasının yolunu davam edəcəyi qərarına gəlmişdi. Beləcə ötən illərlə bərabər gələcəyin qəhrəmanı da böyüyürdü. Ancaq Sənan uşaqlığa bircə gündə əlvida dedi. Sənanla bərabər neçə-neçə uşağın bir anda böyüdüyü eləcə də neçə - neçə uşağın şəhid olduğu Füzulinin işğalı günü həm tarixin həm də insanların yaddaşında silinməyən iz buraxdı. Hələ o zamandan vətənin keşiyini çəkməyə can atan Sənan Ali Hərbi Məktəbə daxil oldu. Ömrünü vətənə həsr edən qəhrəmanımız Ali Hərbi Məktəbi bitirdikdən sonra Almaniya Hərbi Akademiyasını (alman dilində) oxudu.Daha sonra Bakı Dövlət Unversitetinin hüquq fakültəsini bitirdi. Sənan Axundov Müdafiə Nazirliyində illərlə sektor müdiri işlədi. O, "Qüsursuz xidmətə görə" III dərəcəli medalı və "Yubiley medalı" ilə təltif edildi. Hərbin bütün dərinliyinə yiyələnən qəhrəman hər zaman ön cəbhədə yer alırdı. İllərlə öyrəndiyi bilik və bacarıqları döyüşlərdə həm özünün həm də ordumuzun yoluna işıq saçırdı. Cahanın sükutunun pozulduğu Aprel döyüşlərində ruh yüksəkliyi ilə döyüşçü yoldaşlarıyla birgə zəfər müjdəsi yetirənlərdən biri də Sənan Axundov idi. Qələbənin sevincin yaşayan ürəyi eyni zamanda hərbiçi yoldaşlarının itkisinin kədərini də yaşayırdı. Hər döyüşçü kimi Sənan da zəfərin şəhidsiz qazanılmadığı gerçəyini yaxşı bilirdi. Elə tək təsəllisi də o qanların hədər axmadığı, illərdən sonra işğaldan azad olunan o torpaqlar idi.
Sənan Axundov öz silahdaşı ilə birlikdə apreldə tökülən qanlar torpağa hopmamış aprelin 18-i kəşfiyyat işləri aparmaq və növbəti döyüş tapşırığını yerinə yetirmək üçün irəliləyirdi. Bu zaman Lələ təpə yaxınlığında yerləşən Yastı təpə ərazisində döyüş yoldaşı minaya düşdü. O öz həyatını düşünmədən yaralı yoldaşına yaxınlaşıb, belindəki kəməri ilə yoldaşının yarasını bağladı. Dostunu xilas edən Sənan özü minaya düşərək ağır yaralandı. Bir neçə saat həyata dönmək üçün mübarizə aparsa da bu mübarizədə məğlub oldu. Vətən naminə yaşayan vətən oğlu həm vətən yolunda həm də dost yolunda şəhadət zirvəsinə ucaldı. Bu gün Sənanın öz həyatı bahasına xilas etdiyi dostu da yaşayır, vətəni də. Əslində isə elə Sənan özü də əbədiyaşarlıq qazanıb. Çünki şəhid kimi can verən heç zaman ölmür.
Məqamların ən gözəlinə ucalan şəhidimiz aprelin 19-u Beyləqan rayonunda yerləşən Cərcis peyğəmbər ziyarətgahında dəfn olundu. Xalq igid, qəhrəman, unudulmaz şəhidini vətən torpağına tapşırdı. O torpağa ki, şəhid qanları ilə paklaşıb, şəhid canları ilə canlanıb.
Şəhidimizin vətən sevgisi övladlarına da sirayət edib. Onun hər iki övladı Tahir və Nəzrinin gözlərindən vətən sevgisi oxunur. Axı necə sevməsinlər ki? Hər birimizin "ana vətən" dediyimiz vətənə onların atası can verib. Hər "vətən" deyəndə şəhid əmanətlərinin ataları gözləri önünə gəlir. Bu gün Tahir atasının yolunu davam etdirir. O Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin tələbəsidir. Tahir bu peşəni seçərkən bir daha sübut etdi ki, bu ailənin hər bir fərdi vətən naminə yaşayır. Əslində bir şəhid xanımı üçün tək oğul payını hərb sahəsində görmək fərqli duyğudur. Bir qadının nə qədər böyük vətən sevgisi, nə qədər böyük ürəyi ola ki, ömür yoldaşının qurban getdiyi vətənə oğul payını da qurban verməyə hazır ola. Bu baxımdan düşünürəm ki, Nəcibə Axundova örnək götürüləcək xanımlardandır.
Müqəddəs vətənim, o qədər böyük sevgilərə şahid oluram ki, ruhumla, cismimlə əsirinə çevrilirəm. Səni hər sözümdə vəsf edirəm. Vətən, şəhidlərim kimi qanımla, canımla sənə can vermək istəyirəm. Mən sənin uğrunda fəda ola bilməsəm də uğrunda fəda olanların adlarını yaşatmağa çalışıram. Hər şəhidin bir roman olan vətən sevgisini sətir - sətir oxuyur, hərf-hərf "toxuyuram". Oxuyun, şəhidlərin sevgi romanını oxuyun. O romanların hər birinin sonu eyni sözlə bitir. Vətən!
AZADLIQ MÜJDƏÇİSİ
Adını qanla yazdın vətənin dağ-daşına,
Sahib çıxdın torpağın sən hər bir qarışına,
Uşaqlıqdan bir məqsəd qoymuşdun öz qarşına
"Bu vətən torpağını mən azad görəcəyəm,
Gərəkirsə vətənim uğrunda öləcəyəm".
Özünlə bir bərabər böyüdü vətən dərdin,
Füzuli torpağını azad görmək istədin,
Bax o azadlıq üçün şəhid kimi can verdin
Vətənin dar günündə düşmənə gəldin sinə,
Ucaldın uca olan şəhadət zirvəsinə.
Həm dostuna can verdin, həm müqəddəs torpağa,
Şəhid tək qədəm qoydun cənnət adlı bir bağa.
İndi sənin yoxluğun qəlblərdə dönüb dağa,
Şəhidim, sənsiz gəlir yaşın üstə yeni yaş,
Yoxluğun ürəklərdə açıb bitməyən savaş.
Müəllif :MANYA SƏXAVƏTQIZI
Seçilmişlər
Ən çox oxunanlar