Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
Tarix: 03-12-2014 11:37
1976-cı ildə ailəlikcə Leninqrada səyayətə getmişdik. Atam, anam, bir də mən. Düzünü desəm ovsunlamışdı bu şəhər məni. Heykəltaraşlıq, memarlıq, rəssamlıq əsərləriylə. Bu gözəlliyə xələl gətirən bir məqam var idisə, o da Leninqradın müharibə vaxtı blokada günlərində yaşadıqları idi. Ekskursiya marşrutlarından biri də Piskaryov Memorial Qəbiristanlığı oldu.
Ümumilikdə götürəndə köklü leninqradlılar öz tarixlərini gözəl bilirdilər. Məhz bu xüsusiyyətlərinə görə atam Qabil onları bir-birindən ayırırdı. Əgər rusu saxlayıb hər hansı sualına cavab almaq istəyirdinsə, əgər o bu suala təmkinlə, şəhərinə böyük məhəbbətlə cavab verirdisə, deməli o, köklü Sankt-Peterburqlu idi. Əgər sual verdinsə, səni it kimi qapdısa, deməli müharibədən sonra bu şəhərə köçürüləndir. Bizim Bakı dilində desək “çuşka”.
Nə isə .... gəldik qəbiristanlığa. Yaşıl çəmənliyə örtülmüş təpəciklər gördük. Üstündə sadəcə illər yazılmışdı. Hər təpəciyin də sahəsi 100 kvadtrat metr. Demə bu torpağın altında kütləvi məzarlıq imiş. Blokadada ölən o qədər çox imiş ki, ekskavatorla dərin çala qazıb, cəsədləri üst-üstə qalaqlayıb, üstünü də torpaqla örtürlərmiş. Demə Piskaryov qəbiristanlığında 600 min leninqradlı basdırılıbmış.
Birdən atam yanımızdan keçən bir rusu saxladı:
- Bağışlayın, buranın adı Piskaryov məzarlığıdır. Bəs Piskaryov özü kim olub?
- Tacir, zadəgan.
- Nə? Zadəgan? Mən də elə bilirdim ki, hansısa inqilabçının adıdır.
Sonra üzünü bizə anamla mənə tutub:
- Köpəkuşağı... Hacı Zeynalabdin Tağıyevin adını evinin pencərəsindən də qaşıyıb pozdular. Amma qəbiristanlıqlarından zadəgan adını silməyiblər.
Seyid Əzim Şirvani
Bir şirvanlı kimi Şamaxıya tez-tez gedərdik. Mərkəzi yolun sağında Şahi Xəndan qəbiristanlığı var. Sabirin qəbri hündür təpədə yerləşsə də, müəllimi Seyid Əzimin qəbri burda idi. Yoldan da görsənirdi. Hər dəfə ordan keçəndə atam “Seyid Əzim, Allah sənə rəhmət eləsin” deyirdi. Amma nədənsə ziyarət etmirdi. Əsas Sabirin qəbri üstünə gedirdi.
Vaxt keçdi. Mən böyüdüm. Orta məktəbdə Seyid Əzim Şirvanini keçəndə tez-tez bu misralara rast gəlməyə başladım:
Mən öləndə Şah Xəndanda basdırın
Çünki onun Şahidi Xəndanı var.
Bu misralara siz müxtəlif variantlarda da rast gəlmisiniz. Amma bir dəfə də olsun mən, yaxud da həmsiniflərim müəllimdən soruşmadı ki, bəs Şah Xəndan kim olub? Qəbiristanlıq niyə onun adıyla bağlıdır?
Müəllimim professor Cəlal Abdullayev
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin 5-ci kursunda oxuyurdum. Professor Cəlal Abdullayev Sovet ədəbiyyatından dərs deyirdi. Atama, bacanaqları Nəbi Xəzri, Məstan Günər, İsa Hüseynov, baldızı Firuzə xanıma görə məni çox istəyirdi. Düzü evin uşağı sayılırdım. Bunu bilirdim. Ona görə də dərsdə ərköyünküyüm özünü biruzə verirdi. Günlərin bir günü əsəbiləşdi. Üzünü mənə çevirib:
- Mahir, dərsini bilsən belə, Qabilin “Nəsimi” poemasından iki fəsil əzbər deməsən sənə qiymət yazmayacağam.
Düzünü desəm şeir, poeziyayla aram yox idi. Xüsusilə də şeir əzbərləməklə. Amma məcbur idim. Gəlib Cəlal müəllimin sözünü atama da dedim.Məsləhət istədim ki, 13 min misralıq poemadan hansı fəsli əzbərləyim. Dedi ki, “Şahi Xəndan” və “Eheyy” fəsillərini əzbərlə. Mən də məcburiyyət üzündən başladım əzbərləməyə.
Mənim böyük qardaşımın
adı Şahi Xəndan idi,
O, şairdi... eşidənlər
kəlamına heyran idi.
Atəşliydi, alovluydu
sinəsində çarpan ürək.
O sel kimi coşqun idi,
bulaq kimi rəvan idi...
Onda bildim ki, Seyid Əzim Şirvani
Mən öləndə Şah Xəndanda basdırın
Çünki onun Şahidi Xəndanı var.
deyəndə kimin adına olan qəbiristanlığı nəzərdə tuturmuş. Demə Nəsiminin Şahi Xəndan adlı böyük qardaşı olub. Zəmanəsinin böyük şairi olub. Amma bir misrası da bu günə gəlib çatmayıb. Sadəcə qəbiristanlığın adında bugünəcən yaşayıb. Sadəcə sənətkar, şair taleyi.
Son
O vaxtdan mən Şahi Xəndanı tanıdım. Şahi Xəndan qəbiristanlığını da tanıdım. Sizə də bu əhvalatı danışdım ki, Şamaxıdan - Nəsiminin qardaşının adını daşıyan qəbiristanlığın yanından keçəndə Sabir, Nəsimi, Seyid Əzim Şirvani, Abbas Səhhət və daha neçə böyük şairimizlə yanaşı, ona da rəhmət oxuyun. Nə olsun ki, bir misrası da qalmayıb. Amma qəbiristanlığın adında adı qalıb ki... Lap Leninqraddakı zadəgan Piskaryov kimi.
Seçilmişlər
Ən çox oxunanlar