“Ölkə başçısı Azərbaycanı əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqının görüş mərkəzinə çevirməyə müvəffəq oldu” - Əsli Kazımova
Tarix: 07-05-2020 22:06
Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini, iqtisad üzrə fəlsəfə doktoru, xanım Əsli Kazımova ilə müsahibəni təqdim edirik:
–Bildiyimiz kimi 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təşkilatdır. Azərbaycan da, 2011 ci ildən etibarən həmin təşkilata tam hüquqlu üzv kimi qəbul olunmuşdur. Ümumiyyətlə, bu təşkilatın əhəmiyyəti və Azərbaycanın bu konteksdə rolu nədən ibarətdir?
Bilirsiniz, bu olduqca əlamətdar hadisədir. Cənab Prezident İlham Əliyevin apardığı bərabərhüquqlu xarici siyasi kurs və ölkədaxilində tətbiq etdiyi nümunəvi siyasi islahatlar bu gün Azərbaycanı dünya ölkələri arasında yetəri qədər nüfuzlu bir dövlətə çevirmişdir. Qeyd etdiyiniz kimi, 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Təşkilatı beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə verməklə, qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir. Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə ölkəmizin daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaratmışdır. Qoşulmama Hərəkatına üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan Respublikası özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanmışdır. Hələ 2016-cı ilin sentyabrında Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunmuşdur. Daha sonra 2018-ci il 3-6 aprel tarixlərində Hərəkatın üzvü olan dövlətlərin xarici işlər nazirlərinin aralıq konfransı ölkəmizdə keçirilmiş və konfransın nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilmişdir. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin məqsədi üzv dövlətlərlə birlikdə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini artırmaq idi.
–Əsli xanım, 2019 -2022 ci illər ərzində Azərbaycan Respublikasının Hərəkata sədrlik etməsi ölkəmizin beynəlxalq arenada siyasi çəkisinin göstəricisi deyilmi? Covid-19 pandemiyası ilə mübarizə aparan Hərəkata üzv dövlətlərlə videokonfrans şəklində zirvə görüşünün Cənab İlham Əliyevin sədrliyi ilə keçirilməsi bir ilk idi. Bu haqda fikirlərinizi bilmək istərdik…
– Bəli bu bir ilk idi və Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirildi. Müşavirədə 50 yə yaxın dövlət və hökumət Başçıları, Birləşmiş Millətlər təşkilatının baş katibi, Afrika ittifaqı komissiyasının sədri, Avropa Birliyinin ali nümayəndəsi, Ümumdünya səhiyyə təşkilatının baş direktoru iştirak edirdi. Çıxışlarda Covid-19 pandemiyasının Hərəkata üzv dövlətlərdə səbəb olduğu fövqəladə vəziyyət müzakirə olundu. Xüsusilə qeyd etmək gərəkir ki, əsasən Qoşulmama Hərəkatına üzv dövlətlər inkişaf etməmiş dövlətlərdir və həmin dövlətlərdə pandemiya ilə mübarizə dövründə mövcud çətinliklər və tibbi ehtiyaclar vardır. Bütün bu müzakirə olunan məsələlər olduqca mühüm məsələlər idi. Belə bir şəraitdə onlayn rejimdə videokonfrans təşkil etdiyinə görə hər kəs cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Çünki bu ölkələrin bir birləri ilə dialoq aparmaları üçün belə bir platformanı təşkil edərək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu missiyanın öhdəsindən layiqincə gəldi.
-Zirvə görüşündə bir çox dövlətlərin məruzələri dinlənildi və mürciətləri səsləndirildi. Həmin məruzələrin bir çoxunda Azərbaycanda aparılan işlər nümunə olaraq göstərildi. Bu tendensiya ilə biz daha öncə Cənab Prezidentin təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının videokonferans toplantısında da qarşılaşmışdıq. Bu yöndə fikirlərinizi bilmək maraqlı olardı…
-Bildimiz kimi zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri ilə yanaşı, BMT-nin Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru da çıxış edib. Hətta BMT-nin Baş katibi və Avropa Komissiyasının ali nümayəndəsi/vitse-prezidentinin videomüraciətləri səsləndirildi. Qeyd etdiyim kimi, bütün müraciət və çıxışların əsas mövzusu Covid 19 pandemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı idi. Bu baxımdan demək olar bütün məruzələrdə pandemiyaya qarşı ölkəmizdə aparılan işlərin nümunə olaraq göstərilməsi ilk növbədə ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış böyük uğurun nəticəsi idi. Yuxarıda sadaladığım hər bir dövlət pandemiya ilə mübarizə çərçivəsində ölkələrində çatışmayan tibbi ləvazimatlardan, gərəkli yardımlardan ibarət məruzə ilə çıxış etsələr də, Azərbaycan Prezidenti bu kimi ehtiyacların dövlət tərəfindən qarşılanma potensiyalından və nümunəvi tədbirlər programından danışma imkanına sahibi idi. O baxımdan dünya ölkələrində vüsət alan pandemiya ilə mübarizə dövründə beynəlxalq və regional institutların, hətta bir sıra dövlət rəhbərlərinin çaşqınlıq içərisində olduqları da, gözdən qaçmadı. Cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən zirvə görüşündə olduqca önəmli faktorlar irəli sürüldü.
-“Özünəqapanma sindiromu” Cənab Prezident İlham Əliyev tərəfindən irəli sürüldü? Bu nə məqsəd daşıyırdı?
-Bəli, məhz ölkə başçısı Cənab İlham Əliyev tərəfindən irəli sürüldü. Bilirsiniz, Covid-19 pandemiyası ilə mübarizə aparılan bir dövrdə Beynəlxalq təşkilatda beynəlxalq həmrəyliyə sözün əsil mənasında ehtiyac var idi. Amma həmin dövlətlərdə mövcud vəziyyət və dövlət başçılarının yaşadıqları çaşqınlıqlar buna mane olurdu. Zirvə görüşündə qlobal liderliyə sözün əsil mənasında ehtiyac duyulurdu. Prezident İlham Əliyev isə “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək, liderlik inesiativini irəli sürmüş oldu. Beləliklə öz çıxışı ilə dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə müvəffəq oldu. Cənab Prezidentin sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatındakı fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrilmiş oldu.
-Sizcə Qoşulma Hərəkatına sədrlik edən Azərbaycanın çoxtərəfli diplomatik siyasi kursu və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən necə qarşılanır?
-Təbii ki, müsbət qarşılanır. Azərbaycanın fəal çoxtərəfli diplomatiyası dünya ölkələri tərəfindən təqdir olunur. Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz nümunəsidir. Diqqət etdinizsə, BMT-nin Baş katibi çıxış edərək, öz video müraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirdi. Hətta Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək, BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğulaması, əslində bir daha cənab Prezidentin nümunəvi siyasi kursunun göstəricisidir.
–Bildiyimiz kimi Azərbaycan bundan əvvəl də, cari ilin 10 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmişdir. Həmin görüşdə, də ölkədə Covid-19 pandemiyası ilə bağlı həyata keçirilən tədbirlər planı təqdirə layiq hesab edilmişdi…
-Bəli, doğru vurğuladınız. Ölkə başçısının təşəbbüsü və sədrliyi ilə həyata keçirilən hər iki beynəlxalq təşkilatın Zirvə görüşləri olduqca əhəmiyyətli idi. Birincisi ona görə ki, Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşününü keçirən ilk beynəlxalq təşkilat idi və bu görüşün Cənab İlham Əliyevin sədrliyi ilə həyata keçirilməsi Azərbaycanın nüfuzu adına olduqca önəmli idi. Pandemiya ilə mübarizə dövründə bir çox ölkələrin çaşqınlıq yaşadığını gördük, başqa başqa dövlətlərdə xaotik vəziyyəti müşahidə etdik. Bunu ölkə prezidenti Cənab İlham Əliyev də, Türk Şurasının Zirvə görüşündə vurğuladı. Düşünürəm ki, Cənab Prezident İlham Əliyev hər iki Zirvə görüşündə bütün dünyanın mücadilə apardığı belə bir fövqəladə vəziyyətdə, ölkələrarası qlobal əməkdaşlıq və həmrəyliklə hər bir təhlükəylə mübarizə aparmağın mümkünlüyünü sübut etmiş oldu. Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verərək, həm daxili, həm xarici siyasi addımları ilə dünya birliyinin məsuliyyətli üzvü olduğunu bir daha nümayiş etdirdi. Bəlkədə səvviyə baxımından müqayisə o qədər də, doğru deyil, amma işğalçı Ermənistanla müqayisə etməyi özümə borc bilirəm. Baxın, Ermənistan xaricdən yardım dilədiyi halda Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırır. Bu gün Azərbaycan bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirməyə davam edir.
-Ümumiyyətlə sizə elə gəlmirmi ki, Covid-19 pandemiyası bir çox dövlətləri ciddi sınaq qarşısında qoydu və bu sınaqdan hər kəs Azərbaycan qədər uğurla keçə bilmədi?
-Təbii, bir çoxları bu sınaqdan layiqlincə çıxa bilmədi. İnkişaf etmiş ölkələrin istər daxili siyasətlərində, istər iqtisadi vəziyyətlərindəki xaotik vəziyyətləri gördük. Hələ Mart ayının 23 də, yəni pandemiyanın yeni başladığı zamanlarda belə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülən işlərə yüksək qiymət verilmişdi. Bu gün Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələr arasında Azərbaycan ilk sırdadır. Cənab İlham Əliyevin aldığı doğru və düşünülmüş qərarlar sayəsində ölkədə hər bir sahədə sabitlik hökm sürdü. Buna görə də, bu gün Azərbaycanda görülən işlər, verilən qərarlar beynəlxalq səviyyədə təqdir olunur. Hər kəs Azərbaycandan danışır. Pandemiya ilə mübarizədə hər bir dövlət sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı ölkələrində gərəkli tədbirlər planı həyata keçirmək niyyətini ortaya qoymuşdu. Amma Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu yöndə verdiyi qərarlar daha effektiv olmuşdur. Buna görə də, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən bu kimi qərarlar yüksək qiymətləndirilmişdir.
-Sonuncu sualımızı da səsləndirmək istəyirəm. Əsli xanım, Qoşulmama Hərəkatı tarixində Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə daha bir ilkə imza atıldı. İstərdim onu da qeyd edəsiniz…
-Doğru xatırlatdınız. İlk dəfə olaraq Qoşulmama Hərəkatı Təşkilatının Zirvə görüşündə Avropa İttifaqının rəsmisi iştirak etdi. Sevindirici haldır ki, bu ilk Cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirildi. Cənab İlham Əliyevin bu təşəbbüsü əslində mümkünsüzü mümkün etmə siyasəti idi. Cünki ölkə başçısının sədrliyi ilə keçirilən Zirvə görüşündə bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirdi. Bununla da, ölkə başçısı Azərbaycanı əks qütblərin görüş mərkəzinə çevirməyə müvəffəq oldu.
Seçilmişlər
Ən çox oxunanlar