14 yaşlı oğlan: “Bacım anamın yanına gələn kişilərlə görüşür”
Tarix: 02-02-2015 11:21
"Hər gün evə yad kişilər gəlir, məhəllədə mənə “anan...” deyirlər"
-Evdən niyə qaçırsan? Bu soyuqda, yağışda küçədə necə yaşayırsan?
-Bəs kiminlə yaşayım? Məktəbə getmirəm, atamgilə gedəndə analığım dava salır. Anamın hərəkətlərini isə mən qəbul edə bilmirəm. Hər gün evə yad kişilər gəlir. Məhəllədə uşaqlar mənə gülürlər, ələ salırlar, “anan...” deyirlər. 15 yaşlı bacım da siqaret çəkir, anamın yanına gələn kişilərlə görüşür...
Arif Məmmədovun cəmi 14 yaşı var. İki aydan artıq küçədə yaşayıb. Bir müddət cibgirlik edən uşaqlara qoşulub, sonra Sabunçu rayon ərazisində dilənməklə dolanıb.
Ötən həftə isə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Uşaqlar Birliyinin sığınacaq evinə gətirilib. Virtualaz.org-ın müxbirləri Ariflə elə həmin sığınacaq evində görüşüb. Arif deyir ki, valideynləri ayrılandan sonra iki bacısı ilə birgə küçələrdə qalıb, nə anası, nə də atası onlara sahib çıxmayıb:
-Bütün günü metronun “Koroğlu” stansiyasının içində gəzirdim, metro bağlananda keçiddə dayanırdım. Bütün uşaqlar “Koroğlu”ya yığışırdılar, axşama kimi orada “işləyirdik”. Bizdən böyük uşaqların topladığı pullara yemək alırdıq, aramızda paylaşırdıq. Axşam isə Suraxanıya gedirdik.
-Suraxanıda harada gecələyirdiniz?
-Suraxanıda evlər var, gecəsi 1 manat 50 qəpiyə kirayə verirlər. Olduqca balaca otaqlardır, heç çarpayısı da yoxdur. Köhnə döşəkcə, bir də adyal verirlər. Balaca otaqları bizim kimi uşaqlara kirayə vermək üçün tikiblər. Gün ərzində qazandığımız pulları hesablayırdıq, sonra kirayə pulunu çıxırdıq, yerdə qalan pula yemək alırdıq.
-Bəs bacıların harada qalır?
-Atamla anam çoxdan ayrılıblar. Onda hələ kəndimiz işğal olunmamışdı. Sonradan anam və iki bacımla birlikdə Mingəçevirə köçdük. Anam məni və balaca bacımı atamın yanına - Bakıya göndərdi. Atam bir qadınla evlənib. İndi Xırdalanda yaşayır. Qadın atama ev də, maşın da alıb. Analığım bizi çox incidirdi, döyürdü. Buna görə də balaca bacım evdən qaçdı. Atama deyirdi ki, uşaqların bizə gəlməsin, onlarla görüşmə. Atam da dedi ki, siz bizə gələndə maşını məndən alır, mən maşınsız qalıram. Ona görə də bizim ora getməyimizi istəmədi. Beləliklə, mən də evdən qaçdım. İstədim ki, anamın yanına gedəm. Böyük bacım anamın yanında qalırdı. Amma elə anama görə erkən ailə qurdu. Anam onun ərə getməsini istəmirdi, deyirdi yanımda qalsın işləsin. Gələn elçini də qovmuşdu. İstəyirdi ki, bacım da pozğun həyat keçirsin. Anam bir evli kişi ilə yaşayırdı. Ondan bir qızı, bir oğlu olmuşdu. Sonra uşaqları da kişiyə verib yola saldı ki, rahat yaşasın. Kişi mənimlə pis rəftar edirdi. Sonradan evimizə müxtəlif kişilər gedib-gəlməyə başladılar. İndi 15 yaşlı bacım anamla birgə qalır. Anam onu da özü kimi edib. Böyük bacım isə qoşulub qaçdı. İndi yaxşı ailəsi var, bir həftədir sığınacaqda qalıram, amma təkcə bacımın əri mənimlə maraqlanıb.
-Bəs niyə bacıngildə yaşamırsan?
-Yeznəm dedi ki, hələlik bu sığınacaqda yaşa, sonra bir şey fikirləşərik. Yeznəm anamla tez-tez dalaşır, qışqırır, söyür. Ona görə də onun haqqında pis fikirlərə düşürdüm. Anama görə yeznəmin ailəsi bacımla evlənməsinə razı olmurdu. Uşaqları olandan sonra qaynanasıgilə köçdülər. Bilirəm ki, bacımın orda vəziyyəti yaxşı deyil. Ona görə də istəmirəm ki, onlara yük olum.
-İndi məktəbə getmirsən. Amma yəqin təhsilini davam etdirəcəksən.
-Yox, üçüncü sinifdən sonra məktəbə getmədim. Atam Ağdamın Quzanlı kəndində məni məktəbə yazdırmışdı. Onda babamgildə yaşayırdım. Sonra Bakıya gəldim, dərsə getmədim. İndi hərfləri tanıyıram, yaza bilirəm. Amma oxumaqda çətinlik çəkirəm.
...Arif deyir ki, gələcəklə bağlı arzusu, istəyi yalnız balaca bacısı ilə bağlıdır. Onu anasının yanından aparmaq istəyir, bacısının 15 yaşında siqaret çəkməsini, yad insanlarla görüşməsini qəbul edə bilmir.
Arifin sığınacaqda dostları da var. Atası tərəfindən küçəyə atılan Nigarla dostluq edir. Nigar deyir ki, Arif şerlər yazır, lakin yazdıqlarını hər kəsdən gizli saxlayır:
-Şer yazır, şəkillər çəkə bilir. Amma səhvləri çox olduğunundan heç kimə demirik. Yəni şerlərini göstərməyə utanır. Amma mən dərslərimi bitirəndən sonra onun üçün oxuyuram.
-Sən məktəbə gedirsən?
-Hə, yaxşı oxuyuram. Sığınacaqda dərs oxumağa şərait var.
-Bəs sən bura necə gəlmisən?
-Atam bizi evdən qovub. Bacılarım “Təmiz Dünya” təşkilatının sığınacağında qalırlar. Mən də burada yaşayıram. Rayonda icra hakimiyyətindən dedilər ki, atamız xəstədir, öləcək, atam öləndən sonra evimizi təmir edəcəklər, sonra evə qayıdacağıq. Mən dedim ki, atama baxım, onun 75 yaşı var. Amma atam razı olmadı, içki içir, evə yad kişilər gəlir. Hər gün qumar oynayırlar. Biz də polisə şikayət etdik. Amma polislər dedilər ki, atanızın 75 yaşı var, həm də ağır xəstədir. Ona görə də onu həbs etmək istəmədilər. Bizi yola verdilər, sonra bizi bura göndərdilər. Bacılarım kirayə ev tutmuşdu, hamımız işləyirdik. Mən 15 yaşından bacılarımla birgə satıcılıq edirdim. Sonra bizi kirayə qaldığımız evdən də çıxardılar. Biz də küçələrdə qaldıq. Sonra polisə yaxınlaşıb qalmağa yerimiz olmadığını dedik. Onlar da məni bu sığınacağa göndərdilər. Hələlik gözləyirik, atam ölsün, evimizi bizə qaytarsınlar. Amma oxuyacam ki, işləyə bilim, qapı-qapı gəzib paltar satmayım. Bizi heç kim təhqir etməsin...
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə virtualaz.org saytına bildirib ki, Arifin sənədləri qaydasında deyil. Buna görə də uşağın məktəbə və ya peşə liseylərinin birinə göndərilməsi mümkün olmur: “Biz anası ilə əlaqə saxladıq. Anası söz verdi ki, sığınacağa gələcək, Arifin sənədlərini də gətirəcək. Ancaq verdiyi sözü tutmadı. Buna görə də Ağdam Rayon İcra Hakimiyyətinə, eləcə də Ağdam Rayon Polis Şöbəsinə müraciət edəcəyik”.
Hüquq müdafiəçisi uşaqların baxımsız qalmasında, taleyin ümidinə buraxılmasında valideynləri günahlandırır: “Arif cibgirliklə məşğul olan uşaqlara qoşulub, lakin onlar kimi oğurluqla məşğul olmaq istəməyib. Yəni bu uşaq uçurumun bir addımlığından qayıdıb. Buna görə Arif deyil, valideynləri məsuliyyət daşıyır. Valideyn məsuliyyətini tənzimləyən qanunlar var. Belə valideynlər məsuliyyətə cəlb edilməlidir”.
...Sığınacaq evini tərk edirik. Arif ardımızca səslənir: “Sevgi şeri yazmağıma baxmayın, heç kimi sevmirəm...”
Seçilmişlər
Ən çox oxunanlar