Tələbədən rüşvət alan müəllim həbs edildi
Tarix: 28-01-2015 15:12
Baş Prokurorluq rüşvət alan kollec müəllimi ilə bağlı məlumat yayıb. Prokurorluqdan gunpress.az-a verilən məlumata görə, Bakı Kompüter Kollecinin tələbəsinin həmin kollecin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciəti araşdırılıb.
Kollecin Proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ə.Səfərovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün kollecin tələbəsindən 150 manat məbləğində rüşvət tələb etməklə 27 yanvar 2015-ci il tarixdə 120 manat məbləğində rüşvəti xidməti otağında alarkən cinayət başında yaxalanması faktına görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq-əməliyyat tədbirləri zamanı Ə.Səfərovun üzərindən müxtəlif əskinaslarla 120 manat nağd pul, habelə onun və kollecin digər vəzifəli şəxslərinin xidməti otaqlarına baxış zamanı kollecdə imtahan sessiyaları zamanı qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus qiymət kitabçaları, tələbə biletləri, qeydiyyat kitabçaları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.
Ə.Səfərov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda kollecdə sistemli şəkildə rüşvət hallarının baş verməsinə şübhələr üçün əsaslar olduğundan cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Seçilmişlər
Ən çox oxunanlar