Azərbaycan koronavirus pandemiyasına xalq-prezident həmrəyliyi ilə qalib gələcək
Tarix: 17-07-2020 18:50
Bir cəmiyyətdə birliyin daimiliyi üçün o cəmiyyətin öz güclü liderinə sonsuz inamı və həmrəy yanaşması vacibdir.
Bu gün dünya ölkələri kimi Azərbaycan Respublikası da yeni növ koronavirusla (COVİD-19) mübarizə aparmaqdadır. Ölkə başçısı, möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən sözügedən virusa qarşı vaxtında görülmüş məqsədyönlü kompleks mübarizə tədbirləri ölkəmizdə irimiqyaslı təhlükələrin qarşısının alınmasında əvəzsiz rol oynayır, həmçinin virusun daha çox insana yayılma sürətini kəskin şəkildə azaldıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan liderinin müəyyənləşdirdiyi çevik və düzgün siyasət təkcə xalqımızın deyil, eyni zamanda dünyada mövcud problemlə üz-üzə qalmış insanların xilasına yönəlmiş məqsədyönlü strategiyadır və istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən nümunəvi qarşılanır və virusla mübarizədə Azərbaycanın əldə etdiyi uğurlar təqdirəlayiq qiymətləndirilir.
Bu, həm də Azərbaycanda düşünülmüş siyasətin, xalqın öz liderinə, dövlətin atdığı addımlara birmənalı inamının, xalqla iqtidar arasındakı birliyin uğurudur və inanıram ki, qısa zamanda ölkəmiz koronavirus pandemiyasına məhz xalq-prezident həmrəyliyi ilə qalib gələcək.
“Biz birlikdə güclüyük!” çağırışı
Azərbaycanda hələ karonavirusa ilk yoluxma halları qeydə alınan zaman möhtərəm cənab Prezident “Biz birlikdə güclüyük!” deyərək virusla mübarizənin ön sırasında dayandı, onun rəhbərliyi ilə pandemiyanın vurduğu zərərin azaldılması istiqamətində mühüm işlər görüldü, genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirildi, eləcə də Koronavirusla Mübarizəyə Dəstək Fondu və profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.
Hazırda virusun coğrafiyasının genişləndiyini nəzərə alaraq Nazirlər Kabineti tərəfindən kompleks tədbirlər davam etdirilir, aidiyyatı üzrə laborator analizlərin götürülməsi, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilməsi, virusa yoluxan şəxslərin xüsusi xəstəxanalarda müalicə olunması, əhalinin maarifləndirilməsi və digər təxirəsalınmaz işlər görülməkdədir.
Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması, siyasi, iqtisadi və digər sahələrdə görülən işlər qısa bir zamanda öz müsbət nəticələrini göstərib. Həmçinin, aztəminatlı ailələrə, işsizlərə və pandemiyadan əziyyət çəkmiş sahibkarlıq subyektlərinə davamlı maddi-mənəvi dəstək, göstərilən qayğı bu gün də sevinclə qarşılanmaqdadır.
Bu çətin dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın regionlara səfəri, bir sıra açılış tədbirləri, əhali ilə keçirilən səmimi görüşlər zamanı bu qlobal bəla ilə mübarizə aparmaq üçün xalqa müraciətləri, irəli sürdüyü tələblər və verdiyi tövsiyələr pandemiya dövrünün həm də ən böyük maarifçilik işi kimi əvəzsizdir və yüksək qiymətləndirilməlidir.
Dövlətinə və xalqına ürəkdən bağlı, uzaqgörən bir siyasi lider olaraq daima xalqının rifahını düşünən cənab Prezidentin vətəndaşların sağlamlığının qorunması, ölkəmizdə normal həyat ahənginin bərpası baxımından atdığı tarixi addımlar və nümunəvi davranışları da bizim üçün bir örnək olmalıdır.
Bu gün Azərbaycan həm də dünyanı birləşdirir
Pandemiyanın müşahidə edildiyi ilk dövrlərdə Prezident İlham Əliyev yenidən öz qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq həm regional, həm də beynəlxalq miqyasda resurslardan istifadə zərurətini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu dövrdə ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin bir nümunəsi olaraq 10 milyon dollar könüllü ianə edildi, eləcə də 30-dan çox dövlətə humanitar yardım göndərildi.
Möhtərəm cənab Prezident İlham Əliyevin pandemiya dövründə qlobal liderlik qabiliyyətinin daha bir göstəricisi də dünyaya “COVİD-19-a qarşı birlikdəyik” çağırışı oldu. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təssisat olan və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına 2019-2021-ci illər üzrə sədrlik edən cənab Prezident Qoşulmama Hərəkatının Zirvə görüşündə BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının çağrılması təşəbbüsünü irəli sürdü və dünyanın 130-dan çox dövləti tərəfindən bu təşəbbüs vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan addım kimi müsbət qiymətləndirildi, həmçinin qlobal həmrəyliyə xidmət edən mühüm töhfə hesab olundu.
Xüsusilə vurğulamaq lazımdır ki, BMT səviyyəsində virtual formatda yaxın zamanda keçirilməsi planlaşdırılan belə bir tədbir bir yenilikdir və bu təşəbbüslə cənab Prezident İlham Əliyev sözügedən təşkilatın tarixində də bir ilkə imza atmış oldu. Əlbəttə ki, bu təşəbbüslər həm də ölkəmizin xarici siyasət tarixinə qlobal problemlərin həllində Azərbaycan Respublikasının mühüm töhfəsi kimi daxil olacaq.
Belə mütərəqqi ideya və təşəbbüslərin dünya miqyasında böyük maraq və rəğbətlə qarşılanması da məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu xarici siyasət strategiyasının və yeniləşən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin beynəlxalq miqyaslı lider kimi yüksək şəxsi nüfuzunun nəticəsidir.
Hər birimiz bu bəlaya qarşı birlikdə mübarizə aparmalıyıq
Qapalı məkanlarda tibbi maskadan istifadə olunmasını və sosial məsafənin gözlənilməsini şəxsi nümunələrində göstərən cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu barədə dəfələrlə müraciətlər ediblər.
Təəssüf ki, cəmiyyətimizdə pandemiyanın yaratmış olduğu fəsadlara hələ də laqeyd münasibət bəsləyənlər var və bu cür məsuliyyətsiz davranış sözügedən virusla mübarizə aparan ölkəmiz üçün, aidiyyatı qurumlar üçün çətinlik yaradır.
Fikrimcə, karantin rejiminin tələbləri və mövcud vəziyyət vətəndaşlarımız tərəfindən doğru qiymətləndirilməlidir və hər kəs bu gün öz şəxsi məsuliyyətini dərk edərək koronavirusla mübarizə prosesinə xüsusilə ciddi yanaşmalı, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə vaxtında və tam şəkildə əməl etməlidir.
Unutmayaq ki, tibbi maskadan istifadə, şəxsi gigiyena qaydalarına əməl etmək, zəruri ara məsafəsi saxlamaq, zərurət olmadıqda evdən çıxmamaq bu gün həyati əhəmiyyətlidir və hər nə qədər çətin də olsa həftəsonları tətbiq edilən karantin tədbirləri, tam qapanma həyat şəraitinin yaxşılaşdırılması, məhz bizlərin sağlamlığının qorunması məqsədi ilə tətbiq edilir.
Baba Əliyev
AMEA Radiasiya Problemləri İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri`
Seçilmişlər
Ən çox oxunanlar