Ramil Hüseyn: “Qeyri-neft sektoru üzrə ixrac 18 faiz artıb”
Tarix: 28-06-2019 15:42
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayı təqdim olunub.
İİTKM-in department rəhbəri Ramil Hüseynin təqdim etdiyi “İxrac İcmalı”nda göstərilir ki, 2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycan Respublikasının ixracı 8,6 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard ABŞ dolları və ya 17 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə isə 787 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 119 milyon ABŞ dolları və ya 18 faiz artıb. Bu ilin ilk beş ayı ərzində Rusiyaya 261,2 milyon, Türkiyəyə 180,8 milyon, Gürcüstana 76,9 milyon, İsveçrəyə 52,9 milyon və İtaliyaya 28,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2019-cu ilin ilk beş ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 17 faiz, Türkiyəyə 17,2 faiz, Gürcüstana 16,7 faiz və İtaliyaya 2,3 dəfə artıb.
Cari ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına tomat (104,2 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıda mahlıc (68,1 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (62 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
2019-cu ilin ilk beş ayı ərzində meyvə-tərəvəz ixracı 241 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 89,9 milyon, pambıq lifi ixracı 68,8 milyon, elektrik enerjisinin ixracı 51,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 37 milyon, kimya sənayesi məhsullarının ixracı 30,2 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 25 milyon, pambıq ipliyi ixracı 12,3 milyon ABŞ dolları, alkoqollu və alkoqolsuz içkilərin ixracı 11,8 milyon təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-may aylarında pambıq lifinin ixracı 2,7 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 93 faiz, pambıq ipliyinin ixracı 62 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, meyvə-tərəvəzin ixracı 27 faiz, kimya sənayesi məhsullarının ixracı 27 faiz artıb.
2019-cu ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 204 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin may ayı ilə müqayisədə 2019-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixrac 22 milyon ABŞ dolları və ya 12 faiz artıb. Bu ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (96,3 milyon ABŞ dolları), Türkiyəyə (33 milyon ABŞ dolları), Gürcüstana (14,6 milyon ABŞ dolları), İsveçrəyə (8,2 milyon ABŞ dolları) və İtaliyaya (6,6 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (54,6 milyon ABŞ dolları) birinci, kartof (20,2 milyon ABŞ dolları) ikinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (12,9 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac İcmalı”nın iyun sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.Bu ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, “Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Caspian enerji-2020" MMC, "P-Aqro" MMC, "Food Export Şəmkir" MMC, “Sun Food" MMC, "Baku Steel Company", "Nine Climate" MMC, "Aqrovest" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, Dövlət Material Ehtiyatlari Agentliyi, "Azəripək" MMC, "Bakı Neft Maşınqayırma Zavodu" TASC.
“İxrac İcmalı”nda Azərbaycanın xidmət ixracı ilə bağlı məlumatlar da yer alıb. Məlumat verilib ki, 2019-cu ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə 16,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2019-cu ilin may ayında isə “Azərkosmos” ASC dünyanın 16 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-may aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq və BƏƏ-dir.
“İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-may aylarında Azərbaycana dünyanın 180 ölkəsindən 1094,8 min və ya 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 475,7 milyon manat olub. Bu ilin may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 100,9 milyon manat təşkil edib.
“İxrac İcmalı”nda 2019-cu ilin yanvar-may ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, Azexport.az portalına 261,8 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixrac sifarişləri 4,6 faiz artıb. Bu ilin may ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 32,5 milyon ABŞ dolları təşkil edib və ötən ilin may ayı ilə müqayisədə 17,3 faizlik artım qeydə alınıb. 2019-cu ilin 5 ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (12,6%), Türkiyə (7,4%), İngiltərə (5,9%), ABŞ (5,9%) və Hindistan (5,9%) qərarlaşıb.
Bu ilin may ayında ən çox ixrac sifarişi pambıq və pambıq məhsulları, biyan, tütün, toyuq əti və yumurtası, kartof, soğan, mineral su, mühərrik yağı, qənnadı məhsulu, nar şirəsi, tibbi tənzif, şərab, çay, kosmetik vasitə, tikinti materialı, mebel dəsti, alma, gül, təzə və qurudulmuş pomidor və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 may tarixinə kimi (29 ay ərzində) Azexport.az portalına dünyanın 130 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 250,9 milyon ABŞ dolları təşkil edib.
“İxrac İcmalı”nda həmçinin göstərilib ki, bu ilin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 10,5 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-may ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 59,7 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
“İxrac İcmalı”nın iyun sayında Azexport.az portalının İsrailə biyan ixrac edilməsi istiqamətində göstərdiyi fəaliyyət, "İsveçrənin Sürix və Bern şəhərlərinə və Rusiyanın Yekaterinburq şəhərinə ixrac missiyası təşkil olunması, Dövlət Gömrük Komitəsi təchizat zənciri platforması olan TradeLens-ə qoşulması və s. məsələlər barədə də məlumatlar verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
İxrac İcmalı” ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.
Seçilmişlər
Ən çox oxunanlar