Azəraycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da davam edəcək - Partiya sədri
Tarix: 02-05-2020 18:38
"Prezidentin mövqeyi ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin tezliklə sivil formaya kecəcəyinə əsaslı ümidlər verir". Bu fikirləri GÜNpress.az-a müsahibəsində Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu səsləndirib. Onun müsahibəsini təqdim edirik:
- Teyyub bəy, aparılan ciddi önləyici tədbirlər nəticəsində son günlər ölkəmizdə koronavirus pandemiyasının nisbətən səngidiyi müşahidə edilir. Sizcə bu pandemiyanın indiyədək müşahidə edilən mənfi fəsadlarını necə qiymətləndirmək olar və gələcəkdə bizləri nələr gözləyir?
Koronavirus, təəssüf ki, həm hər bir vətəndaşımızın həyat və fəaliyyətinə, müəyyən dərəcədə sağlamlığına, həm də, bütövlükdə ölkəmizin iqtisadiyyatına mənfi təsir göstərmiş və göstərməkdədir. Yenə də, təəssüf ki, bu pandemiyanın nə vaxta qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Bu haqda həm kifayət qədər nikbin, həm də, bədbin proqnozlar vardır. Ancaq bunlar narahatlığa, xüsusilə də panikaya səbəb olmamalıdır. Ona qalib gələcəyimizə əminəm.Bu qələbənin tezliklə gəlməsi üçün tətbiq edilən karantin rejiminə ciddi əməl edilməlidir. İqtisadi geriləmələri sonradan aradan qaldırmaq mümkündür, bunun üçün Azərbaycanın kifayət qədər potensial imkanları vardır. İndi əsas məsələ insanlarımızın sağlamlığını qorumaqdır.
- Sizin fikrinizcə ölkəmizdə iqtisadi böhran nə vaxta qədər davam edə bilər və onun tezliklə aradan qaldırılması üçün nə etmək lazımdır?
- Koronavirus bir pandemiyadır, dünyanın bütün ölkələrini bürüyüb və o, ölkələrin hamısının iqtisadiyyatına mənfi təsir göstərməkdə, iqtisadi böhrana səbəb olmaqdadir. Ölkələri cənginə alan iqtisadi böhranın həm xarici, həm də daxili səbələri vardır. Xarici səbəblər dövlətlərin öz sərhədlərini bağlaması, iqtisadi əlaqələrin minimuma endirilməsi ilə bağlıdırsa, daxili səbəblər, əsasən, ölkə iqtisadiyyatının, onun xarici iqtisadi əlaqələrinin strukturu, beynəlxalq əmək bölgüsündəki xüsusi çəkisi ilə ilə bağlıdır. Azərbaycan dünya iqtisadiyyatının bir subyekti olduğundan və xarici iqtisadi əlaqələr kifayət qədər geniş olduğundan ölkəmizin iqtisadi böhrandan çıxma sürəti və tezliyi təbbidir ki, xarici iqtisadi tərəfdaşlarının böhrandan nə vaxt çıxacaqlarından da müəyyən dərəcədə asılı olacaqdır. Ancaq, böhrandan tezliklə çıxmağın əsas yolu ölkə iqtisadiyyatının inkişafı üçün əsaslı, real islahatların sürətlə, ləngimədən həyata keçirilməsi sayəsində mümkündür. Hələlik, təəssüf ki, ölkəmizin iqtisadi inkişafında neft amili aparıcı rol oynayır və yaxın gələcəkdə də belə olacağı gözləniləndir. Məhz xam neftin dünya bazarında satış qiymətinin aşağı düşməsi ölkəmizdə baş verən iqtisadi böhranın əsas səbəbidir. Mənim proqnozlarıma görə dünyada pandemiyanın mənfi təsirlərinin azalması meyli davam edərsə iyun-avqust aylarında neftin bir barrelinin satış qiyməti 30-40 dollar arasında manevr edəcək, sentyabr ayından artmağa başlayıb ilin sonuna 60 dollara çatacaqdır. Ancaq bu bir proqnozdur. Hesab edirəm ki, böhrandan tezliklə çıxmağın əsas yolu qeyri-neft sektorunun, xüsusilə də emal sənayesinin, sürətli inkişafına nail olmaqdan keçir. Bu məqsədə nail olmaq üçün sahibkarlığın inkişafı qarşısında, xüsusilə regionlarda, meydana çıxan süni əngəllikləri aradan qaldırmaq, sahibkarlıq fəaliyyətinə yerli icra strukturlarının əsassız müdaxilələrinə son qoymaq lazımdır. Sahibkarlıq fəaliyyətinin maliyyə təminatının yaxşılaşdırılması üçün bank kreditlərinin faizi əsaslı şəkildə (məsələn 10-12%-dək) azaldılmalıdır. Bunun üçün bank sektoru üzərində məmur sahibkarlığına, bu sektorda inhisarçılığa son qoyulmalı, xarici ölkələrin banklarının Azərbaycana gəlmələri üçün əlverişli hüquqi əsaslar yaradılmalıdır. Fikrimizcə, dünyada və ölkəmizdə yaranmış vəziyyəti nəzərə alaraq, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirlməsinə ehtiyac vardır. Bunun üçün kənd təsərrüfatı məhsullarının, xüsusilə taxılın, istehsalının artırılmasına xüsusi diqqət yetirilməli, kənd təsərrüfatı xammalı əsaında ərzaq məhsulları istehsal edən emal müəssisələrinin şəbəkəsinin, xüsusilə regionlarda, genişlədirilməsi diqqət mərkəzində olmalıdır. Hesab edirəm ki, qeyd edilən istiqamətlərdə tədbirlərin həyata keçirilməsi 2021-ci ilin əvvəllərində ölkəmizin iqtisadi böhrandan çıxmasına imkan verəcəkdir.
-Aprelin 29-da DTX-nin əməkdaşları Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevi həbs edib. Bu hadisəni ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davamı kimi baxmaq olarmı?
-Mahir Quliyev, qısa müddət ərzində, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma, vəzifə saxtakarlığı və s. maddələrlə həbs edilən 4-cü icra başçısıdır. Heç kim inkar etmir ki, Azərbaycanda korrupsiya, rüşvətxorluq halları geniş yayılıb. Bunun bir çox səbələri vardır. Əsas səbəblər kimi, qohumbazlığı, hakimiyyət orqanlarında, icra strukturlarında işləyənlərin mütləq əksəriyyətinin qohumluq əlaqələrinə malik olduqlarını, bir-birinə "söhkənərək" cəzasız qalacaqlarına bel bağlamalarını, məsuliyyət hissini itirdiklərini qeyd etmək olar. Hər şeydən göründüyü kimi artıq Prezident İlham Əliyev də bunun fərqindədir. Ona görə də, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, səhlənkarlıq, qohumbazlıq kimi halların aradan qaldırılması, heç olmasa minimuma endirilməsi üçün, əsasən, 2019-cu ildən etbarığən ölkəmizdə ciddi tədbirlərə start verilib. Bu günlərdə YAP icra katibinin müavini, millət vəkili S. Novruzov da qeyd edib ki: “Korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, eləcə də öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var. Həmçinin. bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, eləcə də yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır”. Hər şeydən göründüyü kimi, Azəraycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da davam edəcəkdir. Fikrimizcə, Azərbaycanın yeni Baş prokurorunun təyin edilməsi bu sahadə ciddi dönüş yaratmağa imkan verəcəkdir.
Ancaq, nəzərə almaq lazımdır ki, korrupsiya, rüşvətxorluq, səhlənkarlıq kimi neqativ hallar nəticədir. Bu kimi halların qarşısının alınması üçün onları doğuran səbəbləri aradan qaldırmaq lazımdır. Səbəbləri isə yuxarıda qeyd etdim...
Korrupsiya, rüvətxorluq bir bəladır. Bu bəlaya düçar olmamuş heç olmasa bir icra strukturunun olmasının özü də inandırıcı deyil. Ancaq ən acınacaqlı hal odur ki, həbs edilən icra başçıları işsiz insanlara verilməsi nəzərdə tutulan yardımları, müvəəqəti iş üçün nəzərdə tutulan vəsaitləri mənimsəyiblər Fikrimizcə, bu insanlığın ən son, aşağı həddidir!
-Azərbaycan siyasi mühitin demokratikləşdirilməsi istiqamətində 2019-cu ildən etbarən həyata keçirilən tədbirlərdə müəyyən dərəcədə səngimə müşahidə edilir. Sizcə bu nə ilə əlaqədardır?
-İndi Azərbaycanda iqtidarlı-müxalifətli hamının, xüsusilə iqtidarın, ilk növbədə bu hərəkatın təşəbbüskarı olan Prezidentin, başı koronavirus pandemiyası ilə mübarizəyə qarışıb. Hər şeydən göründüyü kimi, ölkəmizdə siyasi mühitin demokratikləşdirilməsi istiqamətində fəaliiyət gələcəkdə də davam edəcəkdir. Təbiidir ki, bu ilk növbədə iqtidardan asılıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib ki: "...hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir". Prezidentin bu mövqeyi ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin tezliklə sivil formaya kecəcəyinə əsaslı ümidlər verir. Biz, Təkamül Partiyası olaraq siyasətimizi həmişə bu istiqamətdə qurmuşuq və davam edəcəyik.
Sosial-iqtisadi sahələrdə son illərdə Azərbaycanda əldə edilən uğurlarla yanaşı, çatışmazlıqlar, səhvlər də vardır və heç kəs bunu inkar etmir. Təkamül Partiyası olaraq hesab edirik ki, müxalifətin əsas vəzifələrindən biri mövcud olan səhvləri, çatışmazlıqları, qanun pozuntularını aşkara çıxararaq obyektiv tənqid etməkdən, onların aradan qaldırılması üçün təkliflər verməkdən ibarət olmalıdır. Tənqidlər təhqir səviyyəsinə enməməlidir, qərəzsiz olmalıdır, qarşıdurmaya sövq etməməlidir.
Seçilmişlər
Ən çox oxunanlar