General: Diktə etmək vaxtı keçib, Türkiyə beynəlxalq aləmdə... - Açıqlama
Tarix: 23-02-2021 14:20
Bildiyimiz kimi, ABŞ-Türkiyə münasibətlərində uzun müddətdir gərginlik yaşanır. Bu gərginlik iki dövlət arasında olan siyasi-iqtisadi əlaqələri xeyli zəiflədib. Bəzi fikir ayrılıqlarını nəzərə almasaq,ciddi münasibətlər özünü yalnız NATO üzrə qoruyub saxlayıb. Yeni ABŞ prezidenti seçiləndən sonra Türkiyə ilə münasibətlərdə müsbət addımların atılacağı gözlənilirdi. Lakin gərginlik hələ də davam edir. Belə ki, ABŞ təlim adı ilə hərbi arsenalını Yunanıstanın Dədəağac limanına toplayır. Yunanıstan təlimlərdə limana gətirələcək 110 "Blək Havk" və 25 "Apaçi" hücum helikopteri, 10 "Çinuk" ağır nəqliyyat helikopteri və tanklar da daxil olmaqla, ümumilikdə 1800-dən çox hərbi texnikadan istifadə edə biləcək.
Həmişəki məcrasına qayıtmaq bilməyən ABŞ-Türkiyə münasibətlərinin hansı istiqamətdə davam edəcəyi ilə bağlı Xeberlent.az-a açıqlama verən hərbi-siyasi ekspert general Bağır Fətullayev bildirdi ki, ABŞ-Türkiyə - bu iki müttəfiq arasındakı tektonik dəyişklik “köhnə” və “yeni” imperiyaların dünya arenasına qayıtmasına sübutdur: “Son onilliklərdə Türkiyənin qüdrətinin artması və ABŞ-ın qüdrətinin zəifləməsinə işarə edən mühim faktlar var.
20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində Türkiyənin iqtisadiyyatı, hərbi gücü və dünyada siyasi nüfuzu artdı. Eyni vaxtda ABŞ-ın nüfuzdan düşməsini, iqtisadiyyatının zəifləməsini və siyasi təsirinin azalmasını göstərən hadisələr baş verdi. Ümumi böhran zamanı ölkələrin iqtisadi göstəricilərinin pisləşməsinə (dünya ÜDM-in düşməsinə, işsizliyə, sosial bərabərsizliyə, müharibələrə və s. ) baxmayaraq, türklərin bu şərtlərdə böyük hədəflərə çatmaq üçün heyrətamiz qabiliyyəti sayəsində Türkiyənin çəkisi dünyada günbəgün artır. Halbuki həmin vaxt dünyanın ən qüdrətli ölkəsi durğunluqdadır. Bu ilk növbədə onların ikitərəfli münasibətlərinə təsir göstərir.
Yeni F-35 qırıcılarının tədarükünü dayandırmaq təhdidlərinə baxmayaraq, Türkiyənin Rusiyanın yeni texnologiyaları əsasında hazırlanmış S-400 əldə edərək öz hərbi potensialını gücləndirmək cəhdi ABŞ-ı qəzəbləndirdi. Türk hərbi-sənaye kompleksi öz potensialını yaratmaqla yanaşı, “Bayraktar” tipli müasir hücum dronlarının, “Altay”tankları və digər silahların istehsalına da başladı.Bütün bunlar Türk Silahlı Qüvvələrinin NATO-da ən güclü (ABŞ-dan sonra) ikinci, AB dövlətləri arasında birinci olmasına gətirib çıxartdı.
Türkiyənin Qarabağ müharibəsindəki fəal iştirakı onun təkcə artan döyüş potensialını deyil, həm də “intellektual” silah istehsalında imkanlarını nümayiş etdirdi.
Eyni zamanda, ABŞ-ın xarici bazalar və ölkələrə "yayılmış" hərbi-sənaye kompleksinə və orduya (demək olar ki, 875 milyard dollar) sərf etdiyi böyük maliyyə resursları effektsiz bir investisiya oldu.
ABŞ-dakı son prezident seçkiləri, Demokratlar ilə Respublikaçılar arasındakı ölüm-dirim mübarizəsi Türkiyədəki siyasi vəziyyətin tam əksi oldu. Belə ki, idarəetmədə güclü və bəzən çox sərt olan (qarşısı alınmış müxalif qiyamlarını xatırlayaq) prezident Ərdoğan öz dövlətini onun dünyadakı nüfuzunu gücləndirmək üçün seçilmiş kurs üzrə aparır.
Və nəhayət, pantürkizm ideologiyası ölməyib. Türkiyə ilk növbədə türkdilli ölkələrdə nüfuzunu genişləndirir, bu isə böyük qücdür! Eyni zamanda, ABŞ AB ölkələrində və dünyada əvvəlki nüfuza malik deyildir. Bütün bunlar Türkiyənin ABŞ-ın peyki olmaması və müasir dünyada öz yolunu açıq bir vektor üzrə tutması üçün şərtdir.
Trampın Türkiyəni "yerində oturtmaq" cəhdləri heç bir yerə gətirib çıxarmadı. İndi yeni prezident Bayden sərt polemikanı dəyişdirməklə Ərdoğanı “bərabər addımlamaq” fikrinə inandırmağa cəhd edəcək. Ancaq ABŞ hərbi dəstək verməklə və Aralıq dənizində təhlükə yaratmaqla Yunanıstan və Kiprdəki dostlarına üstünlük verərsə, buna çətin nail ola. Təcili olaraq enerji qaynaqlarına ehtiyac duyan Türkiyə geri çəkilməyəcək, əksinə, hətta təzyiq altında olsa belə, strateji maraqlarını qoruyacaq.
Nəticədə onu görürük ki, dünyadakı güclər nisbəti ciddi şəkildə dəyişib. Türkiyə yüksəlir və kiminlə qarşılaşmasından asılı olmayaraq, potensialını reallaşdırmağa çəhd edir. ABŞ daxili və xarici siyasətindəki problemlərdə ciddi şəkildə dolaşıb və deməli eyni güclə Türkiyəyə təzyiq edə bilməyəcək. Bu isə o deməkdir ki, haradasa razılaşmaq və danışıqlar aparmaq lazımdır. Münasibətlərdə diktə etmək vaxtı keçib, Türkiyə beynəlxalq aləmdə güclü və ciddi bir oyunçuya çevrilib.
Müttəfiqin qarşısında silah"oynatmaq" isə tamamilə ədəbsizlikdir. Ümid edirəm, ABŞ-da da bunu anlayırlar”.
Bəhruz Salmanov
Seçilmişlər
Ən çox oxunanlar