Azərbaycanlı deputatdan Gürcüstan parlamentində etiraz - Video
Deputat Azər Süleymanov Gürcüstan parlamentində Axalkalakidə erməni terrorçu Mixail Avaqyana abidə ucaldılması ilə bağlı çıxış edib.
Parlamentin 2019-cu il 9-cu çağırış yaz sessiyasının ilk iclasında Vahid Milli Hərəkat partiyasının deputatı Azər Süleymanov Mixal Avaqiyanın büstü ilə bağlı etirazını səsləndirib.
O, çıxışında yanvarın 20-si dünya azərbaycanlılarının Hüzün Günü separatçıya Gürcüstan torpağında büstün qoyulmasını pisləyib və höküməti bununla bağlı ciddi addım atmağa çağırıb:
"Nəyə görə Gürcüstan torpağında əli yalın insanlara qarşı vuruşan, Xocalıda dinc insanları qətlə yetirən və Azərbaycan xalqının düşməni olan Mixail Avaqiyana büst qoyulub. Ən pisi də budur ki, büstün açılışında Gürcüstan dövlətinin deputatları, bələdiyyə sədri, meri və Ermənistanın ölkəmizdəki səfiri iştirak edib. Bu xalq arasında böyük bir narahatlıq və ajiotaj yaratdı. Cənab Kobaxidze, deputatlarınız orada iştirak edib. Mən sizdən bir cavab istəyirəm".
Deputat həmçinin çıxışı zamanı sözü gedən büstün sökülməsini tələb edib.
Parlamentin sədri İrakli Kobaxidze isə çıxışında bildirib ki, bu kimi halların iki ölkə arasındakı əlaqələrə, dostluğa zərər gətirməsini istəmir: "Düşünürəm ki, biz bu məsələ ilə bağlı iki ölkə arasında müzakirələr aparacağıq və imkan verməyəcəyik ki, mövcud olan möhkəm əlaqələrimizə mənfi təsir etsin".