Ekologiya postunda REYD: sürücülərə cərimə yazıldı, təşəkkür edildi
Tarix: 27-10-2023 20:53
Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü "Təmiz hava” aylığı çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.
Günpress.az xəbər verir ki, tədbir zamanı sürücülər saxlanılıb, onlara Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə həyata keçirdiyi "Təmiz hava” aylığı barədə məlumat verilib. Daha sonra xüsusi texniki avadanlıq vasitəsilə avtomobillərdə olan zərərli qazların miqdarı ölçülüb.
Sürücülərlə söhbət zamanı DYP əməkdaşları atmosferə buraxılan zərərli qazlar barədə məlumat verərək avtomobilin mühərrikini saz vəziyyətdə saxlamağın vacibliyini vurğulayıb.
Qeyd olunub ki, bu, həm ətraf mühitin, həm də insan sağlamlığının qorunması üçün vacibdir. Eyni zamanda, nəqliyyat vasitəsinin istismarı qaydalarına əməl edilməsidir ki, bu da sürücünün qanunla müəyyən edilmiş vəzifəsidir.
Tədbir zamanı bir sıra avtomobillərdə zərərli qazların miqdarı normalar çərçivəsində olub. Həmin sürücülərə təşəkkür ifadə edilib.
Normadan artıq zərərli qazlar ixrac edən avtomobillərin sürücülərinə isə İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin tələblərinə uyğun olaraq 50 manat məbləğində cərimə tətbiq edilib.
Xatırladaq ki, oktyabrın 10-dan, noyabrın 10-a qədər ölkə ərazisində "Təmiz hava” aylığı çərçivəsində tədbirlər keçirilir.
Seçilmişlər
Ən çox oxunanlar