Bir millətin məğrurluq günü
Tarix: 27-09-2022 12:34
"Bizim buralarda Allah yolunda kəsilən qurbanların başına xına çəkərlər. Həm də ən gözəl qoçu seçib Allaha qurban edərlər. Mən də səni dörd qardaşının içində ən çox sevdiyim, ən gözəl bilidiyim üçün Vətən, Millət, Allah yolunda qurban seçmişəm. Bu yolda olan qurbanların başına xına çəkərlər, o üzdən mən də sənin başına xına çəkdim".
Bu sözlər Çanaqqala savaşında şəhid olan "Kınalı Hasan" kimi tarixə düşən bir igidin anasının məktubundan seçmədir. Osmanlıda bəzi yerlərdə əsgərə yola salınan oğlanların əlinə, ayağına xına çəkmək adəti varmış. Çanaqqala savaşına gələn Hasanın isə başına xına çəkildiyini görən komutan bunun səbəbini sorubmuş. Hasan da anasına məktub yazıb sual edib. Əsgərin anasının məktubuna cavabı gələndə artıq Hasan şəhid olmuşdu. Komutan Hasanın anasının məktubunu oxuyub hönkür-hönkür ağlayır...
Qara torpağı müqəddəs edən şəhid qanıdırsa, o şəhidləri doğan belə analar da qəhrəmandır. Vətənə havayı yerdən Ana Vətən demirlər ki...
Bunu xatırlatmağımın səbəbi var. Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 2 il ötür. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.
Azərbaycan tarixində kədərli, iztirablı, faciəli günlər çoxdur. Çünki başımıza çox müsibətlər gəlib, tarix boyu saysız itkilərimiz olub. Amma artıq ağlamaq, sızlamaq zamanı deyil. Biz niyə ağlayırıq? İgid oğullarımızı itirdiyimiz üçün. Doğrudur, od düşdüyü yeri, evi, ailəni daha çox yandırır. Lakin elə dərdlər, elə itkilər var ki, o bir evi, bir ailəni, deyil, bütün milləti ağrıdır, sarsıdır. Hər şəhid xəbəri gələndə adamın içi titrəyir.
Mən şəhid xəbəri gələn evin uşağı olmuşam, o acını yaşayaraq böyümüşəm. Lakin hər zaman içimdə bir təsəlli olub. İnanmışam ki, bu ölüm, o ölümlərdən deyil. Bu itki adi itki deyil. Bu itkini dözümlə, mətnliklə qarşılamaq lazımdır. Niyə? Çünki atan ölməyib şəhid olub. Çünki atası şəhid olanlar heç vaxt demirlər ki, atam yoxdu, rəhmətə gedib. Mən hər zaman hesab eləmişəm ki, atam yanımdadır, nə zamansa səsimə səs verəcək. Məncə, bu, ifadə olunması çətin olan ilahi bir şeydir.
27 sentyabr anım günüdür. Dövlətimiz belə qərar verib, qəbulumuzdur. Amma məncə, bu günü faciə günü kimi keçirmək lazım deyil. Bəli, itkilərimiz böyükdür, dərdimiz ağırdır, amma...
Biz uzun illərdir ki, qələbəyə tamarzı olan bir millətik. Bu qələbənin qarşılığında itkilərimizi də ötkəmliklə qəbul eləməliyik. Heç kim mənə şəhid verən ata-anaların, ailələrin, uşaqların fəryadı-faciəsindən danışmasın. Onları məndən yaxşı duymanız çətin məsələdir. 40 yaşım var indi də şəhidlər xiyabanında ata məzarının önündə olanda qırıqlığımı, içimdəki əskikliyi hiss edirəm. Hər kəs bir gün ölümü dadacaq, amma hamıya şəhidlik qismət olmayacaq. Bu, bizim təsəllimizdir.
27 sentyabrı Anım Günü kimi qeyd edək, lakin itirdiyimiz qəhrəmanları, şəhid oğulları xatırlayaq, amma bunu faciə kimi qəbul etməyək. Onlar bizlərin millət, dövlət olaraq başımız dik, alnımız açıq gəzməyimiz üçün şəhid olublar. Onlar uca zirvədədirlər. Zirvəyə baxmaq üçün ayaqüstə, başıdik olmaq lazımdır.
Biz artıq belibükük, gözüyaşlı millət deyilk. Ağlasaq da için-için ağlamalı, amma qalib xalq kimi dik, məğrur dayanmalıyıq.
Zaur Əhməd
Seçilmişlər
Ən çox oxunanlar