Əsgəri ilə səngərdə dayanan general
Tarix: 04-11-2014 15:34
Bu gün dünyada peşəkar ordunun gücü onun mükəmməl silahları və ya müasir texnoloji imkanlardan yararlanması ilə ölçülmür. Əslində, peşəkar və qalibiyyət yüklü ordu o orduya deyilir ki, bu hərbi birləşmənin əsgər və zabit heyətinin döyüş ruhu, mənəvi inam qabiliyyəti yüksək olsun.
Məhz, bu kriteriyalı ordulara bu gün rast gəlmək o qədər də asan olmur və bunun da kökündə ordu-cəmiyyət münasibətlərinin düzgün qurulmaması və ordunun şəxsi heyətinə, əsgərlərinə olan münasibətlə bağlıdır. Bir ordunun əsgəri normasında qidalanmırsa, yaxşı geyimlə təchiz olunmursa, əsgərə mənəvi dayaq, zabit qayğıkeşliyi göstərilmirsə, o əsgərə ən müasir silah belə versən, heç bir uğurdan söhbət gedə bilməz. Bir il öncə general-polkovnik Zakir Həsənov Azərbaycanın Müdafiə Naziri təyin olunanda bütün diqqət ona yönəlmişdi ki, generalın ordu sistemində ilk islahatları nədən ibarət olacaq? Peşəkar zabit, bir nazir kimi Zakir Həsənov elə gözlənilənləri, peşəkar ordu quruculuğu üçün şərt olan məqamları gündəmə gətirməklə bütün gözləntiləri doğrulda bildi. Zakir Həsənov ilk növbədə sübut etdi ki, nazir, general hər zaman öz əsgərinin yanında ola bilər və bunu etdi. 1 il ərzində general-polkovnik dəfələrlə cəbhə bölgəsinə getdi və Azərbaycan generalı kabinet generalı yox, cəbhə generalı ola bilər reallığını sübut edə bildi.
Genaral Azərbaycan əsgərinə hər zaman yanlarında olacağını göstərdi, əsgərin geyimindən tutmuş, qidalanmasına qədər hər bir məqama xüsusi diqqətlə yanaşdı və real nəticələr də əldə olundu. Belə ki, keyfiyyətsiz ərzaq məhsullarının qəbul olunmasının qarşısının alınması məqsədilə ərzaqların müəssisələr tərəfindən birbaşa hərbi hissələrə təhvil verilməsi qadağan edildi. Hazırda müəssisələr tərəfindən təhvil verilən ərzaq məhsullarının keyfiyyəti Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası tərəfindən yoxlanıldıqdan sonra mərkəzi ərzaq anbarına qəbul olunur və şəxsi heyətin təminatı üçün mərkəzləşdirilmiş qaydada hərbi hissələrə paylanılır. Ərzaq məhsullarının keyfiyyətinin yüksək səviyyədə yoxlanılması məqsədilə yeni laboratoriya binasının inşa edilməsi və müasir avadanlığın alınması nəzərdə tutulub. Hərbi hissələrdə şəxsi heyətə keyfiyyətli, dadlı yeməklərin hazırlanması üçün peşəkar mülki aşpazların işə qəbul edilməsi həyata keçirilmiş və yeni müasir yeməkxana avadanlığının alınması üzrə işlər görülüb. Həmçinin hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq göstəriş verilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin qida təminatının yaxşılaşdırılması ilə bağlı tapşırığından sonra ilk olaraq Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində milli menyuya keçilib. Artıq Silahlı Qüvvələrin hərbi hospitalları və stasionar tibb məntəqələrində bu proses yekunlaşıb. Hərbi hospitalların menyusunda dolma, küftə, plov və digər milli yeməklər var. Bununla yanaşı, menyuda bəzi dietik qidalar da qalır. Bu da şəxsi heyətin sağlamlığı nöqteyi-nəzərindən vacibdir. Hərbi hissələrdə də milli menyuya keçid prosesi gedir.
Onu da qeyd edək ki, hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir. Hərbi hissələrin yeməkxanalarında aşpazların, yeməkxana və mətbəx işçilərinin, qabyuyanların mülki işçilərlə əvəz olunması hazırlanan yeməklərin və görülən işlərin keyfiyyətinə öz müsbət təsirini göstərib. Hərbi hissələr yeməkxana-mətbəx avadanlıqları, o cümlədən, ət çəkən, tərəvəzdoğrayan və kartoftəmizləyən maşınlar, elektrik tavaları, elektrik və qaz plitələri ilə təmin edilib və hazırda yeməkxanalarda keyfiyyətli milli yeməklərin bişirilməsinə diqqət daha da artırılıb. Lakin ərazi relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində yerləşən və uzunmüddətli ərzaq tədarükü edilən hərbi hissələrin şəxsi heyəti üçün stasionar şəraitdəki kimi milli yeməklərin hazırlanmasında bəzi çətinliklər yaranır. Bu səbəbdən də qeyd edilən şəraitdə xidmət edən şəxsi heyətin konservləşdirilmiş milli yeməklərlə təmin edilməsi planlaşdırılaraq həyata keçirilir.
Belə ki, artıq ilk olaraq bir nəfər üçün 1 porsiyası 500-550 qramlıq tərəvəzli, yarmalı və tərəvəzli-yarmalı ət və sous şorbaları və 360-380 qramlıq badımcan, bibər, pomidor, kələm və qarışıq dolmalar hazırlanıb. Bununla da, qısa bir müdətdə qeyri-stasionar şəraitdə yerləşən şəxsi heyətin gücləndirilmiş kalorili hazır və keyfiyyətli milli yeməklərlə təmin edilməsi məsələsi öz həllini tapıb.
Bundan əlavə, ərazi relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində, həmçinin içməli su mənbəyi olmayan yerlərdə xidmət edən, eləcə də döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuların fıziki sağlamlığının qorunması məqsədilə gün ərzində bir nəfər üçün yeməklərin hazırlanmasına 2,5 lt, içmək üçün yay mövsümündə 2 lt, qış mövsümündə isə 1 lt qablaşdırılmış su verilir.
Qeyd edək ki, Silahlı Qüvvələrin hərbi qulluqçularının səhra şəraitində quru ərzaq payı dəsti çeşidinin və qida rasionunun enerji dəyərinin artırılması məqsədi ilə Nazirlər Kabinetinin müvafiq qərarı və Müdafiə nazirinin əmri ilə ərzaq payı normalarına 150 qr. ciyər paşteti və 100 qr. qatılaşdırılmış şəkərli süd əlavə edilib. Bununla da quru ərzaq payının ümumi enerji dəyəri 3236 kkal-dən 4000 kkal-dək artırılıb.
Onu da unutmayaq ki, Müdafiə Nazirliyinin Maddi Texniki Təminat (MTT) Baş İdarəsinin əsaslı təmir edilmiş inzibati binasının açılışı da Z.Həsənovun vəzifəyə gəlişindən sonra reallaşıb. Belə ki, bu ilin əvvəlində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov sözügedən binanın açılış mərasimində iştirak ediblər. Müdafiə Nazirliyinin rəhbərliyi binada yerləşən idarə, şöbə, xidmət və bölmələrin xidməti, texniki və təminat otaqlarındakı vəziyyətlə tanış olub, şəxsi heyətin iş yerlərindəki şəraitini öyrənib. Maddi Texniki Təminat (MTT) Baş İdarəsinin rəisi general-mayor Qorxmaz Qarayev məlumat verib ki, sahəsi 3 hektar ərazini əhatə edən inzibati binanın təmirinə 2013-cü ilin noyabr ayında başlanılıb. Ümumi sahəsi 3090 kv.m olan bina 3 mərtəbədən və zirzəmidən ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Təmir işləri çərçivəsində burada qazanxana inşa edilib və bina mərkəzləşdirilmiş istilik sistemi qurulub. Bundan əlavə ərazidə müasir tələblərə cavab verən yeməkxana da istifadəyə verilib. Müdafiə naziri hərbi hissələrin ərzaq, əşya-əmlak təminatına nəzarətin gücləndirilməsi, silah-sursatla təchizatı, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verib. Ötən dövr ərzində nazirin bu tapşırığından irəli gələrək. lazımi addımlar atılıb.
Beləliklə hər zaman səngərdə əsgərləri ilə çiyin-çiyinə durmağı bacaran general-polkovnik bir nazir kimi də nümunəyə çevrildi. Ali Baş Komandanımızın əmrlərini kabinetlərdə yox, elə səngərlərdəcə yerinə yetirməyi bacardı. Ali Baş Komandan, Prezident İlham Əliyevin də ən həssas məqamlarda cəbhə bölgəsinə getməsi Azərbaycan ordusunun hər bir kəsində olan inamı daha da gücləndirdi. Beləliklə bu gün fəxrlə deyə bilərik ki, hər bir əsgər həyatına olan xüsusi diqqət, əsgərin özünü bu vətənin bir qoruyucusu, bir daşı , bir səngəri olaraq hiss etməsi bütövlükdə Azərbaycan ordusunun qələbəyə olan inamını, döyüş ruhunu daha da gücləndirdi. Azərbaycan ordusu Ali Baş Komandanımızın dediyi kimi bu gün regionda ən güclü ordu olmağa layiqdir və bu güc var.
Seçilmişlər
Ən çox oxunanlar