Arif Əsgərovun var-dövləti haqda yeni faktlar: Londonda mal-mülk, ərəbə verilən milyonlar...
Tarix: 21-02-2019 12:17
"Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun və oğlanlarının Avropadakı şirkətləri haqda yeni məlumatlar yayılıb.
Əvvəlki məlumatlardan belə aydın olurdu ki, Slovakiyada Arif Əsgərov, oğlanları Elnar və Ürfan Əsgərovların biznesi olub. 2007-ci il iyulun 13-də Bakı şəhəri, Cəfər Xəndan küçəsi 10 ünvanında qeydiyyatda olan Ürfan Əsgərov Bratislava sakini Elçin Qasımov və Bakı şəhəri, Mirqasımov 2 ünvanında qeydiyyatda olan Elvin Süleymanovla birlikdə "ELUREL TRANS S.R.O.” şirkətini qeydiyyatdan keçiriblər. Həmin vaxtlar Arif Əsgərov Azərbaycan Dövlət Dəmir Yolunun rəisi idi. Slovakiyanın qərbindəki Bratislava şəhərində Elnar və Ürfan Əsgərovların şirkətləri var.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır ki, şirkətin nizamnamə kapitalı Slovakiyanın o zamankı pulu ilə 200 min kron (6639 avro) təşkil edib. Qeydiyyat nömrəsi: 36804576. Qeydiyyat ünvanı: Pezinska 185, 902 01 Vinosady. Jurnalistin paylaşdığı son məlumatlarda isə Arif Əsgərovun şirkətlərinin vəzifəsindən gedəndən sonra kimlərin adına rəsmiləşdirilməsindən söhbət açılır.
Sitat: "Arif Əsgərovun oğlanlarının Slovakiyada adına açdığı ”Elurel Trans S.R.O." şirkəti (Qeydiyyat nömrəsi: 36804576. Qeydiyyat ünvanı: Pezinska 185, 902 01 Vinosady) barədə məlumat vermişdim. Qeyd etmişdim ki, bu şirkət Arif Əsgərov vəzifədən gedənə qədər onun nəzarətində olub, lakin Nəqliyyat Nazirliyi ləğv olunandan sonra əlindən alınıb. Şirkət əvvəlcə Azərbaycanın Bratislavadakı fəxri konsulu Cəlal Qasımovun və xanımının adına keçirilir, 2018-ci il aprelin 4-dən isə Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun adına rəsmiləşdirilir. Şirkət faktiki olaraq bir dəmiryolçudan başqa dəmiryolçuya keçir. Fəxri konsul isə Hicran Valehovun şəriki olur. Sənədlərə görə cənab Valehovun Slovakiyadakı qeydiyyat ünvanı belədir: Javorova 5803/8, Pezinok 902 01.
Hicran Valehovun biznesi Slovakiya ilə məhdudlaşmır. Onun Çexiyada da geniş biznesi var. Çexiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş CETS, s.r.o. şirkətinin sənədlərinə görə 5 iyun 1968-ci il təvəllüdlü, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şadlınski küçəsi ev 26-da qeydiyyatda olan Hicran Valehov 13 iyun 2017-ci ildən bəri şirkətin iki təsisçisindən biridir. Şirkətin digər həmtəsisçisi isə Alliance-group şirkətidir.
200 min çex kronu nizamnamə kapitalı olan CETS, s.r.o. hələ 2009-cu ildə Praqada qeydiyyata alınıb (şəhadətnamə nömrəsi C 158021). 2017-ci ildə şirkət çex sahibləri (Frantisek Dana, Jiri Broz və Jan Hrazdira) tərəfindən Hicran Valehova satılıb və həmin tarixdən yeni ünvanda (Petrohradska 216/3, Vrsovice, 10100 Praha 10) fəaliyyət göstərməyə başlayıb.
Nizamnaməyə görə, istehsal, ticarət və xidmət sahəsində istənilən xidmət növü ilə məşğul ola bilər. Şirkəti hazırda Praqada yaşayan 1973-cü il təvəllüdlü Aydın Süleymanlı idarə edir. Aydın Süleymanlı eyni zamanda "Alliance-group.eu, Spol. s r.o” şirkətinin həmtəsisçidir. Bu şirkət də faktiki olaraq Hicran Valehova aiddir. Belə ki, 200 min kron nizamnamə kapitalı olan şirkətin digər həmtəsisçisi Hicran Valehovun qardaşı, Bakı şəhəri Yeni Günəşli qəsəbəsində qeydiyyatda olan, 1972-ci il təvəllüdlü Məhəmməd Valehovdur. Şirkət 14 dekabr 2009-cu ildə Aydın və Aynur Süleymanlıların adına qeydiyyatdan keçirilib. (Şəhadətnamə nömrəsi: C 159637) "Alliance-group.eu, spol. s r.o” daşınmaz əmlak, mənzil və qeyri-yaşayış sahələrinin alışı, kirayəsi ilə məşğuldur.
Rahib Hüseynov
2016-cı il noyabrın 11-dən şirkətin Aynur Süleymanlıya aid 50 faiz hissəsi Məhəmməd Valehovun adına rəsmiləşdirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Arif Əsgərovun yaxın qohumu Rahib Hüseynovun cinayət işi Bakı Apelyasiya Məhkəməsinə daxil olub. Rahib Hüseynov Arif Əsgərovun baldızının oğludur. O, dələduzluqla külli miqdarda pulu ələ keçirməkdə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilib. Rahib Hüseynov məhkəmədə dönə-dönə vurğulayıb ki, o, yalnız xalası oğlu, Arif Əsgərovun oğlu Elnar Əsgərovun müxtəlif vəzifəli şəxslərdən aldığı pulların qeydiyyatını aparıb.
Rahib Hüseynov ittiham üzrə özünü təqsirli bilməyib, deyib ki, həmin pulların mənimsənilməsində rolu olmayıb. Pullar Elnar Əsgərovdadır.
Hüseynovun valideynləri Lətifə və İsmayıl Hüseynovlar bu məsələ ilə bağlı "Yeni Müsavat”a geniş açıqlama veriblər. Həmin açıqlamalarında Elnar Əsgərovun topladığı pulları xaricə qaçırdığını demişdilər. Yayılan son məlumatları Hüseynovların söylədiklərinin təsdiqi hesab etmək olar. Hüseynovlar bildiriblər ki, Əsgərovların Böyük Britaniya paytaxtında da mal-mülkləri var.
Deyirlər ki, Elnar Əsgərov Londonda dəbdəbəli mülkə sahib olub. Joram Drean adlı ərəb mənşəli şəxsi özünün əvəzindən imtahana keçirəndən sonra qalmaqal ortaya çıxdı. O vaxt Elnar qaçıb Bakıya gəldi. Onun ardınca həmin ərəb də Bakıya gəlmişdi. Onun oğlu Elnar İngiltərədə oxuyanda nə oyunlar açıbsa, bu gün də həmin oyunların başqa formasını davam etdirir. O vaxt ərəbi özünün yerinə imtahana salmışdı. 2 milyon pul verib qurtardılar. O vaxt 2 milyonu ödəyəndə Arif Əsgərovun xəbəri yox idi. Ərəbə pul verib yola saldılar. Həmin gündən Elnarın Londona yolu bağlanmışdı, getmirdi ki, onu orada həbs edərlər.
Mənbə: "Yeni Müsavat"
Seçilmişlər
Ən çox oxunanlar