Adını tarixə qanla yazanlar
Tarix: 17-07-2020 14:19
Azərbaycanın şəhid olmuş yüksək rütbəli zabitləri – general mayor Polad Həşimov və polkovnik-leytenant Raquf Orucov… Bu iki zabit Azərbaycan Ordusunun əfsanəvi nümayəndələri olublar. Həm Azərbaycan zabiti adına, həm də Azərbaycan kişisi adına şərəf gətirən şəxslər olublar. Yaxşı, bəs biz bu adamları nə zaman tanımışıq? Mənim Raquf Orucovla tanışlığımız olub. Adamla yarım saat söhbətim ona ruhən bağlanmağıma kifayət edib. Amma mən həyatımın ciddi səhvlərindən birini edərək onunla görüşdən sonra nəsə yazmadım. Bəlkə də özünün reaksiyasını bildiyim üçün bunu eləmədim. Çünki o, özü barəsində nəsə müsbət şey deyilməsindən xoşlanmazdı. Ruhən bağlı olduğu vətəni işğaldaydı…
Deyirdi ki, Qarabağ azad olunmayana qədər biz bir iş görmüş sayılmırıq. Yenə də nəsə borclu sayıram özümü. Zamanında Raquf Orucovu böyük ictimaiyyətə tanıtmaq üçün nəsə eləmədiyim üçün günahkaram. Yəqin ki, Raquf bunu mənə bağışlayar. Ən azından indi qonşu olduğu atama görə bağışlayar…
Gələk, general-mayor Polad Həşimova. Qos-qoca general şəhid olur səngərdə. Bu faktın nə olduğunu anlayırsınız da. İllərlə kabinetdə ulduzlarını parıldadan generallardan olmayıb eee. Səngər zabiti olub. Onun barəsində bu iki-üç gündə nələr eşitmədik, nələr danışılmadı. Zabit şərəfini layiqincə daşıyasan, üstəlik adam kimi adam olasan. Əsgərə ata, böyük qardaş olmaq elə də asan deyil. Onu tanıyan kim varsa, danışanda gözləri dolur, ürəyi parçalanır. Adamın heç inanmağı gəlmir ki, belə bir adam general rütbəsinə qədər necə gəlib çıxıb. Axı, bizdə belə adamları geri itələmək, önünü kəsmək həmişə dəb olub. O qədər gözügötürməyən adam var ki. Polad dişi ilə, dırnağı ilə o rütbəni qazanıb, amma yenə də səngərdən çıxmayıb. Adam səngər adamı idi, kabinet generalı yox, döyüş, səngər generalı idi. Elə döyüşdə, səngərdəcə canını sevdiyi vətəninə fəda etdi.
Bəs biz bu adamları niyə sağikən tanımadıq, tanıtmadıq? Axı, onlar diriykən də qəhrəman idilər. Deyəsən, biz diri qəhrəman sevmirik. Yaxud da adamı öləndən sonra urvata mindiririk. Azərbaycan Ordusunun mənim üçün göz bəbəyi sayılan bu iki zabiti öz yaşamaqları ilə də, ölməkləri ilə də tarix yazıblar. Biri var tarixi kiməsə mürəkkəblə yazdırasan, biri də var tarixi qanınla özün yazasan.
ŞƏHİDLƏR adlarını tarixə öz qanları ilə yazanlardır.
Bizi bağışla cənab general, bizi bağışla cənab polkovnik. Siz bu Vətənə layiq oldunuz, amma hələlik biz sizə layiq deyilik. İnşallah qisasınızı alıb, Sizə layiq olarıq!!!
Zaur Əhməd
Seçilmişlər
Ən çox oxunanlar